Xəbər lenti


Fransız şairi və sənətşünası Şarl Pyer Bodlerin bir fikri var: “Nə şeir öyrədir, nə də şair müəllimdir.” Amma məncə bu fikirdə istisnalar var, çünki əksər müəllim-şairlərin yaradıcılığında az və ya çox öyrətmənlik hiss olunur. Əlli il müəllim fəaliyyəti göstərən şair-publisist İbrahim Yusifoğlu həm də yaşını – yaşadıqlarını obrazlı və poetik ifadə edən yazarlardandır ki, onun yaradıcılığı, ümumilikdə orijinal nəsr-poeziya üslubu ilə bir müəllim qələmini oxucuya hiss etdirir. 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.

Və ya: 

Bir insan ömründən söz açıram mən,

O, Günəş ömrüdü, sönməyəcəkdir.

Səadət verdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir.

 

Şairə görə müəllim işıq (təbii ki, burada işıq ziya – aydınlıq, elm, zəka anlamındadır) payladığı üçün günəş ömrü yaşayır. Bu yol haqq yoldur və haqqın yolu dönülməzdir, yəni, dünya – insan var olduqca davam edəcək yoldur – öyrənənlər öyrədəcəklər…

Bəlkə də şairin uşaq şeirləri yazmağında da peşəsinin böyük rolu olmuşdur. Uşaq şeirləri adətən uşaq psixologiyasını yaxşı bilməkdən və müəllim təcrübəsindən  yaranır. Müəllimlər hətta valideynlərdən də çox uşaqların cəld, diqqətli və ya dalğın, qoçaq və ya tənbəl, səliqəli və ya pinti olduğunu müşahidə edirlər. Gördükləri, şahidi olduqları hər bir hekayə məzmunlu hadisəyə poeziya vasitəsilə müraciət etmək zərurəti, ən azı şair-müəllim kontekstində bir ehtiyacdır, daha maarifçi “şair müəllim”ə xas bir üstünlükdür, hətta bir məcburiyyətdir. Əlbəttə ki, uşaq poeziyası nağıl deyil, o mətnlərdə mütləq maarifləndirici amillər olmalıdır. Bu baxımdan, İ.Yusifoğlunun uşaq şeirləri bir çox jurnal və dərgilərdə yayımlanır, sevilərək oxunur.  Onun sadə üslubda qələmə aldığı vətənə, bayrağa, valideynə, heyvanlara, quşlara və s. sevgi və duyğu dolu şeirləri şagirdlərin layiq bir vətəndaş kimi yetişməsi üçün önəmli olmaqla, həm də şair-müəllim üçün fərdin həyata, cəmiyyətə münasibətini, reaksiyalarını öyrənmək məqsədi daşıyır. Şair şagirdlərdə yaranan dəyişiklikləri izləyir, bu da onun həm müəllim fəaliyyətində, həm də yaradıcılığında önəmli, dəqiq material olur. İ.Yusifoğlu bu şeirlərilə eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsinə xidmət edir. 

İ.Yusifoğlu “insan təbiətin bir parçasıdır” həqiqətindən yola çıxaraq, bəzən təbiəti – ağaçı, kolu, gülü- çiçəyi də müəllim obrazında görür. 

Uzaq dağ kəndində bir yaz günündə,

Təbiət qəlbimi ovsunlamışdı.

Çopur qayalar da gözüm önündə,

Günəşdən xoşlanıb yosunlamışdı.

 

Yamyaşıl dünyaydı yalı-yamacı,

Tanrı da nurunu gur ələmişdi.

Dağın döşündəki badam ağacı

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

…Bəlkə, müəllim ömrü yaşadığından,

Badam bənövşəyi al çiçəkləyib.

Yəqin, şagirdlərin barmaqlarından

Şehli çiçəklərə mürəkkəb dəyib.

 

... Şərur çuxurunda baharın tacı,

Gül-çiçək könlümü məst eləmişdi.

Gözlərim önündə badam ağacı

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

Vətən hissi bəşər tarixi qədər qədimdir. Bu mövzu Azərbaycan poeziyasında daim işlənmişdir. Sovet dövründə, əsasən 70-80- ci illərdə çox müəllifin yaradıcılığında olmasa da, vətənin azadlığı, müstəqilliyi arzusu ilə yazan şairlər də vardı. İ.Yusifoğlu vətəni tanıyandan onun dərdi ilə yaşadığını açıq-aşkar yazmasa da dilə gətirir:

Mənim nəyim vardı,

kənd uşağıydım,

Gəzirdim kədərsiz,

dolaşırdım şən,

Elə ki, göz açıb

səni tanıdım,

Dərdlərin belimi əydi,

ay Vətən!

 

Sovet İttifaqının dağılması nəticəsində yeni dövrə qədəm qoyan digər ölkələr kimi, Azərbaycanda da inkişaf və dəyişikliklər baş verdi və təbii olaraq poeziyada vətən mövzu və ya alt motiv kimi, bəzən romantik, bəzən də realist perspektivdən işlənməyə başladı. 

Müstəqillik illərindən sonra tam mənası ilə azad vətən düşüncəsilə yazanların sayı artdı. Etiraf edək ki, o vaxtdan ta son illərədək ölkəmizdə heç səngiməyən müharibələrdə torpaq itirən, daim özünü müdafiə etməyə çalışan, özündən-özünə geri çəkilmək məcburiyyətində qalan, hətta bəzən əlində olanı da itirmək qorxusu yaşayan bir dövlətin şairləri xalqı ancaq güclü şəkildə təsirləndirən, onları mübarizəyə çağıran şeirlər yazmaqla yetindilər. Digər şairlər kimi bu hal İ.Yusifoğlunun da şeirlərində özünü göstərdi. Qarabağ Zəfərindən sonra isə bütün şairlər kimi o da Vətəni bir ayrı cür - ürəklə, həvəslə tərənnüm etməyə başladı. 

Döyüşlərdə dönər dəmir yumruğa,

Haya yetən xilaskar quş Simurqa,

Səslənəndə el qarışar xoş çağa -

Zəfər nəğməsi.

 

İgidlərlə o eyləyər yoxdan var,

Mərd əllərdə ilmələnər, toxunar,

Azad eldə, azad dildə oxunar -

Zəfər nəğməsi.

 

İ.Yusifoğlunun  demək olar ki, yaradıcılığının çox hissəsi tərbiyəvi əhəmiyyət daşıyır. Vətən şeirləri də məhz uşaqlar üçün məqsədli yazılıbmış kimi, sadə və yaddaqalandır. 

Şair ömrünün çox hissəsini doğulduğu Şərur rayonunda yaşadığı üçün əsasən, dogma yurdun tərənnümünü, tarixi abidələrini, çaylarını, dağlarını, eyni zamanda ağrı-acısını qələmə almışdır. “Şərurun” şeirində şərurluların milli kimliyi ilə yanaşı, qədim yurdun tarixində yaşanan fəlakətləri çox təsirli şəkildə çatdırır: 

Dədə Qorqud gəzən Oğuz elimdi. 

Uludu torpağı, daşı Şərurun.

Dili Türkün dili - ana dilimdi, 

Qədimdən-qədimdi yaşı Şərurun. 

 

Burda arxalanıb dağlara dağlar, 

Dərın dərələrdə çayları çağlar. 

Torpağı göynəsə göyləri ağlar, 

Arpaçay sayılır qaşı Şərurun. 

 

Tanrı özü bilən dərd göndəribdi, 

Neçə fəlakəti sərt göndəribdi, 

Namərdin önünə mərd göndəribdi, 

Bəlalar çəkibdi başı Şərurun.

 

Gəzdikgə görərsən barlı düzləri. 

Zəhmətlə nurlanan gülər üzləri. 

Tanrı yaradandan ta üzü bəri, 

Yeyilir ellərdə aşı Şərurun.

 

Sonuncu bənddə qafiyə olan “aşı” sözünə diqqət çəkmək istəyirəm. Burada sözü iki mənada qəbul etmək olar. Birinci mənada şair Şərur aşının-plovunun dadının fərqliliyini, ellərdə sevildiyini qeyd edir, ikinci mənada qədim türklər bişirilərək yeyilən bütün xörəklərə “aş” deyiblər. Bu da qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilinin tarixində və müasir mərhələlərində, həmçinin Şərur elinin dialektində qorunub saxlanmasını göstərir. 

İ.Yusifoğlu 26 il erməni girovluğunda olan Şərur rayonunun Günnüt kəndinin azad olunması münasibəti Günnütü belə salamlayır:   

Salam, Oğuz eli – Vətən toprağı, 

Salam, Dədə Qorqud gəzən Günnütüm. 

Düşmən caynağında qalan çağları, 

Halı qəlbimizi üzən Günnütüm. 

 

Sən türk torpağısan, türk dillisən sən, 

Babam Xətainin sevdiyi yersən, 

“Koroğlu” zağalı tarixsən, sirsən, 

Həm dağlı, təpəli, düzən Günnütüm. 

 

…Salam, Naxçıvanın əzəl toprağı, 

Salam, Xan çinarın solmaz yaprağı, 

Ən uca zirvəndə Vətən bayrağı, 

Düşməni köksündən əzən Günnütüm, 

Qeyrəti dillərdə gəzən Günnütüm!

 

İ. Yusifoğlu elə müəllimlik etdiyi dövrlərdən vətənpərvər, maarifçi, həyati, sevgi və s. mövzularda şeirlər yazsa da müəllimliyini daha öndə tutan düşüncəsini  çatdırır. Bəlkə də, sual etsələr cavabı belə olmayacaq,  amma şeir şairin daxili aləmini özü də istəmədən açır. 

Heç nə qalmayıbdı kövrəkliyimdən
 Qaynayıb qurudu gileylərim də.
 Bir xeyir görmədim söz əkməyimdən,
 Yellərə sovruldu ay, illərim də!

İ.Yusifoğlu həm müəllim, həm də şair kimi tanınır və sevilir.

 









Bu il şairin haqqında yazılan məqalələrdən ibarət   “Ömür dastanının boyları” (İbrahim Yusifoğlu- 70) adlı kitab nəşr olunub. Geciksəm də, ömrünün 70-ci ilində Yubiley təbriki məqsədilə şeir, poema ilə yanaşı hekayə, povest, mənzum pyes və s. kimi nəsr kitablarının müəllifi olan İ.Yusifoğlunun yaradıcılığının müəllim-şair tərəfinə kiçik bir baxış etdim. 

Qırx ildir, qələmlə külüng çalıram,
 Hələ Fərhad arxı qazmamışam mən.
 Göylərdən, yerlərdən ilham alıram,
 Hələ öz şerimi yazmamışam mən. 

-deyən İbrahim Yusifoğluna bundan sonra da yazıb yaratmağı, xüsusilə yazmağı nəzərdə tutduğu şeirilə 80 illiyində yenidən oxucularını salamlamağı arzulayıram!

 

Adilə Nəzərova 

Filologiya üzrə fəlsəfə doktoru




Ana səhifəyə qayıt        Baxış: 2 931          Tarix: 11-09-2024, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma