Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Bu bahar bayramı günündə şairə, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzəri onun poetik yaradıcılığı haqqında yazdığım resenziya ilə təbrik edirəm!
***
Məhz fb səhifəsindən Adilə Nəzərin yaradıcılığı ilə tanış olmağa başlamışam. Bu istedadlı şairə başqalarından fərqli olaraq (özüm də daxil) əsasən yeni əsərlərini – şeirlərini, esselərini, nəzəri fikirlərini, müddəalarını isti-isti paylaşır ki, bu da dostluğunda olan fb istifadəçiləri arasında çoxsaylı bəyənmələrlə müşayiət olunur, ajiotaj yaradır.
Ancaq hər poetik nümunəsi istənilən səviyyədə olmur, gözlənilən effekti vermir, zənnimcə, bəzi hallarda zəif yazıları güclü yazılarını üstələyir. Əlbəttə, bu, həm də onu göstərir ki, poetik incilər həmişə ələ düşmür:
İlahi qəbul et, “varlıyam” Səndən,
Baxma ki, sinəmdə min bir ahım var.
Sənin mənim kimi günahkar bəndən,
Mənim Sənin kimi bir Allahım var.
Bu şah bəndin yaradıcısı haqqında 2015-ci ildən başlayaraq onun ürəyimdə əks-səda doğuran bəzi gözəl, Allahdan bir əta kimi bəxş olunan şeirləri haqqında ayrı-ayrı vaxtlarda notbukumun klavişeləri ilə birbaşa yazdığım şərhlərimi – fb resurslarını nəzərdən keçirərkən, özüm üçün müəyyənləşdirdim ki, şairənin əhval-ruhiyyə şeirlərini – optimist, pessimist və skeptik-mistik təsnifatla təhlilə cəlb etsəm, daha məqsədə uyğun olar. Onu da öncə qeyd edim ki, Adilə xanımın bir mənbə kimi istifadə etdiyim sonuncu kitabına ("Xəbərin oldumu?") daxil olan şeirləri (kompozisiyasına görə) yazılma tarixi, xronoloji ardıcıllığı göstərilmədən müəyyən yaxın mövzular üzrə qruplaşdırılıb.
Ancaq əvvəlcə “ürəyi ovcunda” olan bu şairənin avtoportretinə tamaşa edək, bəsirət gözlərimizlə görək “Kimdir, nəçidir, Adilə? Bu xanım zahirən, daxilən necə görünür?”:
Ürəyim ovcumda yenə bu gecə
Gəzirəm şəhəri küçəbəküçə.
Quş olsa qanadı qalxmazdı uça -
Bu mənəm...
Yollar da yorulur ayaqlarımda,
Sükutdan çatlayır qulaqlarım da.
Bir kitab yazıram tale haqqında -
Bu mənəm...
Erkən yıxılıram yeddinci qatdan,
Gözümdən silinir arzu, murad da.
Çəkilir cənnət də ayağım altdan -
Bu mənəm...
Könlümdən hər gecə bircə səs keçir,
Keçir, taleyimə qaralar biçir.
Bir körpə gözümdən yaş süzüb içir -
Bu mənəm...
(“Ürəyim ovcumda”)
Qabaqcadan deyim ki, şairənin optimizmi daha çox onun sevgi şeirlərində öz təzahürünü tapır. Bu təhtəl-şüur hadisəsi şairənin yaradıcılığından, ədəbi taleyindən bir qırmızı xətt kimi keçir. Molla Cümənin “ismi-pünhan” obrazı onu da qarabaqara izləyir. Şairə neçə illərdi ki, çoxdan yolunu gözlədiyi, adına nəğmələr qoşduğu öz məchul “ismi-pünhan”ını axtarır. Bu “ismi-pünhan” abstrakt sevgili obrazı olaraq müxtəlif vaxtlarda, ictimai-məişət səhnələrində konkret görünmür – bir təxəyyül məhsulu kimi, bir ideal kimi canlanır. Bu “görünməz adam” tapılmayan tale kimi, qarşısına açılan pəncərə kimi, o pəncərədən görünməsi ehtimal olunan sabah kimi məftunedicidir:
Gündüzümdən sevinci aparan,
gecəmdən rahatlığı çəkən,
qarşımda küçəyə açılan pəncərəm,
sabahım, sənmisən gələn?
Heç nəyi anlamadım həyatımda.
Çürütdüm ömrümü
heç tapmadığım
taleyimin yolunda.
Qazancım kədərim, təkliyim,
bir də uçuq oldu
dodağımda...
Gündüzlərim toz rəngli.
gecələrin rəngi yox.
Gözü qapalı keçir ömrüm,
sanki bir qasırğada.
Dünənimə solğun çiçəklər əkən,
qarşımda küçəyə açılan pəncərəm,
sabahım, sənmisən gələn?
Adilə xanım bu obrazın axtarışındadır - ondan ötrü darıxır, xiffət çəkir. Şairə üçün həyati əhəmiyyətli bu ədəbi qəhrəman hava kimi, su kimi, “sən” deyə müraciət etdiyi məhrəm, sevimli adam kimi onun optimist şeirlərinin nüvəsini təşkil edir:
Günəşi gəzən gecə,
sözdə çatmayan heca,
gəncliyiçün darıxan yüz yaşında qoca tək
darıxıram səninçün...
Boylanıram acı-şirin çağımıza,
neçə xoşbəxt, neçə ürək ağrımıza,
ilmə-ilmə toxunan hər bağımıza...
lap sonunda ikimizə əl yelləyən ağlımıza...
Dəliliyi seçən gündən
keçdi illər, keçdi aylar, keçdi gün...
Darıxıram səninçün.
İnsan mahiyyət ovçusu, mənəviyyat yolçusudur. İnsan cismən fərqli, ruhən yaxın, ancaq kopya olmayan, təkrarolunmaz bir varlıqdır. Milyardlarla insanın barmaq izləri bir-birlərinə oxşamadığı kimi, biz bir-birimizdən fərqliyik, özgəyik, identik deyilik. Ancaq bu fantastik bənzərsizliklər arasında ruh, fikir şəriklikləri, mənəvi, daxili yaxınlıqlar, qohumluqlar, eyniliklər vəhdəti-vücuddan, İlahi instansiyadan irəli gəlir. Füzuli Tanrıya müraciətlə səbəbsiz deməyib:
Bir özgəni mənə yar eyləməklə sən guya,
Mənimlə yar olanı özgə ilə yar etdin.
İnsanın özü olması elə özükimilərin - özgələrin təsdiqi deməkdir. Hətta şəxsiyyət vəsiqəsində də bir ölkə daxilində eyni qan qruplu vətəndaşların sayı da ( nə qədər zahiri göstərici olsa da) göstərilir. Bu həqiqətləri nümayiş etdirən poetik bir nəzər Adilə Nəzərdən:
Gəzib dolaşsan dünyanı, oxşarını axtarsan mənim olduğum yerdə taparsan.
Əllərin bir doğma əl axtaranda sarmaşıqlar dolaşar biləklərimə – gözlərim yumulu...
Mən ayrı ikən qarışıq, sən küsülüykən barışıqsan mənimlə...
Gözlərin cənnətin tamaşasıykən, seyrində çəkilər canımın ağrısı, - unudular dünyanın qayğısı...
Mən başqası ola bilmədiyimçün özüməm, sən də məndən fərqli deyilsən...
(“Səninləyəm, mənimləsən)
Məkr və məhəbbət, nəfsani istək və Allah eşqi, sevgi və günah, sevgi – əzab həzzi, vüsal-ayrılıq kimi qarşılıqlı antinomiyalar fani insan həyatının ayrılmaz, bir-birindən təcrid olunmaz tərkib hissələridir. Məsumluq – suçluluq, halal – haram, gecə -gündüz bir-birindən ayrı yaşaya bilmir sanki:
Sevmək günahdırsa, günahkaram mən,
Sevərək adlaya bildim nifrəti.
Sevgi gözlərimi kör etdiyindən,
Mən görə bilmədim şanı-şöhrəti...
Kədər-qəm bəzəyir ömür səhfəmi,
Savablar görünmür sabahlar kimi.
Tanrım, məndən alma sevgi töhfəmi,
Qoy qalım sonadək günahkar kimi...
Səma kitabımız “ Bismillah”la başlayır, yəni nəticə etibarilə Tanrımız bizim tövbələrimizi qəbul edən və bağışlayandır. Əsas odur ki, böyük günahlardan çəkinərək yaşamağı bacarasan. Mən aşağıdakı şerimlə Adilə xanıma təsəlli verməyə çalışmışam. :
Harda yazılıb ki, sevmək günahdır?
Sevmək insan üçün istinadgahdır.
Sevginin mənbəyi çünki Allahdır,
Bütün sevənlərə Rəbbim pənahdır.
Adilə xanımın bu əksliklərlə mövcud sevgi dolu, həyat dolu optimist aşiqanə şeirləri bir çərçivəyə sığmır – dünən səssiz, dalğasız bir dəniz kimi göründüyü halda bu gün yenilməz mif şahzadəsinə - gözəllik ilahəsi Afroditaya çevrilir:
Dünən sakit, səssizdim –
dalğasız dəniz kimi...
Bu gün mif şahzadəsi –
dünənki kəniz kimi...
Səhər fikir yığırdım
qapısı bağlı qəlbə.
İndi sığa bilmirəm,
nə vəznə, nə qəlibə.
(“May havası”)
Pessimizm insanın hər hansısa xüsusiyyətə mənfi yanaşma tərzidir. Adətən pessimist insanlar bir çox obyektə eyni anda mənfi yanaşır, gələcəyə dair olan ümid və arzuları olmur, onların bir çoxu həyatda yaşamağın mənasız olduğu və insanların ən qısa zamanda ölməli olduqlarını düşünürlər.
Adilə Nəzərin optimist şeirləri sübh günəşi kimi doğub, külli-aləmi öz şəfəqlərinə qərq etdiyi kimi, pessimist , qəmli şeirlərindən də heç vaxt həyat eşqi, ilahi nur əskik olmur. O, sərbəstdə də, hecada da eyni səviyyədə özünü ifadə edə bilir. Əbədi mövzulara, metaforik deyimlərə meyillidir. Şairin ümumiyyətlə, yaradıcılığı ədəbi nəsillərə - yeni, orijinal şeir təşnələrinə əsl abi-həyatdır:
Daş var – ömrü dəmir kimi,
Ömür var ki, kömür kimi.
Hər gün bir parçam kül olur,
Ömür varmı ömrüm kimi?
Bu misralarla bizi lap kövrəldir Adilə xanım. Əsl azəri qadınları məncə, həmişə fərqli, sədaqətli və cəfakeş olublar. Elə buna görə də hər iki dünyanın zinəti və bəzəyidirlər. Adilənin yuxarıda cəmi dörd misralıq şerindəki müqəyyəd və mükəmməl qafiyələrin gözəlliyinə baxın! Bu, bir daha onu sübut edir ki, qafiyə elminə yiyələnmədən, bu elmi praktik tətbiq etmədən şerin Olimpinə qalxmaq mümkün deyil.
Dərd, qəm, qüssə, kədər kimi sinonim sözlərlə xalqın həyat tərzi, ictimai ədalətsizliklər, fərdi peşmanlıqlar, daxili üzüntülər, baş tutmayan sevdalar, təlx ovqatlar hər yeni nəslin həyatında bu və ya başqa şəkildə eynən təkrarlanır:
Bir dərd evim vardır – sakini tək mən,
Küləklər sovurar, açar qapımı.
Hər gecə bir şeir enər qeybdən,
Döyər pas bağlayan naçar qapımı.
Günəş qürub edər sanki üzümdə,
Bəxtimin rənginə bənzər üzüm də,
Dünya o andaca itər gözümdə,
Çalar bir gül bala, qaçar, -qapımı.
(“Açar qapımı”)
Bu şeir barədə Adilə xanımın səhifəsinə tərəddüdlə aşağıdakı qısa şərhimi yazmışdım:
“ Heç gözləmirdim nəsə alınsın. Ancaq zənnimdə yanıldım. Bu, dünya şeirlərinə yeni bir nəfəsdir. İnsanı öz bədii vasitələrilə düşündürür. Şeirdə həqiqətən də novatorluq - yeni, orijinal yanaşma, yeni ifadə tərzi olmasa, bütün yazdıqlarımız işlənmiş, təkrarlanmış, bitib-tükənmiş, ölü sözlərdən ibarət olardı. Yaxşı ki, Adilə Nəzər kimi kreativ qızlarımız var. Allah ona yar olsun!" (27 may 2015)
Spektisizmin tarixi bizim eradan əvvələ, qədim Yunanıstana gedib çıxır.
Protaqorasın fikrincə, "Hər şeyin ölçüsü insandır. Hər şey mənə necə görünürsə, mənim üçün elədir. Üşüyən üçün külək soyuq, üşüməyən üçün isə külək soyuq deyil. Hər şey üçün bütünlüklə bir-birini inkar edən iki söz deyilə bilər".
Adilə xanımın yaradıcılığında da dünyanın yaranışı, bəşəriyyətin mənşəyi, ruhun təbiətə münasibəti öz subyektiv əksini tapır:
Kimlər kimə beyətdədir,
söyləməz dil, - nəbadə...
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
(“Dünya təzadlar adası”)
Fars dilindən tərcümə etdiyim 12 bölümdən ibarət olan mötəbər “Həzrət Yusifin yuxu yozumları” əsərində insanın röyada gördüyü konkret və mücərrəd əşyaların rənginə, əlamətinə, hərəkət tərzinə və s.-ə görə məntiqi nəticə çıxarılır. Həmin əsərin 8-ci bölümündə (“Paltarlar, geyim əşyaları və s. yuxuda görmək barədə”) baş tükü, saç haqqında cəmi üç cümləlik yozum var:
“Baş tükünün uzanmasını görmək azacıq qəm əlamətidir.
Saçlarını yolmaq öz cütündən – həyat yoldaşından ayrılacağına işarədir.
Saqqal görmək mal əldə etməkdir”.
Adilə xanımın yuxusunu (əgər təxəyyül məhsulu deyilsə) yuxarıdakı sözlər əsasında yozmaq bilmirəm nə dərəcədə doğrudur:
Bu gecə yuxum qarışıb,
yuxuda saç görmüşəm, -
saçsa yoldur, deyirlər.
Saçlarım da içimə uzanırdı nədənsə...
(“Yuxu və ya...)
Adilə Nəzərin metafizik-ezoterik baxışları adi didaktik məsləhətlərdən fərqlənir. Onun “Məndən içəridəki mənin” mənə nəsihəti”nə aşağıdakı münasibətimi bildirmişəm: “ Müstəqim yolla, hidayət yoluyla irəliləyən imanlı, əqidəli, Allah aşiqinin şükrlərini, zikrlərini, dualarını oxudum. Hər kəlməsindən, ifadəsindən, cümləsindən nurlar yağan, sevgilər bərq vuran bu insan mələkmi, insanmı? Bu xanım Burla xatunun, Fatimeyi-Zəhranın, Sara xatunun və bunlar kimi müdrik və şərəfli kimsələrin müasir varisimi, nümayəndəsimi? Bu gözəl və mündəricəli esseni mütaliə etməyi, ondan bəhrələnməyi məsləhət görürəm bütün söz adamlarına. "Sevgi Eşqin uğurlu yolunun zəmanətidir" deyir Adilə xanım. Bu sözləri Allahın camal sifətlərini dərk edən, ilahi eşqi substansiya, cövhər hesab edən bir filosof deyə bilər. Çünki İlahi hüsn olmasa sevginin ən yüksək mənbəyi olan İLAHİ Eşqdən, onun məxluqatda təzahürü olan Sevgidən, məhəbbətdən söhbət gedə bilməz. Necə ki, böyük Füzuli bunu yüksək poetik dillə ifadə edib:
HÜSN ayineyi-cahannümadır,
Keyfiyyəti-EŞQ ona ciladır.
HÜSN olmasa EŞQ zahir olmaz,
Eşq olmasa Hüsn bahir olmaz.
Yəni dünyanı göstərən ayna olan Hüsn - GÖZƏLLİK olmasa EŞQ də olmaz. Bəzi Füzulişünaslar məhz buna görə EŞQ mərhələsində Leyli və Məcnunun -aşiq və məşuqun - hər iki obrazın eyni bir Allahın Özünün Özünə vurğunluğunu göstərən müqəddəs tiplər olduğunu irəli sürürlər. Hər şeyin doğrusunu Allah bilər”.
Adilə xanımın 2017-ci ilin mart ayının 3-də fb-də yayımladığı “Anamın hekayəsi”ni həyəcansız oxumaq mümkün deyil:” Naxçıvan kəskin kontinental iqlimi ilə seçilir, - qışı sərt soyuq, yayı çox isti keçir. Yenə qış fəsli - fevral ayının qarlı-şaxtalı qış gecələrindən biri idi. Sübh çağına az qalmış hamımız səhərin şirin yuxusundan hövlnak oyandıq. Atam yuxuda ufuldadı, zarıdı, sonra birdən səsi kəsildi...
Anam və biz ağlamağa, atamı oyatmağa çalışsaq da atam bizi duymurdu. Səs-küyə qonşular gəldi, sonra kənd camaatı yığışdı. Bizim evdən bir məhəllə yuxarıda yaşayan həkim qohumumuz gəldi. Atamın nəbzini tutdu, göz qapaqlarını aralayıb baxdı, sonra astadan dedi:
- İnsult keçirib, komadadır, yaşayıb-yaşamayacağı Allaha qalıb.
Rayon mərkəzindən təcili yardım maşını gəldi, atamı şəhərə - Naxçıvan mərkəzi xəstəxanasına aparmaq üçün xərəyə uzadıb maşına qoydular. Anam da atamın yanında oturdu və maşın yola düşdü.
İki gün sonra anam evə qayıtdı, atamın vəziyyətinin eyni olduğunu söylədi.
Beləcə 27 gün keçdi, atamın halında heç bir dəyişiklik yox idi. Həmin gün anamla mən atama baş çəkməyə getmişdik. Yol boyu anam heç fikirdən ayrılmırdı, gözünün yaşı qurumurdu, çox solmuşdu gözəl anam...
Xəstəxanaya çatdıq. Avtobus dayanacağından xəstəxanaya çatanadək soyuq iliyimizə işləmişdi. Ancaq anam bunun fərqində deyildi, titrəyərək qapıda duran şəfqət bacısından xahiş etdi ki, onu içəri buraxsın. Qadın anamı gözüyaşlı görüb yazığı gəldi, icazə verdi, tapşırdı ki, tez çıxsın və xəstənin yanında heç səsini çıxarmasın. Anam razılaşıb içəri keçdi, mən astanada dayandım. Qapının azca aralı hissəsindən atamı da, anamı da görürdüm. O, nə isə pıçıldaya-pıçıldaya atamın çarpayısının dövrəsində dolanmağa başladı.
Nəhayət, anam gözləri qızarmış halda çıxdı, əlimdən tutdu, biz səssizcə çıxışa tərəf getdik. Tutulmuşdum, anamın atamın dövrəsində dolanaraq pışıldadıqlarının bir dua olduğunu bilirdim...
Evə çatanda qonşu qadınların və yaxın qohumların adəti üzrə bizdə olduqlarını gördük. Hər gün bir neçəsi atamın halını xəbər almaq üçün gəlirdilər. Anam elə bil evə girməyə bənd imiş kimi hönkürməyə başladı:
- Bu gün başına dolandım, bu gün özümü qurban dedim... Bir də dedim ki, mən bu körpələri təkbaşıma böyüdə bilmərəm, sən sağal, gəl, balalarına sahib çıx, mən sənin yerinə gedərəm...
Günlər keçdi, atam evə döndü, bütün kənd camaatı dəstə-dəstə bizə axışırdı. Bir neçə gün gələnlərin ardı-arası kəsilmədi.
Atam artıq tam sağalmışdı, işə gedirdi. Anamın ağrıları getdikcə artırdı, elə hey sızıldayırdı. Evin içində gəzə bilirdi, həyətə çıxa bilmirdi. Atam anamı həkimə aparmışdı, revmatizm xəstəliyi olduğunu demişdilər. Ancaq dərmanların heç bir xeyri yox idi. Bir neçə gün sonra anam yatağa düşdü. Atam onu başqa şəhərlərə - Bakıya, Sumqayıta, İrəvana aparırdı, dəyişik həkimlərə müayinə etdirirdi, ancaq təyin olunan müalicələrdən sonra anam daha da ağırlaşırdı.
Mart ayının 3-ü idi, o gün anamın ağrılarının, əzabların son günü idi. O yağışlı yaz günü eyni zamanda bir ailənin yetimliyi, səkkiz övladın anasızlığı, bir ərin yarsızlığı... və bir də daha sonralar yazılacaq şeirlərimin kədərli mövzusu olacaqdı...
Bu da bir türk qadınının ərinə qarşı göstərdiyi fədakarlığı, bu da bir ana ürəyi...
Bu il anamın ölümündən nə az, nə çox, 30 il ötdü. Amma bu mənim üşaqlıq-gənclik xatirələrimin ən ağrılı, ən unudulmaz hekayəsi olaraq qaldı”.
Bu təsirli hekayə-esseyə aşağıdakı şərhi yazmaya bilmədim: “ Bu çox kədərli bir həyat hekayəsindən bəlli olur ki, Tanrı sidqi-dillə edilən duaları, iltimasları eşidir. Duxa Qoca oğlu Dəli Domrul Allahdan diləyir ki, Əzrail aman versin, ölümdən qabaq ailəsi ilə vidalaşsın. Allahdan vəhy gəlir ki, canı canla dəyişsin. Ata-anası övladları Dəli Domrula canlarını qıymır. Ancaq həyat yoldaşı Allahdan Dəli Domrula canını fəda etməyə hazır olduğunu bildirir. Bu fədakarlığı Tanrı qiymətləndirib valideynlərinin ömürlərini Dəli Domrula və sevgilisinə bağışlayır. Folklordan təlqin olunan bu fədakarlıq məncə, Allah qatında nəzərə alınıb, xanımın (böyük bir ailəni saxlamaq imkanının olmaması etirafı) xəstə həyat yoldaşının sağalması müqabilində özünü fəda etmək istəyi qəbul olunub. Allah fədakar analara rəhmətlərini yağdırsın!"
20 mart 2017
Hafiz Rüstəm
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar