Xəbər lenti

Bu gün Özbəkistanlı şair-tərcüməçi ŞƏHLA QASIMOVAnın doğum günüdür. Ovqat.com və Azərbaycandakı qələm dostları Şəhla xanımı ürəkdən təbrik edir. 


Azərbaycan Qələbə qazandı! - xəbərini eşidəndə… 


Cəfakeş Azərbaycan torpağında bayram...

 Otuz illik arzu yetişdi bu gün, 

Bu qələbə hamıya çox baha başa gəldi 

Növcavan igidlər, gözəl qızlar qanı ilə, 

Gəncəli, bərdəli nənələrin, babaların,

günahsız körpələrin canı ilə, 

Bakı hadisələrindən bəri qəm-qüssə rəmzi olan, 

Qəbirlər üstündə əbədi alovtək yanan 

Qırmızı qərənfillərlə gəldi bu qələbə. 

Qanlı göz yaşları ürəyinə axan oğlunun tabutunu 

başı üzərinə qaldıran şəhid anası, 

ərini son mənzilə çiynində yola salan şəhidin ömür yoldaşı,

atam! – deyə çığıra-çığıra qalan balanın məyus baxışı ilə, 

əkiz oğullarını bir gündə torpağa basdıran ananın ahı ilə, 

qaçqınlıq, köçkünlük, dərbədərlik əzabından bezar, 

dəyərli qapısının açarını qoruyan, bir gün qayıtmağa ümidvar, 

şuşalı, füzulili, laçınlı, cəbrayıllıların duası ilə, 

yağı tapdayan yerlərin iniltili sədası ilə, 

Vətən sözündən qəlbi riqqətə gələn, 

Xocalı deyəndə bağrı deşilən, 

düşmən əlində diri-diri dərisi soyunanların dadı, 

bir gecədə xanimanından ayrı düşənlərin, 

gecə boyu ayaqyalın qarlardan keçib 

can saxlyanların fəryadı dağlarda vəhşicəsinə, 

işgəncələrlə öldürülənlərin, 

Şəhidlər xiyabanında əbədi mənzil tapan 

Çingizlərin, İlhamların, Fərizələrin ruhunu şad edib, 

Hiyləgər düşmən planlarını bərbad edib,

 “Qarabağ Azərbaycandır!” nidası ilə

 İnsanların Allaha duası ilə gəldi bu Qələbə...

İşğaldan azad olan yerlərdəki 

təhqir edilmiş məscidlərdən yenidən ucalan

 “Allahu əkbər!” azan sədası ilə 

Sevinclə dolan könüllərin 

göyə qanadlanması ilə gəldi bu Qələbə...

Dost olanlar, dindaş, qardaş və qandaşlar,

Qələbəniz mübarək! 

Bu böyük, misli-bərabəri olmayan 

Qələbəni qoruyun, 

Onu başa tac bilin, yüksək tutun. 

Qəhrəman şəhidləri unutmayın, yadda saxlayın,

Quran ayələri ilə xatırlayın,

Qapılarını unutmayın, 

gedib ürək-dirək verin, kömək eləyin…

                                       2020-ci il, noyabr

 

Məcburi köçkünlər, qaçqınlar üçün inşa edilən 

Cocuq Mərcanlı qəsəbəsində könlümdən keçənlər:

 

Qəlbindən tükənməz azərbaycanlının 

Uzun illər boyu ağrılı yara. 

Torpaq parça-parça, viranə hər yan,

 İnsanlar dərbədər, yazıq, biçara.

 

Sızlayır yağı ayağın altında torpaq, 

Anaların ahı tutar dünyanı. 

Nə qədər gözləsin Şuşa, Qarabağ... 

Varmı bu dərdlərin sonu, bəs hanı?! 

 

Cocuq Mərcanlıya yol aldıq – belə, 

Evlər, məktəb, bağça – hamısı yeni. 

Amma ata yurdu səsləyir hələ 

Sönük baxışlarda var hüzn rəngi. 

 

Dindaşım, qardaşım, qandaşım, dostlar,

Gözlərinizdə gördüm nalə, ələmi. 

Belə baxışlardan dözümüm sınar, 

Var ikən unutmam bu dərdli dəmi. 

 

Çəkdi diqqətimi bir məyus uşaq, 

Dedim: “Yaxına gəl, de, nədir arzun?” 

Sözləri yaddaşa möhür vururaq –

 “Yurda sülh istərəm, çörək bol olsun!” 

 

Yaşıdları kimi demədi ancaq,

Olacam kosmonavt, müəllim, memar.

Yaşından çox erkən böyümüş uşaq, 

Sadə arzusunda böyük məna var.

 

Bala can, ürəkdən dilərəm sənə, 

Kiçik qəlbin dinclik, sevinclə dolsun!

Yetiş bütün ümid, arzularına,

Çörəyin, torpağın tam, bütöv olsun! 

 

 

2017-ci il, iyul Azərbaycanda Vətən

 üçün döyüşlərdə şəhid olanların xatirəsinə 

 

Üçrəngli bayrağa büründü tabut, 

Ah çəkib diz çökdü mat qalmış ana. 

Vətən deyə daha bir oğul şəhid, 

Daha bir ev-ocaq indi qəmxana. 

 

Otuz il... Qəlbləri doğradı hicran, 

Otuz il durmadı matəm karvanı. 

Balam! - deyə bağrı qan Azərbaycan, 

Torpağı suvarır şəhidlər qanı. 

 

Dağılmış Füzuli, Şuşa, Zəngilan, 

Dinməz dul gəlinlər, yetimlər dadı. 

Cəbrayılla Laçın, Xankəndi viran, 

Qəlbdə əks-səda yerin fəryadı. 

 

Səbirlər tükəndi, yurda and içib, 

Hücumda yağıya vermədin aman. 

Ər kimi döyüşdün canından keçib, 

Cəsarətin oldu aləmdə dastan. 

 

Hayqırdın: “Qarabağ Azərbaycandır! 

Vətənim torpağı olar tam, bütün!” 

Bu yolda can verən mərd, qəhrəmandır, 

Sən ana torpağa çevrildin bu gün. 

 

Bir bax səmalardan qardaşım, oğlum, 

Yurdunda Qələbə, ruhun şad olsun! 

Ey qəhrəman oğul, sənə yad ölüm, 

Adın dildə ölməz bir həyat olsun! 

 

***

Şirin arzumu bu, diləkmi, nədir?

Görmək istəyirəm Bakı şəhrini.

O mənim qəlbimdə, ürəyimdədir,

Gözümlə görəydim gözəl sehrini.

 

Dəniz sahilində qayğısız gəzib,

Bakı günəşindən doya biləydim.

Şəhidlər yuxusun pozmadan, asta

Qurandan kəlmələr oxuya idim. 

 

Dostların üzünə həsrətəm çoxdan,

Tanış ləhcələrə çoxdan həsrətəm.

Həmsöhbət olaraq çay içdiyim an

Ömrümün bəhrəsi olacaqdır həm.

 

Görməmişdən sevdim böyük Bakını,

Daşkəndtək qucağı isti, heyranam.

Atam zənn edirəm mən indi onu,

Çünki Şərq məşəli, Daşkəndim – anam...

 

NƏVƏM SƏİDƏ ÜÇÜN

 

Yavaşca, astadan tərpənir beşik, 

Dincini almaqda mavigöz mələk.

Elə sevinirəm, yox bu dünyada,

Məndə olan qədər bəxtiyar ürək.

 

Əriyin özündən toxumu şirin -

Mən indi anladım, bu doğru deyim.

Balam balasının öpdüm tellərin,

Ulu Yaradana şükürlər etdim.     

 

İlahi, şükürlər, and olsun Sənə,

Elədin qadınlıq bəxtimi bütün.

Ömrümə bəxş etdin yeni bir məna,

Yenə oxuyuram laylalar bu gün.

 

Körpənin ətrini duysun gəlinlər,

Laylalar oxumaq nəsibi olsun.

Onlar da ağ beşik qoy yelləsinlər,

Dünyada hər tərəf laylayla dolsun.

 

Yavaşca, astadan tərpənir beşik,

Dincini almaqda mavigöz mələk.

Elə sevinirəm, yox bu dünyada,

Məndə olan qədər bəxtiyar ürək...

  




Ana səhifəyə qayıt        Baxış: 2 275          Tarix: 19-02-2024, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma