Xəbər lenti




 Mən Şərurda yazıb-yaradan söz adamlarını-şairləri ilk öncə rayon qəzetinin
 səhifələrindən daha sonra isə “Şərur qönçələri” ədəbi dərnəyinə ayaq basdığım bir
 gündən şəxsən tanımışam. İbrahim Yusifoğlu kimi şair qardaşımı da eynilə... Təkcə
 tanımaqla kifayətlənməmişəm, söz-söz, misra-misra, bənd-bənd, şeir-şeir sevmişəm.
 Axı o illər keçdikcə bir əyalətdə yaşayıb –yaratsa da, ilhamı və istedadı ilə
 respublikamızda geniş tanınmış və bütöv Azərbaycanın şairi olmaq şərəfinə nail
 olmuşdur.
 İbrahim Yusifoğlu Naxçıvan ədəbi mühitinin yetirməsi olsa da, öz dəsti-xətti ilə,
 poetik söz tutumu ilə müasir Azərbaycan ədəbiyyatında özünə məxsus yer, mövqe
 qazanan şairlərimizdən biridir. O taylı-bu taylı Azərbaycanımızın söz yükünü
 çiyinlərində şərəflə daşıyaraq, könüllər fatehinə çevrilmişdir.
 Mənim nəyim vardı, kənd uşağıydım,
 Gəzərdim kədərsiz, dolaşardım şən.
 Elə ki, boy atıb səni tanıdım,
 Dərdlərin belimi əydi, ay Vətən!
 Şair vətəndaşlıq yanğısı ilə xalqının keşməkeşli tarixinin ağrı-acılarını öz şeirlərində
 kövrək hisslərlə, poetik bir biçimdə əks etdirməklə xalqına nə qədər bağlı olduğunu
 təcəssüm etdirir.
 Tanrım, dəniz verdin, çayını verdin.
 Mavi səmasını, ayını verdin.
 Güllü baharını, yayını verdin,
 Bu xalqın bəxtini niyə vermədin.
 Doğulduğu torpağın tarixi keçmişini dərindən öyrənməklə, bu torpaqda
 babalarımızın bizə miras qoyduğu qalaları-möhtəşəm məbədlərini də şeirlərində böyük
 bir ülfətlə vəsf edir.
 Ürəkdə qan coşar, ilham çağlayar,
 Bu qədim qalanı seyrə gəlincə.
 Hər kəsi özünə qəlbən bağlayar,
 Qürur mənbəyimiz məğrur Əlincə.
 Tanınmış folklorşünas, akademik Muxtar Kazımoğlu vaxtı ilə (bu gün otuz iki
 kitabın müəllifi olan) İbrahim Yusifoğlunun ilk kitabı olan “Araz bayatıları”na yazdığı
 ön sözdə onun yaradıcılığına belə qiymət verir:”Üzərində addımladığı tarpağı, çəməni,
 çölü, dağı, dərəni ürəkdən sevmək və onlarda poeziya axtarmaq duyğusu İbrahim
 Yusifoğlunun bir çox şeirləri üçün səciyyəvidir”. Hörmətli akademikimiz necə də haqlı
 imiş. Axı şairin yaradıcılığının mayasında doğulduğu yurda, elə, obaya –Vətənə
 məhəbbət duyğuları öncüllük təşkil edir.
 Dədə Qorqud gəzən Oğuz elimdi,
 Uludu torpağı, daşı Şərurun.
 Dili Türkün dili-ana dilimdi,
 Qədimdən qədimdi yaşı Şərurun.
 Və buradaca Naxçıvan Yazıçılar birliyinin sədri, böyük şairimiz Asim Yadigarın
 İ.Yusifoğlu haqqında yazdığı bir fikri yada düşür:”Hər bir insana doğulub boya-başa
 çatdığı yurd, torpaq daha əzizdir. Ancaq elə şairlər var ki, doğulduğu torpağın

gözəllikləri daima onun şeirlərinin ilham mənbəyinə çevrilir, poetik yaddaş kimi
 kitablara dönür. Bu baxımdan İbrahim də xoşbəxt taleli şairdir”.
 “Torpağa kök atan köklü palıdın, Köksündə göyərən kövrək bir şivəm”- deyən şair
 şeirimizin, poeziyamızın dərinliklərinə kök ata-ata, şaxələnə-şaxələnə palıdlaşmağa
 çalışır və sonda isə əlavə edir:
 Dilimdə bir kövrək şərqi səslənir,
 Ocaqlar gəzirəm qonağı düşəm.
 Hələ ki, şərqim tək bəxtim təklənir,
 Obalar dolaşan dərdli dərvişəm.
 İ.Yusifoğlu əgər 44 günlük zəfərimizdən öncə
 ... Qardaş, yollar yaman tozdu,
 Dəstəmizi yadlar pozdu.
 Tale yazan belə yozdu,
 Ümid sağlara –sağlara.-
 deyirdisə, 44 günlük savaşdan sonra “Zəfər nəğməsi” şeirində isə belə deyirdi:
 Bu nəğmənin hər sədası “Cəngi”di,
 Al qırmızı nəğmələrin rəngidi.
 Dar anında bir oyanış zəngidi,
 Zəfər nəğməsi.
 Bütün bunlar isə şairin yaradıcılığını zənginləşdirən ən dolğun lövhələrdir ki,
 olduqca təbii səslənir. Axı xalqının dərdinə-kədərinə, ağrısına-acısına ağlayan şair,
 onun sevincinə də var gücü ilə-könül coşqunluğuyla sevinir.
 AMEA-sının prezidenti, akademik İsa Həbibbəyli isə İbrahim Yusifoğlu
 yaradıcılığına daha fərqli bir aspektdən yanaşaraq belə bir dəyər verir: “İbrahim
 Yusifoğlunun şeir yaradıcılığı həm rəng çalarına, həm də poetik mənasına görə
 bütövlükdə sanki badam ağacında bənövşə çiçəyidir”.
 Səni aldatmasın kövrək duruşum,
 Məni dərdli görüb halıma yanma.
 Aslan vuruşudu mənim vuruşum,
 Mən zalım adamam mənə inanma.
 Mərhum xalq yazıçısı Hüseyn İbrahimov sevə-sevə vurğulayırdı ki, “İbrahim
 Yusifoğlu... nə yazırsa ürəkdən yazır, şeirləri də özü kimi səmimidir”. Axı onun
 şeirlərində doğulub böyüdüyü Axura kəndinin axarlı-baxarlı bulaqlarının
 coşqunluğunun nəğməli ahəngi dağlarla adalanmış, bu kəndin dağlarının çox çeşidli
 rəngi öz təzahürünü tapmaqdadır.
 Yaman kövrəlmişəm payız yaşımda,
 Xəyalımda ötən çağlarım çağlar.
 Çənli gözlərimlə əlim qaşımda,
 Gəlmişəm sizlərə baxam, a dağlar.
 Görkəmli şair-publisist qardaşımız Əbülfət Mədətoğlu da dostu İbrahim Yusifoğlu
 yaradıcılığını bu cür səciyyələndirir: “O sözləri duyduğu, yaşadığı kimi bər-bəzəksiz,
 necə var, o cür də kağıza köçürür. Sadəcə ona öz ruhunu, öz duyğularını, öz
 düşüncələrini hopdurur...” Şairi öz oxucusuna sevdirən və ədəbi aləmdə fərqləndirən,
 tanıdan da məhz belə keyfiyyətləridir.
 Bu da bir taledi başım üstündən,
 Bulud çəkilmədi, Günəş doğmadı.

Heç nə istəmirəm Tanrıdan ki, mən,
 Ruhuma bircə bu yağış doğmadı.
 ... Mənim qazancımdan küsən gözəlim,
 Evimdə bənövşəm, süsən gözəlim.
 Ömrümə meh kimi əsən gözəlim,
 Ruhuma bircə bu barış doğmadı.
 və ya
 Məni təbiətə qəlbən bağlayan
 Bulağın baharda çağlamasıdı.
 Bir də ürəyimi didib dağlayan
 Kiminsə içində ağlamasıdır.
 Şairin hansı şeirini oxuyursan oxu hansı şeirini əqlin süzgəcindən keçirirsən keçir,
 bir şeyi görəcəksən ki, bütün bunlar onun könlündən axıb gəlir. Qəlbinin ağrı-acıları,
 ruhunun sevinci, nəşəsi bu şeirlərdən boy verən iç dünyasının aynasıdır.
 Baxışların dalğın bulud,
 Yanaqların yaşdı, qurut.
 Hisslərini ovut, uyut,
 Unut məni...
 Məni unut...
 Və yaxud da başqa bir şeirinə nəzər salaq:
 Bir qız gördüm sən yerişdə,
 Sən duruşda, sən biçimdə.
 Sənə oxşar gülüşündən,
 Ovsunlandı söz içimdə.
 ...Bir az dəcəl, şıltaq qızdı,
 Neçə donmuş qəlblər qızdı.
 Baxışları sərhəd cızdı.
 Sənə bənzər, sən biçimdə.
 İbrahim Yusifoğlu şeirlərindəki ən maraqlı cəhətlərdən biri də odur ki, o tədqiq
 etdiyi obyekti, yəni qələmə aldığı hər mövzuda məqsədini konkret detallarla
 çalarlandıra- çalarlandıra, aydın şəkildə noetik duyğularla ahəngdar formada təcəssüm
 etdirir.
 Ən parlaq ulduzdu, nur saçan aydı,
 Dalğalı dənizdə, ləpəli çaydı.
 Ömrü ömürlərə paylanan paydı,
 Safdı, müqəddəsdi müəllim ömrü.
 Ucalığı dağdan, saflığı qardan,
 İşığı günəşdən alar atalar.
 Məhəbbət görərək vəfalı yardan
 Mehrini bizlərə salar atalar.
 Xalq artisti, gözəl müğənni Flora Kərimovaya ithaf etdiyi şeirində də eyni ilə...
 Oxuma, belə oxuma,
 Ürək ağlayar, ağlayar.

“Qayıt!” dediyin gözəli
 Yollar saxlayar, saxlayar.
 İ.Yusifoğlunun yaşadığı yetmiş illik bir zaman kəsimində yürüdüyü yolları heç də
 hamar olmamışdır: doğulduğu kəndin yolları dərəli-təpəli olduğu kimi, onun da
 yaradıcılıq yolu dərəli-təpəli olsa da, könlü bulaq suyu tək çağlar, duyğuları isə daima
 düzənli olubdur. Ona görə də yaratdığı şeirləri ürəklərə hopub, yaddaşlarda özünə
 yurd-yuva tapıbdır.
 Qoynunda lalələr qan rəngindədi,
 Qızların bənizi dan rəngindədi.
 Gülün ətirlisi çələngindədir,
 Sevənlər qoxlayır, Axura kəndi.
 Uzaq dağ kəndində bir yaz günündə,
 Təbiət qəlbimi ovsunlamışdı.
 Çopur qayalar da gözüm önündə
 Günəşdən xoşlanıb yosunlamışdı.
 Şairin lirik şeirlərinin də özünəməxsus məziyyətləri vardır. Belə ki, o şeirlərdəki
 axıcılıq, şirinlik, həzinlik və nəğməkarlıq ahəngi diqqəti daha da cəlb edir.O şeirlərə
 həmişəyaşarlıq ömrü qazandırır.
 Bilirsən nə qədər susuzam, acam,
 Gətirmə dilinə sən Allah yoxu...
 Nə vaxtdır bir həzin səsə möhtacam,
 Mənə bir məhəbbət şeiri oxu.
 X X X X
 Nə olubdu bu oğlana,
 Dava salır dörd bir yana.
 Gözlərin aydın, ay ana,
 Bu dava yar davasıdır.
 X X X X
 Dilində səslənən “yox” kəlməsidi,
 Gözlərindən yağan yağışların var.
 Bu mənim ömrümün elə bəsidi,
 Arxamca boylanan baxışların var.
 İbrahim Yusifoğlunun onlarla poeması vardır ki, bu əsərləri də mövzu aktuallığı,
 ideya və sənətkarlıq baxımından daha yüksək məziyyətlərə malikdir.”O günəş
 ömrüdür, sönməyəcəkdir”, “Bu nəğməm sənədi, doğma Naxçıvan”. “Mənim inamımı
 güllələdilər”, “Analı, anasız dünyam”, “Sulara danışdım yuxularımı” və s. bu kimi
 poemalarında qaldırdığı problemlər öz həllini poetik boyalarla, mükəmməl şəkildə
 tapır. Bütün bunlar isə şairin istedadının gücündən, duyğularının coşqunluğundan və
 qələminin qüdrətindən xəbər verir.
 İndi isə gələk şairin uşaq şeirlərinə. Axı bu gün Azərbaycan ədəbiyyatında Zahid
 Xəlil, Ələsgər Əlioğlu, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli və adını saymadığım neçə-
 neçə sevimli sənətkarlarımızla birgə İbrahim Yusifoğlu da uşaq ədəbiyyatı sahəsində
 davamlı və mükəmməl, dolğun fəaliyyət göstərən şairlərimizdən biridir. Müxtəlif
 illərdə nəşr etdirdiyi “Arpaçayın uşaqları”, “Futbolçu, topçu, gopçu”, “Vətən
 nəğməsi”, “Göy yerə zəng eyləyir”, “Qıymayın uşaqlara” kitabları tamamilə məhz

uşaqlar üçün qələmə aldığı şeirlərdən, poemalardan və mənzum pyeslərdən ibarətdir.
 Bütün bunlar isə onun bir pedaqoq kimi uşaqların dünyasına yaxından bələd
 olmasının, uşaq aləminin dərinliklərinə baş vura bilməsinin təzahürüdür desək,
 yanılmarıq.
 Ayan gedir məktəbə-
 Bəh-bəh-bəh.
 Çantası var bir şələ-
 Bəh-bəh-bəh...
 -Ay pipiyi qan xoruz,
 Gözləri mərcan xoruz.
 Səsini yayma elə
 Ayan gedir məktəbə.
 -Cip-cip-cip cücələrim,
 Ananızdan gen gəzməyin.
 Güdür sizi Tülkü lələ,
 Ayan gedir məktəbə.
 -Ay Toplan, həddi aşma,
 Məstan ilə dalaşma.
 Asta hürü, gəl təpə,
 Ayan gedir məktəbə.
 Və yaxud
 Ayan nə vaxt-
 Açır lalə,-
 Yanağına
 Qonur jalə?
 -Yazda.
 -Aşıq əmi,
 Hey saz çalır.
 Mahnıları
 Nədə çalır?
 -Sazda.
 -Zümzüməni
 Güllü çaydan
 Harda edir,
 Söylə, Aydan?
 -Qazda.
 İ. Yusifoğlunun hansı uşaq şeirini oxusan onun hər birində bu cür oynaqlıq və məna
 dolğunluğu görəcəksən. Bu isə onun yaradıcılığına xas olan böyük uğurdur.
 Şair bir şeirində yazır ki...
 İllərdir qələmlə külüng çalıram,
 Hərə Fərhad arxı qazmamışam mən.

Göylərdən, yerlərdən ilham alıram,
 Hələ öz şeirimi yazmamışam mən.
 Son olaraq onu demək istərdim ki, tanınmış şair qardaşım İbrahim Yusifoğlunu
 ömrünün 70 illiyi ərəfəsində ürəkdən təbrik edirəm. Ona yeni-yeni yaradıcılıq uğurları
 və söz çəmənində söz göyərdə-göyərdə də yaza bilmədiyi öz şeirini də bundan sonrakı
 ömür tarixində yazmasını arzu edirəm.
Ələsgər Talıboğlu
 
Şair-publisist, AYB-nin üzvü, Məmməd
 
Araz və İsa Muğanna mükafatları
 
laureatı.




Ana səhifəyə qayıt        Baxış: 1 936          Tarix: 2-04-2024, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma