“Ukraynada hazırda müdafiə naziri postu tutan dostumuz Rustem Umerova qarşı hücumlar başlayıb. Şəxsən tanıdığım və dostluq əlaqələrindən bələd olduğuma görə, birmənalı şəkildə deyə bilərəm ki, Umerov çox dürüst bir insan, yüksək hazırlıqlı kadr, əsl vətənpərvərdir”.
Ukraynada yaşayan iş adamı, diaspora fəalı Yalçın Qəhrəmanoğlu bunu Musavat.com-a bildirib.
O əlavə edib ki, Umerov nazir postuna təyin edilməmişdən öncə Krım tatarlarının və biz hamımızın ağsaqqalı Mustafa Ağa Cəmilovun köməkçisi və deputat idi:
“İşlərinin çoxluğuna və tutduğu postlara baxmayaraq, hətta azərbaycanlıların çoxluq təşkil etdiyi bazarın kafesinə gəlib, bizlərin məclisində iştirak etməkdən çəkinməzdi. Məhz vətənpərvərliyinə və bacarığına görə, onu müharibə dövründə müdafiə naziri kimi məsuliyyətli bir vəzifəyə təyin etdilər. Çünki Umerov hələ Belarusda danışıqlar zamanı da Ukrayna nümayəndə heyətinə daxil edilmişdi”.
Y.Qəhrəmanoğlunun sözlərinə görə, yüksək məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələn Umerov bu gün düşmənə qarşı mübarizənin ön cəbhəsindədir:
“Ukraynanın ayaq üstə durması, torpaqlarının qorunması üçün milliyyətindən, dinindən asılı olmayaq, Rustem Umerov kimi şəxslər mövcud olmalı, qorunmalıdır”.
Müsavat.com
Paylaş: