Gürcüstanda keçirilən parlament seçkiləri ölkənin gələcəyi baxımından əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Bu seçkilər yalnız yerli siyasi qüvvələrin mübarizəsi ilə deyil, eyni zamanda regional və qlobal aktorların təsirilə də müşayiət edildi. Gürcü xalqının iradəsinin ifadə edildiyi bu seçkilər bölgədə sülh və sabitliyin təmin edilməsi üçün mühüm bir addım olmaqla yanaşı, Qərbin Gürcüstana və geniş mənada Cənubi Qafqaza olan təsirini yenidən qiymətləndirməyə məcbur etdi.
Qərbin və havadarlarının planları yenə baş tutmadı. Bütün bunların fonunda boynubükük görünənlərdən biri də Paşinyan oldu.
Aydındır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan Qərb ilə münasibətləri möhkəmləndirməyə, onların maşası olmağa davam edir.
Buna görə də çalışırlar ki, regionda baş verən proseslərdən öz xeyirləri üçün istifadə edib, fəaliyyətlərini genişləndirsinlər. Bu baxımdan Gürcüstandakı seçkilərin nəticələrinin Paşinyan üçün gözlənilməz olduğu və ona məyusluq gətirdiyi aydın sezilir.
Gürcüstan hakimiyyəti daha çox Rusiya ilə mövcud status-kvonu qorumağa yönəlmiş mövqe sərgiləyir, bu isə Qərbin Gürcüstanda daha güclü təsirə malik olma arzusunu zəiflədir.
Paşinyanın Gürcüstanın baş nazirinə göndərdiyi təbrik məktubu bu məyusluğun əlamətlərini göstərir.
Gürcüstan seçkiləri: Sülh və inkişaf seçildi
Məktubun lakonik və “quru” üslubda olması Paşinyanın Gürcüstan hökumətinin qərarını xoş qarşılamadığını nümayiş etdirir. Təbrik məktubunda Gürcüstanın baş naziri Ermənistanı ziyarət etməyə dəvət edilməyib.
Bu məqam Paşinyanın Gürcüstanda fərqli bir hakimiyyət quruluşu gözlədiyini və seçkilərin nəticələrinin Ermənistanın öz xarici siyasətini və Qərblə münasibətlərini təmin etməyə maneə ola biləcəyindən narahat olduğunu göstərir.
Paşinyan Gürcüstandakı seçkilərdən fərqli bir nəticə gözləyirdi. O, Qərbin maraqlarına yaxınlaşacaq, Ermənistanla əlaqələri möhkəmləndirəcək və Moskva ilə yaxın əlaqələri minimuma endirəcək bir Gürcüstan hökuməti arzulayırdı.
Qərbin dəstəklədiyi namizədlərdən birinin qalib gələcəyi təqdirdə, Ermənistan-Gürcüstan münasibətləri yeni mərhələyə keçə bilərdi. Bu isə Ermənistanın da öz iqtisadiyyatını və siyasi kursunu Qərbə yaxınlaşdırmaq baxımından mühüm bir fürsət ola bilərdi.
Nikol Paşinyanın bu nəticədən məyusluğu ölkə daxilində Qərbin təsirini artırmaq strategiyası ilə bağlıdır. Gürcüstanda Qərbə yaxınlaşan bir hökumətin hakimiyyətə gəlməsi Ermənistan üçün Qərbə yönələn bir dəhliz yarada bilərdi ki, bu da baş tutmadı.
Ekspertlər hesab edirlər ki, Paşinyanın Gürcüstanın baş nazirinə göndərdiyi təbrik mesajı məcburi atılmış addımdır.Bu cür mesajlar region dövlətləri arasında diplomatik münasibətlərin əsasını təşkil edir və hər nə qədər məyusluq olsa da, Paşinyanın təbrik göndərməsi zərurətə çevrilib.
Təbrik məktubunun səthi və “məcburiyyət qarşısında” yazılması Gürcüstan-Ermənistan münasibətlərində bəzi problemlərin mövcudluğunu əks etdirir.
Bu hadisə həm də regionun gələcək siyasi gedişatına dair müəyyən ipucları verir. Gürcüstan və Ermənistan arasındakı bu soyumuş münasibətlər, regionda digər siyasi proseslərə də təsir göstərə bilər. Xüsusilə Qərbin Gürcüstan və Ermənistanla bağlı olan strategiyalarında yeni dəyişikliklərin baş verəcəyi ehtimal edilir.
Şərhçilər hesab edirlər ki, Ermənistan Qərbə inteqrasiya kursunu davam etdirməklə yanaşı, Gürcüstanla olan diplomatik münasibətlərini yenidən qiymətləndirməlidir. Ermənistan Cənubi Qafqazda sülhdən yana addımlardan kənarda qaldıqca özünün varlığını təhlükə qarşısında qoyur.
Əli Rais,
Musavat.com
Paylaş: