Xəbər lenti


Əl-Hərir, Əlcəzair
15.07.2021


Müəllif: Husam Əbdüləlim
Bura Azərbaycanın Şuşa şəhəridir. Burada təbiət öz-özlüyündə çox şey danışır, milli irs və abidələr minlərlə il uzağa gedən tarixə şahidlik edir. Şəhər Azərbaycan Respublikasının qərbində, Kirs dağı ətəklərində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə salınıb. Şuşa Qırxqız, Murov, Bağqıran, Sarıbaba dağlarının əhatəsindədir. Bu mövqeyi onu təkcə Qarabağda deyil, bütün Qafqaz regionunda ən gözəl məkana çevirir.

Tale elə gətirmişdi ki, 0,29 min kvadrat metr sahəsi olan, azərbaycanlıların xüsusi məhəbbət və sevgi ilə bağlandıqları bu şəhər 30 il idi tərk edilmiş vəziyyətdə idi. O, digər Azərbaycan rayonları ilə birlikdə, bu yaxınlarda geri qaytarılıb. Uzun müddət keçsə də, Şuşa öz gözəlliyini, əsrarəngiz təbiətini qoruyub saxlayıb. Şuşadan fərqli olaraq, geri qaytarılmış digər rayonlarda daş daş üstə qalmayıb. Həmin rayonlarda iyirminci əsrin sonlarına uyğun sadə memarlıq üslubunda minlərlə evdən yalnız izlər və qalıqlar var. Halbuki, bir vaxtlar buralarda bir milyona yaxın insan yaşayıb. Onlar 1990-cı illərin əvvəllərində ev-eşiyindən didərgin salınıblar.

Şuşa şəhəri ötən 30 il ərzində yenidənqurmadan, təmirdən uzaq qalıb. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən təməli qoyulduqdan bu yana Şuşa ilk dəfə otuz il sakinsiz qalmışdı. O, düşmən hücumlarından müdafiə məqsədilə istehkam kimi salınıb. Məhz buna görə də qala-şəhər sayılır.

17 məhəllədən ibarət olmuş şəhərin hazırkı mənzərəsi çox fərqlidir. İndi Azərbaycan hökuməti şəhəri inkişaf etdirmək, əvvəlki ruhunu ona qaytarmaq üçün strateji planın icrasına başlayıb. Plana görə, Şuşa dünyada ən böyük turizm və kurort şəhərinə, eləcə də daxili və xarici turizm üçün müalicəvi istirahət mərkəzinə çevriləcək. Şəhərdə inkişaf və yenidənqurma prosesinə artıq start verilib. Oradakı qədim tarixi tikililər, eləcə də 3 qədim məscid və 1 kilsənin təmiri aparılır. Ümumiyyətlə Qarabağ regionunda 27 məscid olub.
Buradan 30 il əvvəl deportasiya olunmuş sakinlərin şəhərdə yenidən məskunlaşmasına şərait yaratmaq üçün Şuşada mənzillər, evlər, digər yaşayış məskənləri tikilir və təmir olunur.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev “əl-Əxbar”a müsahibəsində deyib ki, yenidənqurma işləri Azərbaycanın azad etdiyi rayonlardan olan Füzulidə beynəlxalq hava limanının tikintisini də nəzərdə tutur. Onun sözlərinə görə, tikintisi davam edən aeroportun bu ilin sentyabrın 15-də fəaliyyətə başlayacağı gözlənilir. Hava limanı Şuşa şəhərindən 80 kilometrlik məsafədə yerləşir. Beləliklə, yeni aeroportdan bu şəhərə avtomobillə 40 dəqiqəyə gəlmək mümkün olacaq. Qarabağla digər rayonlar arasında gediş-gəlişi asanlaşdırmaq məqsədilə yeni avtomobil yolları da tikilir.

Qarabağ üzrə media məsulu Ziyazadə isə bildirir ki, Azərbaycan gələn il Şuşanın 270 illiyini təntənəli şəkildə qeyd etməyi planlaşdırır. Onun sözlərinə görə, Bakı dost ölkələrin Qarabağdakı yenidənqurma işlərinə investisiya yatırmasını istəyir.
Milli maraqlardan çıxış edən Azərbaycan xüsusilə müharibədən sonra regionda və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn aliliyinin təmin edilməsinə çalışır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Hərir


Ana səhifəyə qayıt        Baxış: 3 668          Tarix: 15-07-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma