"Azərbaycanda sərt şərtlər altında oynayacağıq. Bu komandaya qarşı çıxış etmək çətin olacaq. Rəqibə etinasız yanaşmayacağıq".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının futbolçusu Aaron Hyuz Azərbaycan yığması ilə iyunun 10-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. 38 yaşlı müdafiəçi bildirib ki, tsikl sona yaxınlaşdıqca rəqibdən asılı olmayaraq, hər bir oyun əvvəlkindən daha vacib olur: "Çünki bu halda bilirsiniz ki, qalib gəlsəniz, hədəfinizə və mükafatınıza çatırsınız".
Hazırda Şotlandiya "Hars"ında çıxış edən Hyuz indiyədək Bakıya bir dəfə səfər etdiyini söyləyib: "2013-cü ildə Azərbaycanla oyuna yollanmamışdım, amma 2005-ci ildə orada idim. Həmin görüş qolsuz yekunlaşmışdı. Yadımdadır ki, rəqibin baş məşqçisi Karlos Alberto Torres oyundan sonra komandamız haqda elə də yaxşı fikirlər səsləndirməmişdi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq. Zədəli Kreyq Ketkartın yoxluğunda Aaron Hyuzun start heyətdə yer alacağı gözlənilib. 2005-ci ildə Bakıda keçirilmiş görüşdən sonra Azərbaycan yığmasının mərhum baş məşqçisi Karlos Alberto Torres Şimali İrlandiya millisini futbol oynamamaqda, daim cinah asmaları ilə çıxış etməkdə suçlayıb. Həmin vaxt onun rəqib həmkarı Louri Sançes Torresin açıqlamalarına şərh verməkdən imtina edib.
Paylaş: