Xəbər lenti

 
Bəs
Səndən əzəl bu yollardan keçən var,
Şərbət kimi bulağından içən var,
Sarayları tikdirən var, tikən var – 
Saray qalır, tikdirənlər hanı bəs?!
               
İnsan oğlu, bu yollarda düz yeri,
Dağ başının yaylaq olar düz yeri.
Ürəyimdə zoqquldayır duz yeri –
Ağrımazmı iki bölsən canı bəs?!
 
O tay sənin, bu tay mənim - demədim,
Aramızdan keçdi bu çay - demədim.
Haray çəkdin, niyə haray demədim – 
Mən özümü bilmədimmi, yəni bəs?!
 
Çən sürünür, duman dağı alırsa,
Gözlər yolda, əl yaxada qalırsa,
Savalanın çiçəkləri solursa – 
Açılarmı Şahdağının danı bəs?!
 
Üz tutduğum Şəhriyardı – babamdı,
Xanbiçənin laylası da nəvamdı.
Xudafərin oxuduğum duamdı – 
Eşitməzmi bu duamı Tanrı bəs?!
***
 
İstəmir
 
Bəndə yolunu çaşdı,
Halal – haram qarışdı.
Dəniz coşdu, çay daşdı.
Sular da məcrasından
Çıxır qalmaq istəmir.
 
Göydən gəldi dörd kitab,
Quran sonuncu xitab:
“Bəndə, oxu nicat tap,
Qiyamət var, adil ol”.
Adil olmaq istəmir.
 
Hamı uyub şeytana, 
Rüşvət işləyib qana.
Bu dünyanı sahmana
Salmalı adamlar var, -
Amma salmaq istəmir.
 
İbrət almadıq sözdən,
Günah keçibdi dizdən.
Allah da bezib bizdən,
Daha öz bəndəsinə
Allah olmaq istəmir.
***
Biz hələ ölmürük...
 
Qarabağda yağıdı,
Xocalı göz dağıdı.
Şuşa qəm oylağıdı,
Biz niyə ölmürük, Allah!..
 
Zəngəzurdan əsən külək,
Xankəndində dursun gərək.
İrəvan da getdi gerçək –
Biz niyə ölmürük, Allah!..
 
Ağzımızdan tikə getdi,
Park getdi, küçə getdi.
Öldü – bir ölkə getdi,
Biz niyə ölmürük, Allah!..
 
Ölmürüksə dirilt bizi,
Laçın boyu yürüt bizi.
Dədə Ələsgər gözləyir,
O torpaqda göyərt bizi –
Biz hələ ölmürük, Allah!
 
     Bir az da...
 
Sənə gələn yollar çöküb,
Qalan izdimi, yarıqdımı?
Mən olmayan bu günlərdə
Şəkillərin darıxdımı? 
Darıxdımı, 
ayağına daş bağlayıb
quyladığın şəkər sözlər?
bir tədbirdə qarşılaşdıq.
danışmaya-danışmaya
danışırdı retgen gözlər.
saçlarını boyamış 
“kişiciklər” gördüm orda,
Bir az sıxıldım,
Bir az qaldım darda.
Düzü, haqq da verdim sənə.
Düşünsənə...
Heç olmasa 
sənin üzünün rəngi ağdı,
bir az da bozarardı qızanda.
Bir az da mən darıxdım,
Tək qaldığım o anda...

 
 
Görürəm
Narahat yatıram gecələrimi
Yuxumda əjdaha, ilan görürəm.
Bu başdan o başa küçələrini
Şəhərin gəzirəm  - yalan görürəm.
 
Sən də bir yalansan, adi, boz rəngdə.
Susubdu telefon, gəlmir bir zəng də.
Bu da bir taledi - əsən küləkdə,
Əlləri yaxanda qalan görürəm.
 
O sənsən üz tutub göyə yalvaran,
Kəsilib ülfətin, qırılıb aran.
Sevda yollarında suçlu, nigaran…
Qurduğun kumpas var, plan görürəm.
 
Sevgi varsa, hiss hiss ilə hiss olar,
Qatar gedib, gördüklərin bəs olar.
Dağ başında duman olar, sis olar,
Ömür dağlarında duman görürəm.

 
Dəniz, sahil, mən
Dəniz sahilində təkəm, tənhayam,
Qışdır, bu yerlərə yolu düşən yox.
Uçur qağayılar sahil boyunca,
İçində mənim tək bir üşüyən yox.
 
Əynimdə arxalıq, başımda papaq,
Soyuqmu üşüdür görəsən məni?!
Mən nədən unuda bilmirəm axı
Sevgimə yad olan o biganəni.
 
Günahkar sahilmi, yoxsa mənəmmi?
Dəniz ayağıma uzanıb gəlir.
Gəlmir xəyalıma, ruhuma dinclik,
Dəniz sahilində daşlar dincəlir.
 
Qayanın sevgisi, daşın sevgisi
Bəlkə insanlara görk olmalıydı.
Hər ümid, hər arzu, hər xəyal belə
Hər eşqin başında börk olmalıydı.
 
Xəyallar, arzular gerçəkləşmədi,
Hər sevgi içində bir təlatüm var.
Üşüdüm sahildə çırpındı dəniz,
Ayrılıq nidası yazdı dalğalar.
 
Surətin asıldı xəyallarımdan,
Buzlayan baxışlar od aldı getdi.
Nə sən dəniz oldun, nə mən daş sahil,
Sahil də, dəniz də yad oldu getdi. 

 
Gedək
 
Sevdalandıq sirdaş ilə,
Öyündük dost, yoldaş ilə.
Oynayardıq beşdaş ilə -
Bir o yana, bir bu yana.
 
Beşdaş deyil- qaranquşdu,
Üçü pərvazlanıb uçdu.
Cüt qalan da ayrı düşdü – 
Bir o yana, bir bu yana.
 
Keçən gündü, ötən aydı,
Qismət adlı Haqdan paydı.
Nə saydısa fələk saydı – 
Bir o yana, bir bu yana.
 
Arzumuzu içib gedək,
Bir xatirə əkib gedək.
Köçümüzü çəkib gedək –
Sən o yana, mən bu yana.
***
 
 
Belə
Nə salmısan hay-harayı,
Uçub könlümün sarayı.
Keçirtdik bir təhər yayı – 
Yaylaq belə, dağ da belə.
 
Şumlandıqca arxı-ləki,
Əkin yeri gör nə çəkir.
Cəhənnəmmiş qoynundakı – 
Gül də belə, bağ da belə.
 
Boylandıqca ətrafına,
Qılaflılar girdi qına.
Nə gəlibdi insafına – 
Sol da belə, sağ da belə.
 
Dodağında meydi, məzə…
Gözlərində qəzəb-nizə.
Yedirtdiyin nəydi bizə - 
Şor da belə, yağ da belə.

       Adam 
 
Mən səni tanıyıram,
Gülüşündə dərd var, adam.
Burax saxta görüntünü,
Üzə kədər, dərd ver, adam.
 
Dərd ver, dərdinmi azaldı?
Fələk səndən yazmı aldı?
Dərd adında sözmü aldı,
Şair oldu qəddar adam.
 
İlk özünə qəddar oldu,
Özgələrə əttar oldu.
Bəzən dünya çox dar oldu,
Bəzən küncdə çatlar adam.
 
Güzgüdə bax bir özünə,
Gör nə görünür gözünə?!
Bu sənmisən düz-düzünə,
Ya özgələr, yadlar adam...
 
Oxudunmu   ulduzlara,
Gecələri yalqızlara?..
Özün kimi yalqız ara,
Yalqız-yalqız partlar adam.
 
Gözlərində sevinc nəmdi,
Gülüşlərin kədər, qəmdi. 
Tutaq dünya cəhənnəmdi,
Bir ucu da bahar, adam.
***
SALAM ƏFƏNDİM
 
Hüseyn Cavidin heykəli önündə
 
Nə xəyala dalmısan?
Salam…
Salam, əfəndim.
Öncədən gördüklərin
Bir az modernləşibdi,
Keçib zaman, əfəndim.
Qalan hər şey köhnədir,
Elə haman, əfəndim.
 Aldadanlar aldadır,
Allananlar allanır.
Kasıblar daxmalarda,
Zənginlər villalarda…
Dərdlilər dərd çəkirlər,
Hallananlar hallanır.
Dünya əski dünyadır,
Dünya yalan, əfəndim.
 Dünyanın işlərindən
Danışsa da başçılar,
Harda əngəlli iş var 
Krallar qarışdırar.
Silahlanma yolunda
Əl tutub yarışırlar.
Hər yan cəbhəxanadır,
Aman...
Aman, əfəndim.
 Min üzlü siyasilər
Böhtan uydurur yenə,
Yalan düşmür dilindən.
Məzlumun göz yaşı var, 
Bir şey gəlməz əlindən.
Nə İncil vura bilir,
Zalımların belindən,
Nə də Quran, əfəndim.
 İnsan uçsa da Marsa,
Ayaq bassa da Aya,
Bir daha bu dünyaya
Nə Peyğəmbər gələcək,
Nə Şeyx Sənan, əfəndim. 
Kəbədə daşlansa da,
İblis iş başındadı - 
Durur Şeytan, 
Əfəndim...


Ana səhifəyə qayıt        Baxış: 2 640          Tarix: 15-04-2020, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma