Xəbər lenti

"The Guardian" yazır ki, dünyanın əsas neft hasilatçısı olan ölkələr neft qiymətlərinin yüksəldilməsi məqsədilə hasilatın ixtisar edilməsi müddətini uzatmaq qərarına gəliblər.Əldə olunmuş razılaşmaya əsasən OPEC, habelə Rusiya da daxil bu kartelin üzvü olmayan daha 11 ölkə neft hasilatının günə 1, 8 milyon barrel ixtisarını daha doqquz ay müddətinə uzadıblar.

Lakin onların bu qərarı bazarı nəinki təsirləndirməyib …əksinə neft qiymətləri düşüb. Brent markasından olan neftin qiyməti 4 faiz azalaraq 51.90 dollara enib. Halbuki OPEC və razılaşmanın digər üzvləri 6 ay bundan əvvəl sövdələşməni imzalayandan bəri qiymət 50-55 dollar civarinda qalxıb-enirdi.

"The Guardian" yazır ki, neft qiymətlərinin düşməsi daha ciddi ixtisara ehtiyac olduğunu deyən ekspertlərin mövqeyinin düzgünlüyünü göstərib.

ETX Capital firmasından Neil Vilson deyib ki, OPEC üzvlərinin qiymətləri qaldırmaq üçün əllərinə imkan düşüb, lakin onlar bu imkandan istifadə edə bilməyiblər. Ekspertin fikrincə, ixtisar müddətinin sadəcə daha doqquz aya uzadılması neft qiymətlərinin qaldırılması üçün kafi deyildi. Üstəlik indi onların ixtisar etdiyi neftin yerini Amerikanın şist nefti dolduracaq.

Səudiyyə Ərəbistanı bildirir ki, əslində dünya bazarındakı izafə nefti 2017-ci ildə ləğv etmək olardı, amma ehtiyatla hərəkət etmək barədə qərar qəbul olunub. Vyana görüşündə iştirak edən nümayəndələr Rusiyanı OPEC üzvü olmayan neft ölkələrinin ələ alınmasında əsas oyunçu adlandırıblar.

Ötən il əldə olunmuş razılaşma neft qiymətlərini yalnız qısa müddətdə sabitləşdirsə də, ekspertlər bunu yaxşı başlanğıc kimi alqışlamışdılar. Onlar son razılaşmaya da ümidlə baxırlar.

“Wood Mackenzie” firmasından Ann-Lyus Hittle deyib ki, əldə olunmuş razılaşma əhəmiyyətlidir, çünki hasilatın ixtisarı barədə sazişin müddətini 2018-ci ilin içərilərinə uzadıb. Hittle deyir ki, əgər ötən il hasilatın ixtisarı barədə razılaşma əldə olunmasa idi, bu ilin əvvəllərindən neft qiymətləri orta hesabla bir barrel üçün 43 dollara düşə bilərdi.Bir sıra başqa ekspertlər də inanırlar ki, razılaşma neft qiymətlərini bu il 50 dollar civarında saxlayacaq.

Deloitte Center for Energy Solutions firmasından Endryu  Slaughter deyir ki, neft hasilatçıları daha dərin ixtisara getməməklə düzgün hərəkət ediblər. Ekspert düşünür ki, daha dərin ixtisar razılaşma əldə etmiş ölkələrin arasında nizamsızlıq yarada bilərdi.

Lakin Səudiyyə Ərəbistanı neft hasilatının ixtisarının verəcəyi faydanın ABŞ nefti tərəfindən heçə endiriləcəyi barədə mülahizələri rədd edir. Səudiyyənin enerji naziri Xalid əl-Falih deyib ki, neft bazarı böyükdür və 2017-ci ildə şist neftini udacaq tutuma malikdir.

Bununla belə, müşahidəçilər deyirlər ki, OPEC-in neft qiymətlərini qaldıra bilməməsi məhz ABŞ-ın şist nefti hasilatının artım sürətləri ilə əlaqədardır. Kolumbia Universitetindən Qlobal Enerji Siyasəti Mərkəzinin həmtəsisçisi Jason Bordoff bildirib ki, şist neftinin hasilat sürətinin artımı OPEC-in ixtisarlarının gətirdiyi faydanın sürətini geridə qoyur.

Bir sıra OPEC nümayəndələri isə ABŞ neftinin artım sürətlərinə dair proqnozları sadəcə olaraq eşitmək istəmirlər və buna inanmadıqlarını deyirlər. ABŞ hökuməti bildirir ki, bu ilin dekabrınadək hasil olunan Amerika neftinin həcmi günə 1 milyon barrel də artacaq. Bu, OPEC-in ixtisar siasyətinin gətirdiyi xeyiri yarıbayarı azaldacaq.

Lakin Bordoff bildirir ki, bu proqnoz ağlabatandır və OPEC-in onu qulaqardına vurması kartelə baha başa gələ bilər. "The Guardian" yazır ki, OPEC-in ötən il əldə etdiyi razılaşma, əslində ABŞ neft sənayesinin hasilata qayıdan quyularının sayını artırıb. Məsələn ötən il ABŞ-da 404 quyu hasilatda idisə, indi onların sayı 901-ə çatıb. (BBC)

 




Ana səhifəyə qayıt        Baxış: 596          Tarix: 26-05-2017, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma