Xəbər lenti
 

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri çərçivəsində bu ölkənin energetika naziri Kanat Bozumbayevlə Azərbaycanın energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.
 
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, N. Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirərək, imzalanan sənədlər, irəli sürülən təkliflər, məhsuldar müzakirələrlə bütün sahələr üzrə əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına möhkəm zəmin yarandığını vurğulayıb.
 
Nazir Bakıda keçirilən görüşlər zamanı Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya da yeni tapşırıqların verildiyini, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün Komissiya çərçivəsində mühüm tədbirlərin görülməli olduğunu bildirib.
 
Qeyd olunub ki, Azərbaycan-Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının Bakıda may ayında keçirilməsi tapşırılıb. N. Əliyev ötən il üzrə iki ölkə arasında idxal-ixrac əməliyyatlarını əhatə edən məlumatların toplanması və imkanların dəyərləndirilməsindən sonra konkret sahələr və istiqamətlər üzrə yol xəritəsinin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
 
Analoji tədbirlərin Qazaxıstan tərəfindən də görüləcəyini bildirən K. Bozumbayev isə iclasa qədər may ayının birinci ongünlüyündə yeni ideya və təkliflərin müzakirəsi üçün nazir müavinləri səviyyəsində görüşün keçirilməsini təklif edib.
 
Görüşdə enerji əməkdaşlığı kontekstində gələcəkdə “Kaşaqan” yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli kimi məsələlər də müzakirə olunub. Ölkə rəhbərlərinin qarşılıqlı faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibətlərini əhatə edən məsələlərlə bağlı irəli sürdüyü digər təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 502          Tarix: 3-04-2017, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma