![](/templates/Wmediat51/images/vetendash.jpg)
“Mənə elə gəlir ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız İsrail-İran münaqişəsinə qoşulmamalıdırlar. Çünki bu, Cənubi Azərbaycanla bağlı olan bir münaqişə deyil, əksinə, şovinist fars rejiminin yürütdüyü siyasətlə bağlıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Xaləddin İbrahimli deyib.
Analitik İsrail və İran arasındakı qarşıdurmanın hərbi münaqişəyə çevrilməsi təqdirində cənubi azərbaycanlıların bu məsələdəki rolundan, habelə bunun Cənubi Azərbaycan üçün mənfi və müsbət tərəflərindən söz açıb:
“Onlar bu qədər aqressiv siyasət yürüdən zaman, əsasən, İran türklərinə arxayın olurlar. Yəni onların məqsədləri soydaşlarımızı, İranda yaşayan çosxaylı türkləri ətraf ölkələrlə düşmən etməkdən ibarətdir. İran rejiminin Azərbaycana yönəlmiş siyasətində də bu, var. Ona görə də cənublu soydaşlarımız qətiyyən buna müdaxilə etməməlidirlər və İran-fars rejimi yürütdüyü aqressiv siyasətin cavabını bilavasitə özü verməlidir. Əslinə qalsa, bunun heç İran əhalisinə də aidiyyəti yoxdur. Çünki İran xalqı rejimin dəyişməsini istəyir. Ona görə də buna yalnız rejimin özü cavab verməlidir”.
Tehranda səfirliyimizə qaşrı həyata keçirilən terror aktına toxunan siyasi şərhçi cənublu soydaşlarımızın bu məsələyə səssiz qalmasını da şərh edib:
“O ki qaldı cənubi azərbaycanlıların Tehrandakı terror aktına reaksiyasına, təəssüf ki, Cənubi Azərbaycanda İranın indiki hakimiyyəti ilə əlaqədə olan müəyyən bir zümrə var. Daha çox bunlar tacir zümrələridir və onların cəmiyyətə təsiri az deyil.
İranın bütövlüyünü istəyən müəyyən zümrələr mövcuddur. Lakin bölgədə milliyyətçi qüvvələr də var. O milliyyətçi qüvvələr də çox təəssüf ki, belə hadisələrdə bəsitlik göstərirlər və bu, çox üzücüdür. Məsələn, onlar Tehranla İrəvanın qardaşlamasına, yaxud İranın Qarabağ siyasətində tutduğu mövqeyə etiraz etməliydilər”.
Onun sözlərinə görə, fars rejimi bu etirazları görməyəndə ürəklənir və belə hadisələr törədirlər:
“Uzun zamandır güclü bir təbliğat aparılır və əhalinin bir çox qisminə şiəlik ideologiyası ilə bərabərliyi təlqin edirlər. Amma indiki rejimin bu ideologiyalara heç bir aidiyyəti yoxdur. Ona görə də Azərbaycan dövlət olaraq maarifləndirmə istiqamətində çox ciddi işlər aparmalıdır. Oradakı əhalini Allahın ümidinə buraxmaq olmaz. Əgər oradakı əhaliylə ciddi iş aparılmasa, İran rejimi cənubi azərbaycanlıları qarşısına alıb Azərbaycan və Türkiyəyə qarşı daha aqressiv siyasət yürüdə bilər. Çünki İranın dərdi nə ABŞ, nə də Avropadır. İranın tək dərdi Türkiyə və Azərbaycandır”.
“Ona görə də oranı boş buraxmaq olmaz. Çünki bu gün heç kim deyə bilməz ki, İran rejimi oradakı əhalini bizim üstümüzə qaldıra bilməz. Bu, tarixdə olub. Səfəvilərin dönəmində də Vatikanın təsiri ilə Osmanlı ilə müharibələr aparıldı. Ona görə də tarixdən nəticə çıxarılmalı və cənubdakı soydaşlarımızı bu propaqandadan uzaq tutmalıyıq”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Paylaş: