Xəbər lenti



Dünya tarixinə koronavirus pandemiyasının ağır təsirləri ilə düşən 2020-ci il başa çatmaq üzrədir. Bütün bəşəriyyət üçün çox ciddi sınaqlar, çətinliklərlə müşayiət olunan bu il Azərbaycan xalqının, dövlətinin tarixində böyük qalibiyyət ili kimi qalacaq.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi azad edərək xalqımıza qalibiyyət zəfərini yaşadıb. Bu zəfərin yaratdığı sevinc hissi o qədər böyükdür ki, koronavirus pandemiyasının daha güclü dalğası belə bu hissi insanların qəlbindən çıxara bilmir.
İlin ilk aylarında iqtisadiyyatımızda əldə olunan artım mart ayından etibarən koronavirus pandemiyasının təsiri ilə azalma ilə əvəz olunub. İlin yekununda bu azalmanın 4 faizdən yuxarı olacağı gözlənilir. Bu, ilə nəzər saldıqda, iqtisadi səhnədə sanki yalnız mənfi hadisələrin olduğu görüntüsü yaradır. Doğrudanmı 2020-ci il Azərbaycan iqtisadiyyatında yalnız mənfi proseslərlə yadda qalacaq? Arxada qoymaqda olduğumuz il iqtisadiyyatımızda hansısa müsbət hadisələrlə də xatırlana bilərmi? Qarşılamağa hazırlaşdığımız 2021-ci ildə Azərbaycan iqtisadiyyatında hansı perspektivlər açır? Bu və ya digər suallarla tanınmış iqtisadçı-ekspertlərə müraciət etdik.


İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, 2020-ci il həm qlobal və həm də Azərbaycan iqtisadiyyatı üçün ciddi mənfi çağırışlarla başlayıb: “Pandemiyanın yayılması sərt karantin qərarlarına və dolayısı ilə iqtisadiyyatın bloklanmasına səbəb oldu. Bu isə öz növbəsində mal və xidmət istehsalının azalması, biznesin və vətəndaşın gəlirlərinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin zəifləməsi kimi silsilə təhdidlər yaratdı. Xüsusilə ilin ikinci rübündə qlobal iqtisadiyyatda sərt kiçilmə qeydə alındı. O cümlədən dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da 31.4 faiz kiçilmə baş verdi. Qlobal ressesiya, məcmu tələbin azalması nəticəsində dolayısı ilə enerji bazarlarında, xüsusilə də neft bazarında qiymətlər tarixi minimumlarını təkrarladı. ”Azərlight" markalı neft qısa müddət ərzində 18 dollaradək ucuzlaşdı. Bütün baş verənlər fonunda 2020-ci ilin 11 ayında

Azərbaycan iqtisadiyyatı 4.3 faiz, adambaşına istehsal 4.7 faiz kiçildi. Ölkənin turizm sektoru hesabat dövründə 57 faiz, tikinti sektoru 11.3 faiz kiçildi. İaşə sektorunda dövriyyə 2 dəfədən artıq azaldı. O cümlədən əhalinin səhiyyə xərclərinin kəskin artması gəlirlərin azalması fonunda ailə büdcələrinin vəziyyətini daha da pisləşdirdi. Bütün bunlar baş verən zaman tətbiq edilən müdafiə mexanizmləri kifayət qədər yetərsiz oldu.
2020-ci ilə Azərbaycan aspektindən baxanda resurs asılılığının dezavantajları daha kəskin şəkildə özünü büruzə verdi. Yəni digərləri əgər pandemiyanın təsirləri ilə mübarizə aparmaq məcburiyyətində qaldılarsa, Azərbaycan iqtisadiyyatı həmçinin enerji bazarlarında yaşanan təlatümlərin meydançasına çevrildi".

Bütün bunlara baxmayaraq, ekspertin sözlərinə görə, 2020-ci ildə yaddaqalan və hətta tarixi hesab edilən müəyyən hadisələr də baş verdi: “Xüsusilə də ilin son rübündə 30 ildən artıq müddətdə işğal altında qalan tarixi ərazilərin, bu ərazilərin yeraltı və yerüstü sərvətlərinin, flora və faunasının, aqrar, turizm, mədən sənayesi potensailının Azərbaycan iqtisadiyyatına qazandırılmasını qeyd etmək lazımdır. Bu, Azərbaycan vətəndaşı və Azərbaycan iqtisadiyyatı üçün çox böyük inkişaf vəd edə bilər, əlbəttə ki, doğru yanaşma və idarəetmə ortaya qoyulsa.
TAP kəmərinin inşası işlərinin tamamlanması və hətta ilin son günündə Azərbaycan qazının Avropa bazarlarına çatacağı da 2020-ci ilin mühüm müsbət hadisələrindən hesab edilə bilər. Bu kəmər ilk dəfə Azərbaycan qazının birbaşa olaraq Avropa bazarlarına çıxarılmasını şərtləndirməklə yaxın gələcəkdə artması proqnozlaşdırılan qaz hasilatının şaxələndirilmiş bazarlara təklifi imkanını yaradacaq, həmçinin azalan neft gəlirlərinin müəyyən bir qismini kompensasiya edərək xarici ticarət tarazlığını dəstəkləyəcək".

R.Həsənov bildirir ki, 2020-ci il Azərbaycan iqtisadiyyatı üçün çox ciddi yeni çağırışlar yaratdı: “Bunları postpandemiya və postneft dövrü kimi də adlandırmaq olar. Və bu çağırışlara adekvat reaksiyanın verilməməsi ölkə üçün ciddi problemlərə yol açacaqdır deyə düşünürəm. 2021-ci il isə bu gündən baxsaq nisbətən optimist məqamlarla başlayacaq kimi görünür. Yəni pandemiya ilə mübarizədə əldə olunan uğurlar, vaksinlərin artıq kütləvi istehsalına başlanılması böyük ehtimalla bu təhdidi ilin birinci yarısında aradan qaldıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının itkilərinin bir qismini kompensasiya etmək üçün müəyyən imkanlar yaradır. Bu imkanlar nəticəsində ÜDM istehsalında müəyyən artım baş verəcək ki, bunu hökumət də proqnozlaşdırır. Bu isə bazarın canlanması və fiskal itkilərin bir hissəsinin geri qaytarılmasına yol aça bilər. İl ərzində iqtisadiyyatın xarici şoklara həssaslığı yüksək olaraq qalacaqdır ki, bu da öz növbəsində manatın məzənnəsinə müəyyən korrektələrin edilməsi zərurəti yarada bilər.

Neft bazarlarında qiymət böyük ehtimalla dünya iqtisadiyyatından gələn müsbət siqnallarla dövlət büdcəsində nəzərə alınan 40 dollardan yuxarı olacaq ki, bu da öz növbəsində icmal büdcənin kəsirinin azalması ilə nəticələnəcək, Neft Fondunun aktivlərində proqnozlaşdırılan azalma nisbətən zəifləyəcək. Bütün bunlara baxmayaraq, ümumilkdə 2021-ci ildə liberal iqtisadi siyasətə keçid, Azərbaycan iqtisadiyyatının açılması, xarici bloklarda təmsil olunma kimi sahələrdə hansısa dəyişiklik gözləmək doğru deyil".

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu 2020-ci ildə bir müsbət iqtisadi-sosial hadisələrin baş verdiyini deyir: “Bu müsbət hadisələrdən biri səhiyyə xidmətləri sahəsindədir. Belə ki, bu il bizim çoxdan gözlədiyimiz icbari tibbi sığorta Naxçıvan Muxtar Repsublikası və daha 23 rayonumuzda tətbiq olunmağa başladı. Düzdür, hökumət mərhələli şəkildə bu ilin sonunadək bütün ölkəni icbari tibbi sığorta xidməti ilə əhatə etməyi planlaşdırmışdı. Lakin koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda bu plan dəyişdirildi. Pilot qaydada icbari tibbi sığortaya keçidə başlandıqda sonra biz prosesin bütün ölkəni əhatə etməsini gözləyirdik. 2021-ci ilin yanvarından daha 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq. Sonuncu - üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Qubad İbadoğlu
2020-ci ildə 2021-ci ilin dövlət büdcəsi üçün üç istiqamətdə nəticə əsaslı büdcə təsnifatına keçidi də müsbət hadisələrdən biri kimi qiymətləndirmək olar. Arzu edərdik ki, bütövlükdə Azərbaycan büdcəsi üzrə nəticə əsaslı təsnifata keçilsin. İlk addımın atılması müsbət haldır, bunun bütün büdcə istiqamətlərini əhatə etməsi zəruridir".
İqtisadçı-alimin fikrincə, iqtisadiyyatda 2020-ci ilin ən mənfi hadisələrindən biri iş yerlərinin bağlanması, real gəlirlərin azalmasıdır: “Təbii ki, bu prosesin pandemiya ilə əlaqəli obyektiv səbəbləri də var. Lakin hesab edirəm ki, bu istiqamətdə dövlət dəstəyi proqramı, xüsusilə də birdəfəlik ödənişlər proqramının icrasında baş verən nöqsanlar, belə deyək ki, iş yerlərinin qorunması, iş yerlərini itirənlərin sosial dəstəklə təmin olunması sahəsindəki dövlət dəstəyinin effektivliyinin azalmasına gətirib çıxartdı. Bu baxımdan, işsizliyin artmasını ilin ən uğursuz iqtisadi hadisəsi kimi də dəyərləndirmək mümkündür”.

Növbəti ildən gözləntilərə gəlincə, Q.İbadoğlunun sözlərinə görə, bu sahədə çox şeylər pandemiyadan asılıdır: “Əgər pandemiya davam edərsə, sərtləşərsə və genişlənərsə, o halda növbəti il üçün yaxşı gözləntilər proqnozlaşdırmaq mümkün deyil. Çünki bildiyiniz kimi, pandemiyanın, onunla bağlı tətbiq olunan məhdudiyyətlərin ən çox təsirləndirdiyi sahələrdən biri dünya əmtəə bazarlarıdır. Bu baxımdan, dünya neft bazarı təsirlərə ən çox məruz qalan bazarlardan biridir. Neftin qiymətinin ucuzlaşması ilə müşayiət olunan bu proses Azərbaycan kimi əsas gəlir mənbəyi neft olan ölkələrdə ciddi iqtisadi təlatümlərə səbəb olur. Düşünürəm ki, gələn il koronavirus infeksiyasına qarşı uğurlu vaksinasiya prosesi aparılacaq ki, bu da bütövlükdə dünya iqtisadiyyatında canlanmaya, əmtəələrə, o cümlədən neftə tələbatın yenidən artmasına gətirib çıxaracaq. Bu isə həm Azərbaycan daxilində iqtisadiyyatın canlanması, həm də iqtisadiyyat üçün xarici konyuktur amillərin yaxşılaşması baxımından müsbət dəyişikliklərə səbəb olacaq".

Növbəti il ərzində Azərbaycan iqtisadiyyatı investisiya sahəsində daha çox büdcə və digər mənbələr hesabına layihələr həyata keçirmək imkanı əldə edəcək: “Xüsusilə də işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində büdcədə 2.2 milyard manatın xərclənməsi həm iqtisadi artım nöqteyi-nəzərindən, həm də ki, azad olunan torpaqlarda infrastrukturun qurulması baxımından gözləntilərimiz sırasındadır. Düşünürəm ki, 2021-ci il ölkəmiz üçün həm də bir sınaq ilidir. Məsələn, mən çox arzulayardım ki, növbəti ildə korrupsiyaya qarşı mübarizə daha amansız, daha sərt, sistemli olsun. Bu mübarizə yalnız bir neçə icra başçısının həbsi ilə məhdudlaşmasın, sistemli xarakter alsın, şəffaflıq və hesabatlılıq təmin olunsun. Korrupsiyanı yaradan faktorlar, yaşadan motivlər sıradan çıxarılsın. Korrupsiyanın Azərbaycan iqtisadiyyatındakı əngəlləyici roluna son qoyulsun”.

Dünya SAKİT,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 933          Tarix: 25-12-2020, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma