Xəbər lenti

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının rəhbərliyindən getməsi hazırda Azərbaycanda ən ciddi müzakirə olunan mövzulardan biridir. Əksəriyyəti düşündürən əsas məsələ Mərkəzi Bank rəhbərliyinin dəyişməsinin manata mümkün təsirləridir: milli valyutamızın məzənnəsində dəyişikliklər olması ehtimalı varmı? Olacaqsa, hansı həddə qədər ola bilər?

“Yeni Müsavat” qəzetinin sualları cavablandıran iqtisadiyyat yazarı Dünya Sakit bildirir ki, Azərbaycanın maliyyə sistemində bütün bazar alətlərinin inkişaf etməsini müşahidə etmirik: “Açıq, rəqabətli mühitdə fəaliyyət göstərən valyuta və fond birjaları yoxdur, qiymətli kağızlar bazarının inkişafı baş verməyib, bank sistemində tələb-təklif qanunu işləmir və sair. Bu şəraitdə milli valyutanın məzənnəsi faktiki olaraq hökumət, əsasən də Mərkəzi Bank tərəfindən tənzimlənir. Təcrübə göstərir ki, bu tənzimlənmə həlledici faktorların kəskin dəyişməsinə qədər davam edir.

 Bizim üçün əsas faktor neftin dünya bazar qiymətidir. Çünki ölkəyə xarici valyuta axınını təmin edən əsas məhsulumuz xam neftdir. 2014-2015-ci illərdə neft qiymətlərinin kəskin ucuzlaşması nəticəsində manatın iki dəfədən yuxarı dəyərsizləşməsi baş verdi. Elman Rüstəmovun rəhbərliyində olan Mərkəzi Bank valyuta ehtiyatlarının mühüm hissəsini sərf etsə də, məzənnəni qoruyub saxlaya bilmədi”.

E.Rüstəmovun getməsi ilə manatın məzənnəsində dəyişikliyin olub-olmayacağına gəlincə, D.Sakit bildirir ki, indiyədək olan təcrübədən çıxış etdikdə, dəyişiklik üçün əsas olmadığı görünür: “Hazırda dünya bazarında neftin qiyməti 100 dolların üzərindədir. Azərbaycanın dövlət büdcəsi isə neftin 50 dollar qiyməti ilə hesablanıb. Bu isə o deməkdir ki, ölkəyə nəzərdə tutulandan ikiqat artıq xarici valyuta daxil olur. 

Bu, imkan verir ki, valyutaya olan tələbat tam qarşılansın. Yəni manatın məzənnəsinə təsir edəcək əsas faktorla bağlı vəziyyət müsbət təsirlidir. Ukraynadakı müharibə səbəbindən ən azı bu ilin sonunadək neft qiymətlərində Azərbaycanda büdcənin icrası üçün çətinlik yaradacaq həddə ucuzlaşma gözlənilən deyil. Əksinə, Avropa Birliyinin Rusiya neftinə embarqo qoyması halında qiymətlərin daha da yüksəlməsi gözlənilir. Lakin Ukraynadakı müharibə manatın məznnəsinə təsiri olan başqa bir faktoru gücləndirir. Söhbət inflyasiyadan gedir. Müharibə qlobal çatdırılma zəncirində ciddi qırılmalara yol açıb.

Xüsusilə Azərbaycanın idxalında böyük rolu olan Qara dənizdə hərbi əməliyyatlar yükdaşımaları kəskin azaldıb. Bu isə logistik xərclərin artmasına, idxal olunan məhsulların qiymətinin bahalaşmasına gətirib çıxarır. Rusiya və Ukraynadan bir sıra vacib məhsulların ixracının kəskin azalması da qlobal qiymətlərə, xüsusilə də ərzaq qiymətlərinə artırıcı təsir göstərir. Bu şəraitdə manatın məzənnəsinə təzyiqlər də artır. Bu baxımdan, Mərkəzi Bankın yeni rəhbərliyinin məzənnə dəyişikliyinə getməsi ehtimalını tamamilə istisna etmək mümkün deyil. Digər tərəfdən, mümkündür ki, Mərkəzi Bankın yeni rəhbəri maliyyə-bank sistemində radikal dəyişikliklərə getmək, ciddi islahatlar aparmaq, qiymətli kağızlar bazarının inkişafına nail olmaq kimi vəzifələrlə görəvləndirilmiş olsun. Yəni ölkə rəhbərliyi məhz bu islahatların reallaşması qərarını icra etmək üçün Mərkəzi Bank rəhbərliyini dəyişmiş olsun. Bu halda, yaxın bir neçə ay ərzində manatla bağlı real üzən məzənnə rejiminə keçilməsini görə bilərik. Bu, ilkin mərhələdə manatın kəskin dəyərsizləşəsini şərtləndirə bilər. Bütün bunların real olub-olmadığını yəqin ki, yaxın aylarda müşahidə edəcəyik”.


Ana səhifəyə qayıt        Baxış: 3 323          Tarix: 12-04-2022, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma