Xəbər lenti

 

    Bu gün - 25 iyul tanınmış  şair Nəriman Zeynalzadənin 70 yaşı tamam olur. Nəriman Zeynalzadə 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Yaycı kəndində doğulub. 1969-cu ildən yerli və respublika mətbuatında məqalə, şeir və publisist yazıları ilə çıxış edir.
   "Araz-1" "Araz-2","Qoy tanısın dünya səni" , "Avrasiya şairləri" və s. almanaxlarda şeirləri dərc edilib. "Daş Yaycım", "Ələsgər həkim", "Sən bu şəhərdə doğulmamısan", "Bu Vətən mənə dar gəlir", "Dərələyz mahalının Yaycı kəndi"  kitablarının müəllifidir. Naxçıvan Dövlət Pedaqoji Universitetini bitirib.      "Ovqat.com" Nəriman Zeynalzadəni 70 yaşının tamam olması münasibətiylə təbrik edir, şairə yeni yaradıcılıq uğurları arzulayır. 

GÖZÜNÜN YAŞINA GƏLDİM
 Deyirəm döz ürəyimə,
 Kar etmir söz ürəyimə,
 Tökübdür köz ürəyimə,
 Gözünün yaşına gəldim.

 Gümanın yığıb gedibdir,
 Ümidin qırıb gedibdir,
 Gözünü sıxıb gedibdir,
 Gözünün yaşına gəldim.

  Sızlayır eşqin yarası,
 Yaş tökür gözün qorası,
 Gedibdir gözün qarası,
  Gözünün yaşına gəldim.

 Sevginin sınıb qanadı,
 Bağrımın başı qanadı,
  Dedilər o qız anadı,
 Gözünün yaşına gəldim.
01.01.2024

TANIMADI KÜL DƏ MƏNİ
 Qəfil gələn sel apardı,
  Axtarmadı el də məni.
 Nə bir yaxın, nə də ki dost,
 Külək tapdı çöldə məni.

 Bir bulaqdan içib getdim,
 Üst- başımı çırpıb getdim,
 Gül yanından keçib getdim,
 Heç saymadı gül də məni.

 Sığınmışam öz yurduma,
 Ocağıma, köz- oduma,
 Özüm yandım oz oduma,
  Tanımadı kül də məni.

QOCALIQ 
 Nə vardısa artıq qalıb dünəndə,
 Xəyalları ötənlərə dönəndə,
 Qoşa gəzən cavanları görəndə,
 Baxıb-baxıb köks ötürür qocalıq.

 Bir zamanlar yar dediyi yarısı,
 Gözəl-göyçək gəlinlərin sarısı,
 Canı candan ayrı düşən qarıs,
 Köçüb gedib, can itirir qocalıq.

  Dünya ondan, o dünyadan öc alıb,
 Zaman-zaman həyat ondan bac alıb,
 Bu günündən sabahına borc alıb
 Saya-saya gün ötürür qocalıq.

 Ağac kimi quruyubdur budağı,
  Düşür yerə söz tutmayır dodağı,
 Çağırsan da eşitməyir qulağı,
 Bu dünyadan əl götürür qocalıq.

 Təsbehini dənə-dənə çevirir,
 Səhər-axşam, dönə-dönə çevirir,
 Üzün tutub gündönənə çevirir,
 Günəş kimi qürub edir qocalıq.

 Nərman deyər aman yandım, oy yandım,
  Haçan yatdım, haçan durdum, oyandım,
 Gəlib ömrün çəliyinə dayandım,
  Nöqtə qoyub yol bitirir qocalıq.
 

HƏLƏ GÖRƏCƏYİM BÜTÖV VƏTƏN VAR
 Qoçağıq, igidik, dəliyik, Vətən,
  Düşmənin bağrını dəlirik, Vətən,
 Yolumuz Turandır, gəlirik, Vətən,
 Hələ görəcəyim bütöv Vətən var.

  Azərbaycanımın cənub tayını,
 Bağrıma basıram o gül ananı,
 Təbriz paytaxt olan o bir anını,
 Hələ görəcəyim bütöv Vətən var.

 Ruhumun, şerimin ən özəl bəndi,
  Yatmış arzuların içi dərbəndi,
  İrəvan, Borçalı, Kərkük, Dərbəndi,
 Hələ görəcəyim bütöv Vətən var.

  İçimdən keçənlər güman deyil ki,
 Fars bölən, rus bölən zaman deyil ki,
 Yaşa a Nəriman, zaman deyir ki,
  Hələ görəcəyim bütöv Vətən var.




Ana səhifəyə qayıt        Baxış: 2 019          Tarix: 25-07-2024, 07:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma