
Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi üzrə mümkün razılaşmalar çərçivəsində İsrail tərəfindən Qəzzadakı keçmiş liderləri Yəhya Sinvar və onun qardaşı Muhəmmədin cəsədlərinin qaytarılmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin "Maan" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Misirdə Qəzza ilə bağlı keçirilən məsləhətləşmələrdə HƏMAS nümayəndələri girov mübadiləsi haqqında sazişə Yəhya Sinvar və onun kiçik qardaşı Muhəmmədin cəsədlərinin hərəkata təhvil verilməsi öhdəliyinin daxil edilməsini istəyiblər. İsrail tərəfi son vaxtlara qədər Yəhya Sinvarın cəsədinin qaytarılmasından qəti şəkildə imtina edir və onu terrorizmin simvollarından biri hesab edirdi.
Xatırladaq ki, Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edib, 2024-cü il avqustun 6-da Tehranda öldürülən İsmayıl Haniyədən sonra hərəkatın Siyasi Bürosunun rəhbəri seçilmişdi. Oktyabrın 16-da Sinvar Qəzzanın cənubunda İsrail hərbçiləri tərəfindən öldürülüb. O, 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrail ərazisinə hücumunun əsas təşkilatçılarından biri hesab edilirdi. Məlumata görə, onun kiçik qardaşı Muhəmməd HƏMAS-ın hərbi qanadının rəhbəri olub. O, bu il may ayında Qəzza zolağında İsrail ordusu tərəfindən öldürülmüşdü.
Paylaş: