Xəbər lenti

  

 

ADP-nin Mətbuat katibi Nurəddin İsmayıl maraqlı publisistik yazıları ilə yanaşı, həm də gözəl şairdir. Ümumiyyətlə, poeziya onun ruhundan irəli gəlir. Bəzən yazdığı publisistik yazılarılarında belə, Nurəddin İsmayıl şeir üslubundan, texnikasından bol-bol faydalanır. Hətta onun yazdığı bəzi məqalələri, nəsr əsərlərini mənsur şeir də adlandırmaq olar.

Nurəddin İsmayılın Şəhriyara nəzirə olaraq qələmə aldığı və redaksiyamızın poçt ünvanına göndərdiyi bir şeirini Ovqat.com oxucularına təqdim edirik:

 

 

 

Ustad Şəhriyarı düşünürkən

 

Heydərbaba, könlüm səni soraqlar,

Ustad yazan dastanını varaqlar,

Yanar əlbət bir də sönən çıraqlar,

Ümidimiz qoy daşlara dəyməsin,

Millətimiz zalıma baş əyməsin.

 

Heydərbaba, başın qanlı, qadalı,

Qəm tutubdu, köksün neytək sədalı,

Nə dövrandı, işi düşmən ədalı,

Bir baxan yox zalım kəsən başlara,

Ürək dözmür gözdən axan yaşlara.

 

Heydərbaba, gözün yolda qalıbdı,

Yarın sağda, yarın solda qalıbdı,

Nədən sənin bəxtin dalda qalıbdı?

Bəsdir belə sinəmizi dağladın,

Qəmi yığıb sazda telə bağladın.

 

Heydərbaba, dünya dönüb tərsinə,

Acıyıbddır, xəmir gəlmir ərsinə,

Çağır, gəlim ayrılığın dərsinə,

Qollarımı qoy dolayım boynuna,

Son qoyaq biz şəri-şeytan oynuna.

 

Heydərbaba, başın duman, çiskindi,

Yolun-izin elsiz qalıb, küskündü,

Aşiq könlüm dərdə talib miskindi,

Hardan gəlib dərd sinəni dağladı,

Dağın-daşın haray çəkib ağladı.

 

Heydərbaba, türkü deyən dilin var,

Bir birindən ayrı düşən elin var,

Məgər indi Urmu adlı gölün var?

Düşmən gəlib suyumuzu qurutdu,

Gec ayıldıq, görən gözü tor tutdu.

 

Heydərbaba, sənin yaşın bilinməz,

Sel bağlayan göz yaşların silinməz,

Vətən birdir, min il keçsə bölünməz,

Namərd quran qurğuları yıxaq biz,

Ayrılığın axırına çıxaq biz.

 

Heydərbaba, zaman bizi haqladı,

Məşqə çəkib, səbrimizlə yoxladı,

Nə oldusa, elə bildik haqladır,

Nə biləydik, çərxi dönən fələk var,

Qarşımızda zalım quran kələk var.

 

Heydərbaba, dünya bizə sınaqdı,

Yarı sevgi, yarı möhnət, qınaqdı,

Zülmə dözmək başda sınan çanaqdı,

Döyüş yoxsa qılınc qından sıyrılmaz,

Ac qarınlar ayran ilə doyrulmaz.

 

Heydərbaba, zirvən dolu qar olsun,

Oğlun, qızın daim sənin var olsun,

Allah türkə nicat versin, yar olsun,

Aydınlaşsın haqqa gedən yolumuz,

Bəs deyilmi sağdan oldu solumuz?

 

Heydərbaba o tay-bu tay qardaşdı,

Övladları əzəl gündən yurddaşdı,

Murov dağım dərddə sənlə sirdaşdı,

Can bədəndən ayrı necə dolansın,

Görüm düşmən qara günə calansın.

 

Heydərbaba, Şəhriyarı neylədin,

Dərdlərini kimə açıb söylədin,

Yad olmuşdu, doğma səslə heylədin,

Dönüb gəldi çəməninə, düzünə,

Nur ələndi Təbrizimin gözünə.

 

29.01.2019

Nurəddin İsmayıl




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 7-02-2019, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma