Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
Əz-Zaman, İraq 05.05.2021 Müəllif: Dr. Mutəz Muhy Əbdülhəmid Azərbaycan Ordusu ötən ilin sonlarında 44 gün davam etmiş müharibədə vətən övladlarının qanı və qəhrəmanlığı bahasına Ermənistan üzərində inamlı qələbə qazanıb. Bununla da uzun illər davam edən, torpağın əsl sahibi olan minlərlə azərbaycanlının qətli ilə nəticələnmiş münaqişəyə son qoyulub. Beləliklə, Azərbaycan Ordusu təkcə ölkəsi üçün deyil, həm də bütün islam ümməti üçün böyük bir dastan və qələbə yazıb. Şübhəsiz, hamı kimi Azərbaycan xalqı da öz ordusunun qələbəsinə sevinmək haqqına sahibdir. Xalqın övladları bu qələbə üçün canlarını fəda ediblər. Məh bu üzdəndir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu böyük qələbəni əbədiləşdirmək üçün paytaxt Bakının mərkəzində Hərbi Qənimətlər Parkı da yaradılıb. İlham Əliyev 2021-ci il aprelin 12-də müzəffər Azərbaycan Ordusunun xidmətlərinə həsr olunmuş bu böyük park-muzeyin açılışında iştirak da edib. Burada ermənilərin döyüş meydanında qoyub qaçdıqları bəzi silahlar, ağır texnika, raket sistemləri, hərbi maşınlar və digər hərbi sursatlar nümayiş olunur. Parkda Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanmış lövhə də diqqəti cəlb edir. Bu, unudulmaz və özünəməxsus qənimətdir. Həmçinin Hərbi Qənimətlər Parkında Ermənistanın tarixi Şuşa şəhərini məhv etmək üçün oraya atdığı dağıdıcı “İsgəndər-M” ballistik raketinin qalıqları da sərgilənir. Dağıntılar Bu müharibə həm də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi dağıntıların miqyasını üzə çıxarıb. Məlum olub ki, Azərbaycan tərəfinə vurulmuş zərər ərazilərin işğalı və mülki şəxslərin qətli ilə məhdudlaşmır. Onun miqyası daha böyükdür. Az qala 30 il davam etmiş işğal zamanı ermənilər Azərbaycanın tarixi və dini abidələrini, eləcə də ibadətgahları, o cümlədən 70-dən çox məscidi vəhşicəsinə dağıdıb. Bu mənada, Bakıda açılmış muzey Azərbaycan xalqının erməni işğalçıları üzərindəki qələbəsini sənədləşdirməklə yanaşı, düşmənin ötən onilliklər ərzində törətdiyi müharibə cinayətlərini də yaddaşlara əbədi həkk edir. Xatırladaq ki, bu gün bir çox ölkədə hərbi muzeylərə rast gəlinir. Məsələn, Rusiya və Polşa alman faşizmi üzərində qələbəni sənədləşdirmək üçün bu cür hərbi muzeylər yaradıblar. İşğala son və məcburi köçkünlərin qayıdışı Azərbaycanın Qarabağ regionunu 2020-ci ilin sentyabrında başlamış müharibə nəticəsində erməni işğalından azad etməsi dünyanın miqyaslı və uzunmüddətli məcburi köçkün problemlərindən birinin səbəblərini aradan qaldırıb. Məsələ ondadır ki, Ermənistanın 1990-cı illərin əvvəllərində başladığı hərbi təcavüz, Azərbaycan torpaqlarında həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb. Bunadək isə artıq yüz minlərlə azərbaycanlı Ermənistandan qovulmuş, qaçqın kimi Azərbaycana sığınmışdı. O vaxtdan bütün köçkünlər müvəqqəti olaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Bu insanlar uzun illər ən ağır şəraitdə yaşayıb, ilkin dövrdə 1600-dən çox qəsəbədə, 12 çadır düşərgəsində, ayrı-ayrı kəndlərdə, yük vaqonlarında, yarımçıq tikilmiş binalarda, iaşə məntəqələrində məskunlaşmağa məcbur olub. Nəhayət, Ermənistan tərəfinin Azərbaycana ötən ilki hücumu da yüz minlərlə insanı sarsıtmış, minlərlə ailəni müvəqqəti olaraq evlərini tərk etmək məcburiyyətində qoymuşdu. Onların arasında vaxtilə erməni zülmündən qaçmış köçkünlər də var idi. Sonradan bu insanların çoxu geri qayıtsa da, 85 ailə hələ də Azərbaycanın Tərtər rayonunda köçkün kimi qalmaqdadır. Bu ailələrin məskunlaşdıqları evlər cəbhə xəttinə yaxın olduğundan, müharibə zamanı ciddi zərər görüblər. Qeyd edək ki, ermənilər bilərəkdən məhz yaşayış məntəqələrini artilleriya atəşinə tuturdular... Azərbaycan dünyada düşünülmüş iqtisadi siyasəti ilə öncül dövlətlərdən biridir. Məhz bu siyasətin nəticəsində o, humanitar yardımlar alan ölkədən donor ölkəyə çevrilib. 1998-ci ildən bəri Azərbaycan Respublikası evlərindən didərgin salınmış sakinlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı iş aparıb. Nəticədə köçkünlərin müvəqqəti məskunlaşması üçün 100-dən çox yaşayış məntəqəsi salınıb. Hökumət infrastruktur layihələri həyata keçirməklə, məktəblər, xəstəxanalar tikməklə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması baxımından böyük irəliləyişə nail olub. Ötən illər ərzində ağır şəraitdə yaşayan 315 minə yaxın insan yeni salınmış qəsəbələrə köçürülüb. Nəhayət, onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı təmin ediləcək. Yeri gəlmişkən, bu insanların öz yurdlarına qeyd-şərtsiz və təhlükəsiz qayıdış haqqı BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İnsan haqları Məhkəməsi və s. beynəlxalq təşkilatın onlarla qətnaməsi ilə də tanınır. Minalanmış ərazilər Bu gün Azərbaycan hökumətinin qarşısında dayanan mühüm məsələlərdən və çağırışlardan biri də azad olunmuş torpaqların Ermənistan tərəfindən basdırılmış minalardan və başqa hərbi sursatlardan təmizlənməsidir. Bu bölgədə basdırılmış minalar hələ də vətəndaşlar üçün təhlükə mənbəyi olaraq qalır. Daha bir hədəf işğal dövründə tamamilə dağıdılmış şəhərlərin və digər yaşayış məntəqələrinin bərpası, bununla da köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunmasıdır. Lakin çox təəssüf ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən qəti şəkildə imtina edir, bu isə ümumi prosesə mane olur. Halbuki, insanların həyatının qorunması, uzun müddət davam etmiş münaqişədən sonra yenidənqurma və bərpa işlərinin sürətlənməsi üçün minalı ərazilərin xəritələrinin verilməsi çox vacibdir. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması haqda Rusiyanın vasitəçiliyi ilə hələ ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan keçən dövrdə yüzlərlə azərbaycanlı vaxtilə işğal altında olmuş torpaqlara ermənilərin basdırdıqları minaların qurbanı olub. Onların arasında azad olunmuş doğma yurdunu görmək arzusu ilə alışıb-yanan, bu ezdən də xəbərdarlıqlara baxmayaraq, oraya gedən köçkünlər də var. Ümumiyyətlə, münaqişə başlanandan bəri minlərlə insan bu ərazilərdə basdırılmış minaların partlaması nəticəsində həyatlarını itirib və ya ağır yaralanıb. Beləliklə, Ermənistan işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması üçün vacib məsələ olan minaların təmizlənməsi işində əməkdaşlıqdan israrla boyun qaçırır. Odur ki, Azərbaycan hökuməti dünya birliyinin Yerevana təzyiq etməsini gözləyir. Bununla yanaşı, Azərbaycan artıq özü ərazilərini minalardan təmizləməyə, həmçinin azad olunmuş kənd və şəhərlərin yenidən qurulmasına başlayıb. Bakı məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmaq əzmindədir. Hazırda bu istiqamətdə bir sıra pilot layihə də həyata keçirilir. Eyni zamanda, yurd-yuvasına qayıtmaq istəyən şəxslərin sayının dəqiqləşdirilməsi üzrə ilkin dəyərləndirmələr aparılır. Tərəflər arasında hələ 2016-cı ilin aprelində baş vermiş qısamüddətli müharibə zamanı önəmli yüksəkliklərin azad edilməsi ilə Ermənistan Silahlı Qüvvələrinin nəzarətindən çıxmış Cocuq Mərcanlı kəndinə həyata keçirilmiş qayıdış nümunəsi də uğurlu inteqrasiya və qayıdış təcrübəsi kimi tətbiq ediləcək. Cocuq Mərcanlı həqiqətən də bu mənada unikal layihədir. Onu dünyada ilk dəfə Azərbaycan həyata keçirib. Kənddə düz 23 il sonra öz doğma yurduna qayıtmış 150 ailə üçün münasib şərait yaradılıb. Beləliklə, müharibə bitib, təxminən 30 il davam etmiş işğala son qoyulub. İndi Azərbaycan xalqı daimi sülh şəraitində yaşamaq istəyir. (Ərəb dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər