Qətər 4 ərəb ölkəsinin ona verdiyi 13 maddəlik ultimatumu rədd edib.
Ovqat.com xəbər verib ki, rədd cavabı Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani tərəfindən açıqlanıb.
Nazir ultimatumun tələblərinin həqəiqətdən uzaq və həyata keçirlməsi mümkün olmayan şərtlər kimi qiymətləndirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn tərəfindən verilən ultimatumun şərtlərinin 10 gün ərzində yerinə yetirilməsi tələb olunurdu. Qətər isə bu müddəti gözləmədən bir gün sonra öz cavabını verdi.
Bəs, bundan sonra nə olacaq? Ərəb dünyasının nəhəngləri körfəz “cırtdan”ının bu umursamaz tövrünə nə cür reaksiya verəcəklər?
Deyəsən, bu sualın cavabını heç Qətərə barmaq silkələyən ərəb dövlətlərinin özləri də bilmirlər. Nədən ki, Kuveytin vasitəçiliyi ilə rəsmi Dohaya çatdırılan ultimatumda sadəcə tələblər və bu tələblərin yerinə yetirilməsi üçün verilən zaman möhləti var. Bu müddət ərzində tələblər yerinə yetirilməyəcəyi təqdirdə, ərəb nəhənglərinin atacaqları addımlar barədə isə heç bir fikir bildirilmir. Görünür, ultimatum müəllifləri Qətəri beynəlxalq şəraitə uyğun şəkildə cəzalandırmağı düşündüklərindən bu məqamı unutmağa üstünlük veriblər. Əgər ağalarının razılığını alsalar, “cırtdan”ın qulağını buracaq, razılığını almasalar isə sadəcə bəzi hədə-qorxu ilə məsələni çürütməyə çalışacaqlar.
Təsadüfi deyil ki, Yaxın Şərqdə öz borularının ötməsini istəyən ərəb nəhəngləri regionda təsir imkanları olan dünya dövlətləri ilə də Qətər məsələsini müzakirəyə başlayıblar. Hər 4 dövlətin Ankaradakı səfirlərinin dünən Türkiyənin Xarici İşlər Nazirliyində olması və diplomatların qapalı qapılar arxasında Qətər məsələsini müzakirə etməsi də beynəlxalq münasibətləri öz xeyirlərinə dəyişdirmək niyyətindən xəbər verir. Məlumata görə, Türkiyə ilə yanaşı, ABŞ, Avropa ölkələri və Rusiya ilə də bənzər diplomatik görüşlər keçirilir.
Dünya dövlətlərindən Qətər məsələsilə bağlı bəzi siqnallar da gəlməyə başlayıb. Ərəb nəhənglərini sevindirəcək ən önəmli mesaj isə ABŞ-dan verilib. Dünən Ağ evin sözçüsü Sean Spayser ənənəvi mətbuat konfransında Qətər məsələsinə də toxunaraq, bunu ərəblərin “ailəiçi məsələsi” olduğunu açıqlayıb, dolaysıyla, “Cırtdan”ın qulağının burulmasına yaşıl işıq yandırıb və araya girməyəcəyinə eyham vurub.
Yaxın Şərqin əsas aktyorlarından olan İsrailin də mövqeyi aşağı-yuxarı bəllidir. Ərəblər arasındakı ziddiyyətlərin artmasını özünün milli təhlükəsizlik məsələsi hesab edən Tel-əviv üçün bu günədək ölkədaxili münaqişələr kimi seyr edən məzhəb və siyasi hegemoniya müharibələrinin dövlətlərarası konfliktə çevrilməsi göydən düşmüş fürsətə bənzəyir. Nədən ki, vahid bir ideologiya və hədəf ətrafında birləşən ərəb və müsəlman birliyi Fələstin torpaqlarında nüfuzunu artıran, getdikcə daha çox əraziləri ələ keçirən sionizmin öz məqsədlərini reallaşdırmaqda ciddi əngəllər yarada bilərdi. Müsəlmanların başının öz qanlarını axıtmağa qarışması isə həm yəhudi yayılmaçılığı problemini ikinci dərəcəli məsələyə çevirir, həm potensial düşmənləri zəiflədir, həm də ərəb liderlərinin dəstək qazanmaq üçün Tel-əvivə sığınmasını şərtləndirir.
Ərəb nəhənglərinin cəzalandırmaq istədiyi tərəfin Qətər olması da Tel-əvivin maraqlarına tam uyğundur. Çünki Qətərin açıq şəkildə müdafiə etdiyi qrupların başında HƏMAS gəlir ki, bu təşkilatın əsas fəaliyyəti Qəzza zolağında Fələstin xalqının sionizm yayılmaçılığına qarşı dirənişə yönəlib. Maraqlıdır ki, ərəb nəhənglərinin Qətər qarşısında qoyduqları başlıca tələblərdən biri də HƏMAS-ı dəstəkləməmək və bu təşkilatın öndə gələnlərinə öz ərazilərində yer verməməkdir. 4 ərəb nəhəngi bu tələbi ön plana çəkməklə əslində beynəlxalq təsir imkanı güclü olan İsrailin dəstəyini almağa, başqa sözlə desək, yəhidi gücündən faydalanmağa çalışsalar da, əslində, bəlkə özləri də bilmədənTel-əvivin əlinə oynayırlar.
İsrail yetkililərinin Səudiyyə Ərəbistanının yeni vəliəhdi seçilmiş ölkənin Müdafiə naziri Məhəmməd bin Salmanı açıq şəkildə dəstəkləməsi də, dolayısıyla, Qətər məsələsində öz cinahını ortaya qoyması kimi qiymətləndirilə bilər. O səbəbdən ki, Qətər məsələsində ən radikal konflikt tərəfdarı kimi görünən yeni vəliəhd həm də İrana qarşı kəskin mövqeyilə tanınır. Məhəmməd bin Salman ötən il çıxışlarının birində mübaliğə məqsədilə desə belə, İrana qarşı mübarizədə hətta İsraillə də ittifaqa gedə biləcəyini etiraf etmişdi.
Görünür, Məhəmməd bin Salmanın bu mübaliğəsi Tel-əvivdə səmimi niyyət kimi başa düşüldüyündən onun yeni vəliəhd seçilməsinə ən çox sevinənlərin başında elə İsrail gəlir. Bir çox İsrail siyasiləri və politoloqları bu sevinclərini sosial şəbəkələrdə açıq şəkildə ortaya qoymaqdan çəkinməyiblər. Hətta İsrailin İnformasiya və İnformatika naziri öz facebook səhifəsində yeni vəliəhdi təbrik edərək, gözləntisini bu şəkildə ortaya qoymuşdu:
“Ümidvaram ki, bu təyinat Riyad və müttəfiqlərinin sülh dəstəyini də özü ilə bərabər gətirəcək və İran liderliyindəki ifrat İslami təmayül və terrorizmlə mübarizə gücünü artıracaq”.
ABŞ-ın xarici siyasətində yəhudi faktorunun mühüm rol oynadığını nəzərə alsaq, İsrail nazirinin bu mövqeyindən Vaşinqtonun Qətəri ərəblərin “ailəiçi” məsələsi saydığının və körfəz “Cırtdanını” körfəz “divlər”inin ixtiyarına buraxmasının əsl səbəbini anlaya bilərik.
Qətərin gücü
Bununla belə, ərəb “divlər”inin “cırtdan” qarşısında tam üstünlüyündən söhbət etmək də çətindir. Dünyanın super gücünün dəstəyini qazanmaq həlledici uğur sayılmasına baxmayaraq, Qətərin ona verilən 10 günlük möhləti belə, heçə sayması səbəbsiz deyil. Regionun bir çox dövlətlərinin və Yaxın Şərqdə marağı olan güclərin dəstəyini qazanaraq ayaqda dayanmağa çalışan Dohanın əlində ciddi strateji silahları var. Onun arxalandığı ən ciddi silahı isə geopolitik mövqeyidir.
- Strateji neft silahı
Bildiyimiz kimi, Qətər, dünya neft ehtiyatının 40%-dən çoxunun toplandığı Fars körfəzinin tam ağzında yerləşir. Körfəzin bu hissəsində çıxan istənilən hərbi qarşıdurma “qara qızıl”ın qiymətinin hədsiz dərəcədə yüksəlməsinə səbəb ola bilər. Bunun ən bariz nümunəsiylə körfəz ölkələri və dünyanın iqtisadi gücləri İran-İraq savaşında qarşılamışdılar.
İslam İnqilabının qələbə çalmasıyla İranın zəiflədiyini düşünən İraq bunu fürsət bilərək, ölkənin neftlə zəngin ərazilərini ələ keçirməyə çalışmışdı. İlk illər müəyyən zəfərlər əldə etsə də, müharibənin uzanması İranın üstünlük qazanmasıyla nəticələnirdi. İran qarşısında getdikcə çətin vəziyyətə düşən İraq onun Fars körfəzindəki neft quyularına hücumlar təşkil etdi. Səddam Hüseynin bu hücumlarda bir neçə məqsədi var idi.
Əvvəla, o, İranı iqtisadi cəhətdən çökdürmək və müharibəni davam etdirə bilməz hala gətirmək istəyirdi. Bunun üçün Fars körfəzinin hədəfə alınması isə səbəbsiz deyildi. Nədən ki, İranın neft hasilatı və ticarətinin böyük əksəriyyəti körfəzdə həyata keçirilirdi. İraqın isə Mosuldakı neft təsisatları vasitəsilə öz təbii sərvətlərini quru yoluyla nəql imkanları var idi.
Diqər bir səbəb isə körfəzdə neft nəqlini təhlükəsiz hala gətirməklə dünyanın sənaye dövlətlərini bu problemə cəlb etmək, artıq uduzmaqda olduğu savaşı dayandırmağa nail olmaq idi. İraq həqiqətən də bu məsələdə öz məqsədinə çata bildi. İranın da İraq neft mədənlərini bombalamasıyla dünya neft hasilatının böyük hissəsini özündə cəmləşdirən körfəzdə müharibənin dayandırılması üçün ABŞ dövriyyəyə girdi. Çünki ABŞ sənaye quruluşları ən çox nefti körfəz ölkələrindən alırdı. Bu qaynağın kəsilməsi həm neftin qiymətinin birdən-birə yüksəlməsinə, həm də ABŞ sənaye quruluşlarının qan-damar sistemini iflic vəziyyətə düşməsinə yol aça bilərdi.
Bütün bu təhlükələri nəzərə alan ABŞ hərbi filotlarını körfəzə göndərərək, tərəfləri müharibəni dayandırmağa razı saldı. Hər iki dövlət onlara təqdim edilən atəşkəs təklifini məcburən qəbul etməli oldular.
ABŞ-ın maraq dairəsində reallaşan İran-İraq müharibəsinin dayandırılmasının əsas səbəbi olan strateji neft silahı, sözsüz ki, Qətərin də əlində var. Həm də bu silah İraq və İrandakından daha güclüdür.
Üstəlik, dünyanın ən böyük qaz hasilatçısı olan Qətərin uzun müddətli müharibə poliqonuna çevrilməsinə qlobal güclərin imkan verməyəcəyini də Dohada yaxşı anlayırlar. Deməli, Dohaya onu gözləyən müharibədən salamat qurtarmaq üçün ərəb nəhənglərinə qarşı uzun müddətli müqavimət göstərmək potensialı bəs edər. Bunun fərqində olan Doha bir tərəfdən Türkiyə ordusuna öz sərhədləri içərisində yer verir, digər tərəfdən isə Rusiyayla hərbi-strateji müqavilələr bağlayır.
- Dünya dövlətlərinin Qətərdəki maraqları
Qətərin arxalandığı ikinci strateji silahı isə məhz budur - dünya hegemoniyasında özünə məxsus yer tutmağa çalışan dövlətlərin marağına oynaması. Qətər yaxşı anlayır ki, ərəb nəhəngləriylə konfliktə girərsə, Rusiya, İran, bəzi Avropa dövlətləri və regiondakı bir sıra neft ölkələri onu tək buraxmayacaq. Əvvəla, ona görə ki, körfəzdə baş verən konfliktin neft hasilatçılarının da marağına həlledici təsirləri olacaq. İran o səbəbdən Qətəri yalnız buramayacaq ki, ölkənin istər hərbi, istərsə də iqtisadi cəhətdən ən strateji sərhədlərinin düşmən əlinə keçməsiylə razılaşmayacaq.
Rusiyanın isə bu müharibədə maraqları daha mürəkkəbdir. O, ilk növbədə neftin dünya bazarındakı mövcud qiymətlərindən narazıdır. Öz “qara qızıl” hasilatına mənfi təsir etməyəcək bir coğrafiyada yaranan konflikt neftin qiymətinin yüksəlməsi üçün dəridən-qabıqdan çıxan, amma hasilatı da azalda bilməyən Rusiya üçün göydəndüşmə fürsət olardı.
Üstəlik, onun neft bazarında ən ciddi rəqiblərindən biri kimi tanınan Səudiyyə Ərəbistanının da neft hasilatının, ən azı, 80 faizi məhz bu bölgənin payına düşür və rəqibinin cəlb olunduğu müharibə onun öz müştərilərini Rusiyanın xeyrinə itirməsiylə nəticələnə bilər. İqtisadi böhran keçirən şimal qonşumuzun belə bir fürsəti əlindən qaçıracaq qədər cahil olmadığı da ortadadır.
Digər tərəfdən, ən böyük rəqibi ABŞ-ın müttəfiqlərinin və dolayısıyla elə super gücün özünün dünya neft hasilatının ürəyi sayılan körfəzə tam sahiblənməsi də Rusiya üçün böyük təhlükədir. Sözügedən ehtimal reallaşacağı təqdirdə, ABŞ-ın neftin qiymətlərini istədiyi səviyyədə aşağı salmaq imkanları yaranır ki, bu da Rusiya üçün yaxın gələcəkdə tamamilə yoxoluş, iqtisadi çöküş, parçalanma, vətəndaş müharibələrinin yeni poliqonuna çevrilmək və saymaqla bitməyən baş ağrıları deməkdir. Sözsüz ki, Rusiya bu çətin vəziyyətlə qarşı-qarşıya qalmamaq üçün proflaktik tədbirlərini əvvəldən görməli, milli təhdidlərə qarşı öz sərhədlərindən kənarda dirənməlidir.
- Qətərin batmasının qlobal iqtisadi nəticələri
Qətərin mühüm strateji silahlarından biri də, təbii ki, özünün maliyyə gücüdür. 350-400 milyard dollarlıq investisiya gücüylə dünyanın 14-cü böyük investoru kimi çıxış edən bu ölkə dünyanın bir çox nəhəng iqtisadi qurumlarının əsas hissədarıdır. Bu haqda “Fars körfəzində at oynadan cırtdan: Qətər ərəb dünyasına necə qələbə çaldı?” (http://ovqat.com/manset/4155-fars-korfzind-at-oynadan-crtdan-qtr-rb-dunyasna-nec-qlb-cald.html) adlı məqaləmizdə bəhs etdiyimizdən bir də eyni fikirləri təkrarlamaq niyyətində deyilik. Sadəcə onu əlavə etmək də fayda görürük ki, Qətərin çöküşü qlobal sərmayənin ciddi böhran keçirməsinə səbəb ola bilər. Təbii ki, buna da qlobal güclər imkan verməz.
Qətər məhz bu üç böyük strateji silahına arxayın olduğundan ərəb nəhənglərini qarşısına cəsarətlə çıxa bilir.
Heydər Oğuz
Paylaş: