Xəbər lenti

"Çinin Tacikistanda hərbi baza yaratmasında əsas məqsəd "Taliban”dan müdafiə sistemini qurmaqdır və bu addım Moskva ilə razılaşdırılıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Düşənbənin Əfqanıstanla sərhəddə Çinə hərbi baza yaratmağa razılıq verməsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, Çinin bu addımı Rusiya və ABŞ-la deyil, daha çox Hindistanla problemlərə, gərginliyə gətirib çıxaracaq:

"Çinin Tacikistanın Əfqanıstanla sərhəddə hərbi baza yaradacağı yerdə həm də Hindistanın sərhədi mövcuddur. Bu baxımdan Pekinin sözügedən ərazidə hərbi baza yaratmaq məsələsi əsasən Dehlini narahat edir. Bazanın yaranacağı məntəqə yüksəklikdə yerləşir və orada müxtəlif ölkələrin, o cümlədən Hindistanın sərhədi birləşir. Bir çox ölkələr bu ərazini öz nəzarətləri altına götürmək istəyib. Amma göründüyü kimi, sonda əraziyə Çin hərbçiləri gəlir”.
Lakin T. Zülfüqarov sözügedən məsələnin bölgədəki mövcud durumda ciddi dəyişikliyə gətirib çıxaracağını düşünmür:

"Tacikistanı hazırda əsas narahat edən məsələ Əfqanıstandakı "Taliban” hökumətidir. Tacikistanın Çinə hərbi baza yaratmağa razılıq verməsinə gəldikdə, Düşənbədə başa düşürlər ki, ənənəvi olaraq Çinin taliblərə təsiri böyükdür. Tacikistanla Qırğızıstan arasında da sərhəd gərginliyi hökm sürür. Bu baxımdan Çinə hərbi baza yaratmağa icazə vermələri Düşənbənin öz mövqeyini gücləndirməsinə hesablanıb.

Həmsöhbətimiz düşünür ki, Vaşinqton Çinin Tacikistanda bu müstəvidə möhkəmlənməsini sakit şəkildə həzm edəcək:

"Çünki o bu məsələdən uzaq olmağı istəyir. Moskvaya gəldikdə, bölgədə məsuliyyətin bir hissəsini Çin öz üzərinə götürəcək. Tacikistanın digər hissəsində Rusiyanın hərbi bazası yerləşir. Bu baxımdan həmin addımda əsas məqsəd "Taliban”dan müdafiə sistemini qurmaqdır. Ona görə də Çinin Tacikistanda hərbi baza yaratmaq niyyətini Moskva ilə razılaşdırdığını da istisna etmirəm”.



Ana səhifəyə qayıt        Baxış: 3 075          Tarix: 29-10-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma