Xəbər lenti

 

Qətər böhranı getdikcə səngiyir. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin bu kiçik körfəz ölkəsinə qarşı tətbiq etdikləri sanksiyalar artıq əhəmiyyətsiz çığır-bağır şousuna bənzəyir. Rəsmi Doha isə ərəblərin Fars körfəzində ona qarşı qurduqları mühasirəni iki gəmiylə yarıb Omana çıxdı.

Üstəlik, gəmilərin qadağan olunmuş zonadan necə rahatlıqla keçməsini canlı yayımla bütün dünyaya translyasiya etdi. Səudiyyə Ərəbistanı və onun liderliyindəki ərəb koalisiyası isə Qətər gəmilərinin körfəzin sakit sularında hərəkətini seyr etməklə kifayətləndilər.

Bu da azmış kimi, Qətərlə ABŞ ordusunun iki gəmisinin dünən Fars körfəzində hərbi  manevrlərə başladığı xəbərləri yayıldı. 

Sözsüz ki, Qətərin bu manevri Riyada və bütünlüklə ərəb dünyasına meydan oxumaq idi. Ən azı ona görə ki, ərəb mantalitetində zəif bir qüvvənin böyük qüdrət qarşısında çəkinmədən hərəkət etməsi qələbə hesab olunur. Necə ki, 14 əsr bundan öncə Məhəmməd peyğəmbərin 3 minlik ordusunun 100 minlik Bizans mühasirəsindən heç savaşmadan geri çəkilməsi uzun illər ərəb və müsəlman xalqlarında böyük zəfər dastanı kimi dillər əzbəri olub və olmaqdadır (Mütə müharibəsi). Prinsip etibarilə, Qətər də eyni cəsarətlə ərəb dünyası qarşısına çıxdı, onların mühasirəsini yararaq qüdrətini nümayiş etdirdi.

İşə bax ki, Qətər krallığı 2 milyondan bir qədər artıq əhalisiylə bütün ərəb dünyasına liderlik etmək niyyətini də gizlətmir.

 

Bəs, krallığı bu qədər güclü edən nədir?

Zənnimizcə, bu sualın cavabında həm də Azərbaycan hakimiyyətinin güc mənbəyinin sirri və ölkəmizin öz əhalimiz ackən, xarici investiyalara və anlamsız idman yarışlarına böyük pullar xərcləməsinin əsl mətləbi yatır. Niyə belə iddia etdiyimizi anlamaq üçün, gəlin, Qətərin öz gücünü hardan almasına nəzər salaq.

Qətər Fars körfəzində yerləşən, dünyanın ən zəngin ölkələrindən biridir. Adambaşına düşən gəlirə görə, o, 130 min dollarla bütün dünya dövlətlərini qabaqlayır. Bu sahədə Qətərdən sonra ikinci sırada gələn Luksemburq belə, ondan hardasa 30 min dollar geri qalır. Qətərin ən böyük gücü də elə bu zənginliyindədir.

Statistik məlumatlara əsasən, əhalisinin sayına görə dünyanın 143-cü dövləti olan ölkənin bütün maliyyə gücü Qətər İnvestisiya Birliyində (QIA) toplanıb. QİA qlobal iqtisadiyyata yatırdığı 350 milyard dollarlıq kapital ilə dünyanın ən böyük sərmayəçiləri arasında yer alıb.

Maraqlıdır ki, Qətər krallığı da investisiya məkanı olaraq, öz ölkəsindən çox, digər xarici dövlətlərə üstünlük verir. Bunun başlıca səbəbi isə QİA-nin satın almağa çalışdığı səhmlərin dünyanın topdağıtmaz şirkətlərinə aid olmasıdır.

Məlumata görə, QİA ən böyük sərmayəsini Avropa ölkələrinə yatırıb. Almaniyanın dünyaca məhşur ən böyük avtomobil şirkəti “Volkswagen”ə 11 milyard dollar investisiya yatırıraq, bu markanın faktiki olaraq 17-18% səhmlərinə yiyələnib. Yenə Almaniyanın ən böyük bankı sayılan “Deutsche Bank AG”-nin təxminən 1.85 milyard dollarlıq səhmi Qətərin əlindədir. “Porsche”nin də 10 faizinə QİA nəzarət edir.

   

QİA-nın dünyada ən çox investisiya qoyduğu ölkələrdən biri isə İngiltərədir. Məlumatlara görə, Qətərin 40 milyard dollardan artıq sərmayəsi bu ölkəyə yatırılıb. Qətər İngiltərədə eynilə bizim Neft Fondumuz kimi daşınmaz əmlaka üstünlük verib. İngiltərədə ən məşhur tikililər Qətər sarmayəsi hesabına başa gəlib. Bunlardan ən tanınanı isə ABŞ səfirliyinin binasıdır.

İngiltərənin ən böyük super marketlər qrupu sayılan “J SainsburyPlc”-in 22%, Londonun “Heathrow” Hava limanının 20%, “British Airways”-in 20%-lik səhmləri  də yenə QIA-ya məxsusdur.

İtaliya və Fransanın demək olar ki, bir çox şirkətləri artıq Qətərin hesab olunur. Bu barədə uzun-uzadı danışıb baş yormaq istmədiyimizdən, sadəcə bir neçə misalla kifayətlənmək yerinə düşərdi. Bildirildiyinə görə, İtaliyanın moda nəhənglərindən olan “Valentino” 700 milyon avroya Qətər sərmayəsi tərəfindən tamamilə alınıb. QİA İtaliyanın ən böyük enerji şirkəti olan “Eni”nin təkbaşına sahibinə çevrilib. Şell”in 3-5, “Total”-ın 3 faizini alan QİA Fransanın “Louis Vuitton” şirkətinin də tək sahibidir.

 

Onun ortağı olduğu digər Avropa şirkətləri isə bunlardır: “Mark-Spancer”, “France Telekom”, “Arava”, “Credit Suisse”, “Barclays” və s.

Qətər sərmayəsi də bizim kimi idman azarkeşidir. Amma o, bizim kimi qazancı zəif olan idman oyunlarına pul xərcləmir. QİA gözünü çox önəmli sayılan yarış və klublara dikib. Futbol üzrə Avropa Kubokuna, Çempionlar Liqasına sponsorluq etməklə yaşanı, Qətər sərmayəsi həm də “Paris Saint Germain”, “Barcelona” kimi marka dəyəri yüksək komandaların da maliyyə yükünün altına girməkdən çəkinmir. Görünür, bunun da başlıca səbəbi krallığın sahiblərinin daha imkanlı olmasından qaynaqlanır. Necə deyərlər, varlığa nə darlıq?

Qətərin bu alicənablığı beynəlxalq idman avtoritetləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, futbol üzrə Dünya kubokunun 2022-ci il yarışlarına ev sahibliyi etmək şərəfi məhz Dohaya layiq görülüb. Bizə isə uzaqbaşı, Avropa oyunları, Gənclərin Avropa olimpiadası kimi “nəverim” yarışlar nəsib olur. Çünki qlobal sərmayədə də çəkimiz qismətimiz kimi “nəverim”dir. Azərbaycanın bütün maliyyə gücünün toplandığı Neft Fondunun gücü 40 milyardı keçmir. Bu isə, QİA-nın təkcə İngiltərənin müxtəlif şirkətlərinə yatırdığı investisiyadan belə azdır.

 

 Qətər sərmayəsi özünün toxunulmazlığını təmin etmək üçün qlobal güc mərkəzlərinə başardığı qədər eyni gözlə baxmağa çalışır. Bunun nəticəsidir ki, qurumun sərmayədarlığında Rusiya da mühüm yer tutur. QİA Rusiya iqtisadiyyatında milyardlarla dollar investisiya yatırıb. O, 2013-cü ildə Rusiyanın ən qabaqcıl banklarından sayılan  V.T.B-nin 500 milyonluq səhmini alıb. St. Petersburqun Pulkovo Havalimanının yüzdə 25%-lik  səhmi də 2016-cı ildən yenə onun əlinə keçib. Elə həmin il bu “alicənablığı” sayəsində QİA-nın İdarə Heyətinin sədri Abdullah bin Məhəmməd əl-Tani həm də Rusiya İnvestisiya Fondunun idarə heyəti üzvü seçilib. O vaxtdan etibarən, Qatar, Rusiya İnvestisiya Fondunun da 2 milyard dollarlıq hissəsinə sahib olub.

Ötən ilin payızından etibarən isə, Qətər rus enerji sektoruna investisiya qoymağa başlayıb. 2016-cı ilin noyabrında Rusiyanın ən böyük şirkəti Rosneftin özəlləşdirilməsinə qatılan QİA onun 20%-lik səhmlərini aldı. Bunun üçün isə səhmin əvvəlki sahibi İngiltərənin neft şirkəti “Glencore”ya (8.2%-i Qatar sərmayəsinə aiddir) 11. 3 milyard dollar pul ödədi.

Zənnimizcə, Dohanın indiki vaxtda rus enerji şirkətlərinə yönəlməsi Qətər böhranın əsas səbəblərindən biridir. Görünür, Rusiya ilə əzəli rəqabətə girən ABŞ hədəfə aldığı bu ölkənin iqtisadiyyatının Qətər sərmayəsi hesabına ayaqda durmasına o qədər də müsbət yanaşmır. Digər ərəb ölkələrinin Dohaya qarşı təşkilatlandırılmasında bu amilin nə dərəcədə yer alıb-almadığını isə bir müddət sonra Qətər-Rusiya münasibətlərinin necə olacağı anlaşdıracaq.

ABŞ-ın Qətərə qarşı ərəb təzyiqini təşkil etməsinə baxmayaraq, rəsmi Doha Vaşinqtona da xeyli alicənab yanaşıb. 2015-ci ildə Nyu-yorkda ofis açan QIA 2020-ci ilə qədər ABŞ-a 35 milyard dollarlıq investisiya yatırmaq istəyir. Hazırda Qətər mərkəzli “Bein” media qrupu Kaliforniyanın kino şirkəti “Miramax”ı aldığı bildirilir.

Ümumiyyətlə, QİA ABŞ-dakı ofis və iş mərkəzləri sahəsinə sərmayə qoyan ən böyük dördüncü investorlardandır. Bu investisiyalar daha çox Nyu-York və Los Angelesin iqtisadiyyatını çiçəkləndirir. Məsələn, ABŞ-ın simvollarından olan “Empire State” binasının sahibi “Empire State Realty TrustInc”-un səhmlərinin 10%-i Qətərə məxsusdur. QİA Nyu-yorkun qərb yaxasında “Brookfield Property Partners”a 8.6 milyard dollarlıq investisiya yatırdaraq mühüm layihələrə imza atır. Son Qətər böhranından sonra Dohanın ABŞ-dan 12 milyard dollarlıq F-15 təyyarəsi almaq barədə razılığa gəlməsini hesaba qatsaq, bu hesab dəftərindəki rəqəmlər xeyli böyüyər.

 

Maye qaz sahəsində Qatarın ən böyük müştəriləri olan Asiya və Sakit okean bazarı, xüsusilə Çin və Hindistan 2014-cü ildən bəri QİA-nın diqqət mərkəzindədir. Doha, Asiyanın bu iki nəhənginə ümumilikdə 20 milyard dollarlıq investisiya qoymaq üçün qollarını çirmələyib. Sinqapurda mənzil və əmlak sərmayələriylə yanaşı, QİA-nın Hong Kongun ən böyük elektrik şirkətində 20%-lik səhmi var. Prespektivdə Qətər bölgədə daha aktiv yer alacağını da gizlətmir. Çinin “Citigroup”una 10 milyard dollar və Yaponiyanın qlobal texnologiya fondu “Soft Bank”a isə 100 milyard dollar yatırmağı planlaşdırır.

Yaxın Şərq regionu da Qətərin diqqətindən kənarda qalmayıb. Məlumata görə, Doha Türkiyənin gəmi tərsanələriylə ciddi maraqlanır. Hətta Türkiyədən 2 milyard dollara hərbi gəmi almaq üçün müqavilə imzalayıb.

Qısası, Qətər xənadanı dünyanın ən güclü iqtisadi qurumlarına  böyük sərmayələr yatıraraq, qlobal gücə çevrilib. İndi onun 3-4 ərəb ölkəsinin qəzəbinə gəlməsinin təsirləri bütün dünyada hiss oluna bilər və qlobal iqtisadi çalxalanmalara yol açar. Odur ki, Qətərin qorunması həm də qlobal iqtisadi tarazlığın stabil saxlanılması deməkdir.

ABŞ-ın ərəb ölkələrini bu kiçik zənginin üstünə qışqırtmasının isə yalnız bir səbəbi vardı-dünyanın Məşədi İbadının əli daha çox cibində olsun və üzünü okeanin o tayına tutsun. Görünür, Vaşinqton bu məqsədə nail olduğundan, Dohaya Fars körfəzində ərəb koalisiyasının qarşısında gəmilərlə at oynamağa icazə verdi. Doha isə bu fürsəti dəyərləndirməyə bilməzdi.

Hazırda Qətər və onun kimi səltənətləri qoruma iksirinə çevrilən bu qlobal sistemin isə bir məqsədi var: kralların və onların səltənətlərin təhlükəsizliyə təminat verərək, dünyanın bütün zənginliklərini sömürmək.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 5 931          Tarix: 17-06-2017, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma