![](/templates/Wmediat51/images/vetendash.jpg)
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkədə yazıb.
"Rusiya Prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, İranın nüvə proqramı, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik", - Tramp yazıb.
İki ölkə liderləri arasında telefon danışığı barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da brifinqdə məlumat verib.
Onun sözlərinə görə, söhbət demək olar ki, bir saat yarım davam edib.
Putin telefon danışığı zamanı Trampı Moskvaya səfərə dəvət edib. Dövlət başçıları əlaqələrin davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
Həmçinin, qarşılıqlı səfərlər barədə razılıq əldə olunub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin söhbətindən sonra jurnalistlərə bildirib ki, Tramp Putinlə söhbətində Ukraynada döyüşləri mümkün qədər tez dayandırmağı və problemin sülh yolu ilə həllini müdafiə edib. Putin də öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib.
Xatırladaq ki, bu, Putinlə Tramp arasında 2020-ci ilin iyulundan bəri ilk söhbətidir. Bundan əvvəlki söhbət Trampın əvvəlki prezidentlik dövründə olub. Eyni zamanda, bu, Rusiya Federasiyası və ABŞ liderləri arasında 2022-ci ilin fevralından bəri ilk söhbətdir (o zaman Putin Co Baydenlə danışmışdı).
Paylaş: