Xəbər lenti

Rusiyada Azərbaycana qarşı çirkin təbliğat maşının önündə gedənlər isterik formada yalan, dezinformasiya yaymaqda davam edir. Televiziya kanallarında, çap və onlayn mediada ölkəmizə qarşı böhtan və hədyanlar səngimir.

Növbəti dəfə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "dövriyyəyə" buraxılıb. Kreml onun dili ilə Azərbaycana qarşı hədyanlar yağdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqları, habelə Azərbaycan ərazisində törədilmiş dağıntıları gözləri ilə görən bu şəxs indi gördüklərini deyil, eşitdikləri əsasında qərəzli açıqlamalarla çıxış edib. İddia edib ki, "işğaldan azad edilən ərazilərdə 25 abidə və büst sökülüb".

Şvıdkoy və onun təlimat verdiyi dairələr gözəl xatırlayır ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyi illər ərzində torpaqlarımız sanki daş dövrünə qaytardı. Şəhərlər və qəsəbələr tarixi irs, İslamaqədərki dövrün unikal abidələri vandalizm yaşadı. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi sanki bu yerlərdən bir vəhşi qəbilə keçib: “Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”. Digər bir misal - Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə sağ qalan tikili məscid idi. Onu da işğalçılar yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə dağıtsa da, yer üzündən silməmişdi. Böyük bir ərazidə Azərbaycan tarixinin silinməsinə həm bilavasitə separatçı rejim, həm də Konstantin Zatulin, Mixail Şvıdkoy və onlara bənzər xarici ilhamvericiləri kömək etdilər.

Qarabağdan qayıtdıqdan sonra dağıdılan məscidlər, tarixi abidələrlə bağlı bir etiraz bəyanatı verməyən Şvıdkoy indi durub keçmiş separatçı rejimin qalıqlarının yaydığı dezinformasiyaya istinad edir. Maraqlı olan həm də odur ki, Şvıdkoy və ona bənzərlər Ermənistanın rəsmi mövqeyini də heçə sayır. “Ermənidən artıq erməni olmaq” istəyən Şvıdkoyun və digərlərinin diqqətinə çatdıraq ki, İrəvan bir dəfə də olsun bununla bağlı hər hansı bir rəsmi iddia irəli sürməyib.

Digər bir məsələ ondan ibarətdir ki, Şvıdkoy Rusiya Prezidentinin xüsusi nümayəndəsidir və onun səsləndirdiyi fikirlər Moskvanın mövqeyi kimi qarşılanır. Əlbəttə, Şvıdkoyun söylədikləri cəfəngiyyat olsa da, bunların heç biri təsadüf deyil. Özü də maraqlıdır ki, bu kimi xəbərlər Ermənistanda Rusiyaya rəğbəti olan informasiya resursları tərəfindən tirajlanır. Yəni, rəsmi orqanlarda bu xəbərlərə rast gəlinmir. Hədəf də bəllidir – erməni cəmiyyətinin revanşist hissəsində antiazərbaycan ritorikanı gücləndirmək, Vaşinqtonda imzalanan Birgə Bəyannaməyə qarşı çıxmaq.

Rusiyalı məmurun və onunla həmfikir olanların diqqətinə bir vacib məsələni çatdırmaq istərdik. Azərbaycan ərazisində, xüsusilə işğal illərində, beynəlxalq hüquqa və milli qanunvericiliyə zidd şəkildə quraşdırılmış istənilən obyektin, o cümlədən "abidə"lərin sökülməsi rəsmi Bakının müstəsna hüququdur.

Xatırladaq ki, Şvıdkoy bundan əvvəl də separatçılara dəstək nümayiş etdirib. Söhbət Qarabağda separatçıların və rus hərbçilərinin qanunsuz quraşdırdığı erməniəsilli rus rəssamı İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün götürülməsindən gedir. Halbuki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə Azərbaycanın razılığı olmadan yerləşdirilən həmin abidə mədəni təşəbbüs yox, siyasi akt idi. Hələ Xocavənd rayonunda, yenə də Rusiya sülhməramlılarının iştirakı ilə Hitlerin əlaltısı olmuş, erməni nasizminin xaç atası Qaregin Njdeyə heykəlin qoyulmasını demirik. Nə üçünsə həmin vaxt Şvıdkoy faşistə heykəl ucaldanları pisləməmişdi. Bu addımlar bir tərəfdən Azərbaycanın suverenliyinin pozulması, digər tərəfdən isə sülhməramlı mandatından qanunsuz istifadəsi idi.

Şvıdkoyun ikiüzlü və riyakar olduğunu digər bir faktla da sübut etmək olar. Bu şəxs əvvəllər dəfələrlə özü etiraf edib ki, Azərbaycan dövləti heç bir xalqın mədəni irsinə qarşı deyil. Əksinə, müxtəlif mədəniyyətlərin birgəyaşayışına və dialoquna əsaslanan regional sabitlik modelini təşviq edir. İndi isə durub Azərbaycanı abidələrin sökülməsində ittiham edir.

Göründüyü kimi, özünü əvvəllər Azərbaycanın dostum kimi qələmə vermiş bu şəxs indi erməni lobbisi və separatçıların himayədarına çevrilib. Sadəcə Şvıdkoyun korşalan yaddaşını təzələyib demək istərdik ki, Azərbaycan hər hansı bir qərar qəbul edəndə kiməsə hesabat verməyə borclu deyil. Yəni belə məsələlər yalnız daxili gündəm kontekstində həll olunur. Suveren ölkənin daxili işlərinə qarışmaq və böhtan yağdırmaq isə yolverilməzdir.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 482          Tarix: Bu gün, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma