“Azərbaycan yığmasının heyətində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan və Avropa Liqasında çıxış edən “Qarabağ”ın futbolçuları yer alıblar. Biz bu səviyyəyə uyğun oynamalıyıq”.
“Report”un məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Noel Kinq 21 yaşadək futbolçular arasında 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı səfərdə keçirəcəkləri oyunu şərh edərkən deyib.
Altmış bir yaşlı mütəxəssis yerli mətbuatına açıqlamasında bildirib ki, rəqib irlandiyalıların təsəvvür etdiklərindən güclüdür. Onun sözlərinə görə, Azərbaycana qalib gəlmək böyük nəticə olacaq: “Uzaq səfəri və şərtləri nəzərə alsaq, bu, çətin tapşırıqdır. Lakin futbolçular yüksək səviyyəyə keçmək istəyirlərsə, onda Azərbaycanla oyun özlərini sübut etmək üçündür. Ola bilsin ki, irlandiyalılar Azərbaycan barədə az məlumatlıdırlar. Ancaq burada 10 milyon insan yaşayır və onların böyük resusları var, irəli gedirlər. Bu komanda insaların təsəvvür etdiklərindən güclüdür. Futbolçularımız uzun məsafəli uçuşa, buradakı iqlimə və isti hava şəraitinə uyğunlaşmalıdırlar. Kosovoya 1:0 hesabı ilə qalib gəldiyimiz matçı göz önünə alsaq, bu, bizim perspektivimizdən xəbər verir. Bu, fantastik 3 xal idi. Azərbaycana da qalib gəlmək böyük nəticə olar”.
Qeyd edək ki, bu gün “Dalğa Arena”da baş tutacaq Azərbaycan – İrlandiya matçı saat 19:00-da start götürəcək. V qrupda çıxış edən yığma səfərdə keçirdiyi oyunda İsrail millisinə 1:3 hesabı ilə uduzub. İrlandiya isə Kosovanı məğlub edib – 1:0.
Paylaş: