Xəbər lenti

“Türkiyə Avropa İttifaqına daha çox qaz satmağa hazırdır, lakin infrastruktura sərmayəni əsaslandırmaq üçün uzunmüddətli öhdəliklər istəyir”.

Musavat.com xəbər verir ki, bunu “Bloomberg”ə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, ölkəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən qaçmaq üçün israr etdiyi mürəkkəb svop rejimi ilə razılaşmır.

Avropa Ukraynadan tranzit keçən Rusiya qazını əvəz etmək üçün alternativ qaz tədarükünü təmin etməyə çalışır. Moskva ilə Kiyev arasında müqavilə və tranzit sazişi 2024-cü ilin sonunda başa çatır. Bəzi variantlar arasında Türkiyənin hazırda Azərbaycandan aldığı Azərbaycan qazının Avropaya yönləndirilməsi və bu həcmlərin Türkiyə bazarına əlavə Rusiya qazı tədarükü ilə əvəzlənməsi də var. “Bloomberg” qeyd edir ki, Türkiyə Bolqarıstan vasitəsilə ixracı genişləndirməkdə daha çox maraqlıdır.

Bayraktar agentliyə Avropanın qaz mübadiləsi təklifini müsbət dəyərləndirib, lakin Aİ-dən uzunmüddətli alışa dair təminat istədiklərini deyib:

“Mənə sizdən bu zəmanət lazımdır - 10 il, 15 il müddətində alışlar dayanmayacaq. Bu müzakirələr bazardan və imkanlardan xəbərsiz aparılır. Bizə lazım olan Türkiyə-Bolqarıstan interkonnektorunun tutumunun artırılmasıdır, çünki hazırda o, Türkiyənin texniki cəhətdən təmin edə biləcəyi ildə 7 milyard kubmetrin yalnız yarısını nəql edə bilir”.

Onun sözlərinə görə, Ankara bu həcmi ən azı 10 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanın SOCAR-ı ilə işləyə bilər, lakin Avropadakı tələbatla

bağlı zəmanət almaq istəyir.

Agentlik qeyd edir ki, bu şərhlər Rusiya qazının Avropaya tədarükünün əvəzedicisi axtarışında diplomatik mübahisələrin getdiyini təsdiqləyir.

“Energy Aspects Ltd.” şirkətinin ekspertləri bildirirlər ki, Ukraynadan keçən Rusiya qazını Azərbaycan qazı ilə əvəz etmək planı qarşısında siyasi və fiziki maneələr çox yüksəkdir:

“Gələn il Avropaya hər hansı əhəmiyyətli əlavə tədarük artımını təmin etmək üçün Azərbaycanın istehsalı artırması çətin olacaq”.

Bayraktar Türkiyənin keçən il Bolqarıstanla 1,5 milyard kubmetrə qədər qaz idxalına dair əldə etdiyi razılaşmaya diqqət çəkib. Nazir bunu daha “çevik” həll yolu kimi qiymətləndirib. Müqaviləyə əsasən, Türkiyənin qaz şəbəkəsinə çıxış üçün gündə təxminən 500 min dollar ödəməli olan Bolqarıstan yüksək xərclər səbəbindən üçüncü tərəfin tədarük hüquqlarından istifadə etməsinə icazə vermək üçün müqaviləni yenidən müzakirə etməyə ümid edir.

Türkiyə regional qaz qovşağına çevrilməyi hədəfləyir və artıq yeni yeraltı qaz anbarlarına və mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına, həmçinin Qara dənizdə kəşfiyyat və hasilat işlərinə böyük sərmayə qoyub. Ölkə daxili tələbatı ödəmək üçün demək olar ki, tamamilə idxaldan asılı olsa da, keçən il Rumıniya, Moldova və Macarıstanla bir neçə kiçik həcmli ixrac müqaviləsi imzalayıb.

Ankara həmçinin Türkmənistandan qonşu İran vasitəsilə svop yolu ilə qaz idxalı imkanlarını araşdırır - Bayraktar bu ayın sonunda oraya səfəri zamanı razılığa gəlməyə ümid etdiyini bildirib.

Bundan əlavə, Türkiyənin “Botaş” şirkəti bu yaxınlarda Amerikanın “Exxon Mobil” şirkəti ilə 10 il müddətinə hər il 2,5 milyon tona qədər LNG tədarükü haqqında müqavilə imzalayıb. Bayraktar bunu yaxın günlərdə açıqlayacağına və digər şirkətlərlə müqavilələrə imza atacağına ümid etdiyini bildirib.

Agentlik bildirir ki, Avropa Ukraynanın işğalından sonra Rusiya yanacağından uzaqlaşmağa çalışsa da, Moskva NATO üzvü Türkiyəyə ən böyük qaz tədarükçüsü olaraq qalır, çünki Ankara münaqişənin hər iki tərəfi ilə münasibətləri qorumağa çalışır.

“Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir. 2023-cü ildə Azərbaycan Türkiyəyə Şahdənizdən 10,3 milyard kubmetr qaz (2022-ci illə müqayisədə +17,8 faiz) tədarük edib. “Mərhələ 2” çərçivəsində “Şahdəniz” yatağından TANAP qaz kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər çəkilib. Hazırda onun ötürmə qabiliyyəti 16,2 milyard kubmetrdir. Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə tədarükü 2018-ci ildə başlayıb. “Şahdəniz” yatağından Avropaya tədarüklər isə 31 dekabr 2020-ci ildən başlayıb.

2023-cü ildə onun həcmi 11,8 milyard kubmetr təşkil edib.

Hazırda Azərbaycanın 6 Avropa ölkəsi ilə qaz tədarükü üzrə müqavilələri var: İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan və Serbiya.

Kiyev Moskva ilə tranzit müqaviləsini yeniləmək istəmir. Amma tranzit ölkə rolunu qorumaq üçün Azərbaycandan Avropa İttifaqına tədarüklə bağlı danışıqlar aparır.

Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda bildirib:

“İndi alternativ addımlar nəzərdən keçirilir, başqa bir qaz tədarükçüsü, başqa bir ölkə ilə boru kəmərindən necə istifadə edə bilərik”.

Azərbaycan və ya hər hansı digər qazı Türkiyə və daha sonra Ukrayna vasitəsilə Avropaya çatdırmaq üçün Transbalkan qaz kəmərindən əks rejimdə istifadə etmək, eləcə də dar boğazları genişləndirmək lazımdır.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 565          Tarix: 16-07-2024, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma