İbrahim Yusifoğlu1954-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olmuşdur. Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan “İşıqlı yol” qəzetində çap edilmişdir.
Hazırda Şərur Rayon Təhsil Şöbəsində kadrlar üzrə məsləhətçi vəzifəsində işləyir. Ali kateqoriyalı müəllim (1994), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçidir .
1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Jurnalistlər Birliyinin üzvüdür.
Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər, poemalar, hekayələr, povestlər və mənzum pyeslər kitablarının müəllifidir.
“Qızıl Qələm” media mükafatı laureatı, 2016-cı ildən Prezident mükafatçısıdır.
Ovqat.com şairin yeni şeirlərini öz oxucularına təqdim edir.
ƏN DƏRDLİ AĞLAMAQ
LAL AĞLAMAQDI
Məni təbiətə qəlbən bağlayan,
Bulağın baharda çağlamasıdı.
Bir də ürəyimi didib dağlayan,
Kiminsə içində ağlamasıdı .
O dərdli dərdini ağlayıb ağlar,
Dərdi ürəyinə bağlayıb ağlar,
Qəhərdən sinəsi çağlayıb ağlar,
Qəddini düz tutub şux saxlamaqdı,
Ən dərdli ağlamaq lal ağlamaqdı.
Elə ağlamağı yad eşitməyir,
,,Ah”lara şadlanan şad eşitməyir,
Doğma da , yaxın da ,,dad” eşitməyir,
Özünü dərdinə tən bağlamaqdı,
Ən çətin ağlamaq lal ağlamaqdı.
Tanrıdan dözümü , səbrini alar,
Kövrək xatirəli xəyala dalar,
Mehrini sevdiyi həyata salar,
Dərdə əlac tapıb bil, toxtamaqdı,
Ən dərdli ağlamaq lal ağlamaqdı.
MƏN ÇƏKƏN DƏRDLƏRİ
SƏN BARI ÇƏKMƏ
Mən dedim... sən gəldin...durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sən mənə ün yetməz uzaq kimiydin.
Nə qədər yaxindıq, o qədər uzaq,
Sarsıldım, duyğulu baxışlarından.
Nə bir qol qaldırdın, nə açdın qucaq,
Qorxdum, gözlərinin yağışlarından.
Sən ki, bənzəmirdin yada, özgəyə,
Bilirdim, sən məni duyub gəlmisən.
Şeir söylətməyə, söz eşitməyə,
Qəlbinin səsinə uyub gəlmisən.
Görən nə tapmısan şeirlərimdə,
Onların sevincdən kədəri çoxdu.
Elə sinəmdəki dərdlərimin də,
Qədəri varsa da, hədəri yoxdu .
Daha nə söyləyim bu payız günü,
Görürsən, yarpaqlar xəzələ dönüb.
Sənə deyəcəyim şeirlər, düzü,
Yaza bilmədiyim qəzələ dönüb.
Mənli hislərini saxla özündə,
Axı, qəm dəniyəm, qəlbinə əkmə.
Yansam da çatdığın ocaq közündə,
Mən çəkən dərdləri, sən barı çəkmə.
Mən dedim...sən gəldin...
durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə,
Sən mənə əlyetməz uzaq kimiydin.
GECİKMİŞ
MİSRALAR
Özümü duyandan gizlicə, aşkar,
Ruhumu oxşayan gül axtarırdım.
İlməsi qardan ağ, üstündə cüt nar.
Pəncərə önündə tül axtarırdım.
Sənə tuş gəlmədim baharda, yayda,
Çölü, çəmənliyi gəzdi gözlərim.
Bir payız günündə çatdılar dada,
Səndən əllərini üzən gözlərim.
Gödüm, o çiçəksən , gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xöşbəxtəm , nə qədər, bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca hürkəkdin, yaman təlaşlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı , əzizləyirdi.
...Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın payızı vardı,
Nə yaxşı mən səni tapa bilmişəm.
DƏRDLƏRİN BELİMİ ƏYDİ, AY VƏTƏN!
Mənim nəyim vardı,kənd uşağıydım,
Gəzərdim kədərsiz, dolaşırdım şən.
Elə ki, boy atıb səni tanıdım,
Dərdlərin belimi əydi, ay Vətən!
Bir sinə nə qədər paralanarmış,
Bir ürək nə qədər yaralanarmış,
Ana balasından aralanarmış,
Dərdlərin belimi əydi, ay Vətən!
Torpaqdan hədiyyə, pay ola bilməz,
Sivri qılınc dönüb çay ola bilməz,
Sənin taleyinə tay ola bilməz,
Dərdlərin belimi əydi, ay Vətən!
Savaşda güc gələn gücün olmadı,
Boyundan kəsdilər , yarın qalmadı,
Düşmənin çoxaldı, heç azalmadı,
Dərdlərin belimi əydi, ay Vətən!
Hər vaxt övladların şir biləklidi,
Hayıf ki, çoxusu var diləklidi,
Qoynun tələtümlü , sərt küləklidi,
Dərdlərin belimi, əydi, ay Vətən!
Nə vaxt igidlərin dinib gələcək,
Sehirli xalçaya minib gələcək,
Ağ atın belinə sinib gələcək,
Dərdlərin belimi, əydi, ay Vətən!
SÜPÜRGƏÇİ FATOŞ QARI
Ayaqlarında qaloş, əynində nimdaş xalat,
Asta-asta işinə başlayar gecə yarı.
Ömrü kimi gödəlmiş kötük süpürgəsiylə,
Küçələri süpürər lal-dinməz Fotoş qarı.
Nə yol boyu şütüyən maşınların fit səsi,
Nə yal üstə didişən zingiltili it səsi,
Nə də bazardan gələn alverçinin fit səsi
İşindən ayırmayır süpürgəçi Fotoşu,
Gəlsə də, gəlməsə də belə işlərdən xoşu.
Küçə boyu atılan zibil kisələrinə
Başını bulasa da, nə danışar, nə dinər.
Ancaq zibil qarışıq çörəkləri görəndə,
Fatoş qarı dözməyib, cin atına tez minər,
Öpüb göz üstə qoyar hər çörək tikəsini,
Yamanca qarğışlayar çörəyin yiyəsini:
-Hər kimsən gözün çıxsın, ciyərin yansın sənin;
Çörəyi tullamağa necə gəlir ürəyin.
Allahın nemətini heç zibilə qatarlar,
Yəqin Arazdan gəlir, a bəxtəvər çörəyin!
Fatoş qarı ta dinmir, dinib nə edəcəkdir,
Son anda ümid yeri işindən gedəcəkdir.
Bunu təkcə özü yox , bunu Allah da bilir,
Bunu Allah bəndəsi müdiri də yaxşı bilir,
Bir çörəyi zibilə qatan o xanım bilmir-
Küçələri lal-dinməz süpürən Fatoş qarı
Bu əzablı işini özünə ar sanmayır,
Var yığmağı bir yana ,
Bircə yavan çörəyin pulunu qazanmayır.
MƏNİM DƏRDİM DƏRDLƏŞMƏLİ DƏRD DEYİL
Ulu Tanrım ad veribdi bu yurda,
Ad qarışıq od veribdi bu yurda,
Minbir sərvət, dad veribdi bu yurda,
Təkcə qonşu millət kimi mərd deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Erməninin öz tarixi, yaşı yox,
Dədə-baba toprağı yox, daşı yox,
Hiyləgəri, qeyrətsizi, çaşı çox,
Abır-həya onlar üçün şərt deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Bu yerlərə ermənilər gələli,
Parçalandı bu toprağın zər-ləli.
İrəvanlı, Zəngəzurlu, Göyçəli—
Neçə elim əldən getdi, bəs deyil?
Mənim dərdim dərdləşməli dərd deyil.
Gücü yoxdur, arxasına güvənir,
Sözü yoxdur, darğasına güvənir,
ATƏT adlı “qarğasına” güvənir,
BMT-nin qərarları sərt deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Həmsədrlər bölgələrə iz tutur,
Tərəflərə barış üçün üz tutur,
Günahkarı günahsızdan düz tutur,
Dedikləri bizə məqbul vəd deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Xəyanətdən doymayırlar bu “yan”lar,
Ara vurur bu “yan”lara uyanlar,
Dinə bilmir həqiqəti duyanlar,
Təklif vermək barış üçün hədd deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Sahib çıxır Qarabağ tək elimə,
Əl uzadır “Xarı bülbül” gülümə,
Biz hazırıq Vətən üçün ölümə,
Bu oyundu-ancaq şahmat, nərd deyil,
Mənim dərdim dərdləşməli dərd deyil.
Günəş doğub, hər yan nura boyanıb,
Daha düşmən boş xəyaldan oyanıb,
Qarşısında gülcü ordu dayanıb,
Dünya bilir, istəyimiz hərb deyil,
Mənim dərdim dərdləşməli dərd deyil
İSLATMA, YAĞIŞ,
İSLATMA
Dəyişməyə köynəyim yox,
İslatma , yağış, islatma.
Gəl üşütmə, göynəyim çox,
İslatma, yağış, islatma.
Damcılardan gizlənməyə,
Heç nəyim yox, heç nəyim yox.
Göz yaşımı gizlətməyə,
Eynəyim yox, eynəyim yox,
İslatma, yağış, islatma.
Mənim kimi bu həyatda,
Heç kim yalqız ola bilməz.
Ən dəlisov buludlar da,
Qəlbim kimi dola bilməz—
İslatma, yağış, islatma.
Ürəyimdə arzularım,
Onsuz da islanıb, nəmdi.
Bu həyatda olan varım,
Ağrı, həsrət, bir də qəmdi –
İslatma, yağış, islatma.
YARAĞA YATMAYAN ELİM...
Darağa çatmayır daha,
Darağa yatmayan telim.
Bələnibdi qəmə, aha
Ayağa qalxmayan elim.
Torpaqlariı yağılarda.
Dərdi-səri ağılarda,
El-obası dağılar da,
Yarağa yatmayan elin.
Paralanıb neçə kərə,
Pay götürüb neçə hərə,
Sərhədləri çay, dağ, dərə,
Sərhəddin tapmayan elim.
Yaralanıb köksün neçə,
Gündüzlərin olub gecə,
Ölə bilmir, ölsün necə,
Birliyə çatmaya elim.
Gen qoynunda gül də əksən,
Lap Londona boru çəksən,
Dar anında təksən, təksən....
Bəxtdən yarımayan elim.
Paylaş: