Xəbər lenti

Eldəniz Əmirov: “OPEK-ə üzv və tərəfdaş ölkələrin neft hasilat həcmlərinin ABŞ qədər azaltması...”

Yanvarın 28-də beynəlxalq birjalarda dolların funt və avro qarşısında məzənnələrində üfüqi tendensiya hökm sürüb. Buna səbəb kimi bu gün ABŞ-da Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarını qeyd edə bilərik. Yaponiya Bankının (BoJ) pul-kredit toplantısının hesabatını dərc etməsi fonunda USD/JPY valyuta cütlüyündə qiymətin 155.790 səviyyəsindən 155.110 səviyyəsinə qədər gerilədiyinin şahidi oluruq.

Bu barədə İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri bildirib. Qeyd edilir ki, Amerikanın Neft İnstitutunun ölkədə kommersiya məqsədli neft ehtiyatlarının 2.86 milyon barrel artması xəbəri fonunda neftin qiyməti eniş tendensiyasını davam etdirib. “Brent” markalı neftin bir barrel üçün qiyməti hazırda 77.70$ təşkil edir.

Avstraliyada inflyasiyaya dair göstəricilər açıqlanıb. Ölkədə İstehlak Qiymətləri İndeksi rüblük ifadədə 0.2%, illik ifadədə isə 2.4% təşkil edib. Göstəricilərin dərc olunması fonunda AUD/USD cütlüyü 0.6254 həddindən 0.6227 həddinə qədər ucuzlaşsa da, daha sonra bahalaşaraq 0.6244 həddinə qədər yüksəlib.

Qızılın qiyməti isə bazar ertəsi günü 2730$ həddinə kimi ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 2761$-ın üzərində qərarlaşıb.

Ötən gün ABŞ-ın Ticarət Departamentinin açıqladığı hesabata əsasən, ölkədə Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 2.2% azalıb. Analitiklər göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, “Conference Board” analitik şirkəti tərəfindən dərc olunan ABŞ-da İstehlakçıların İnam İndeksi dekabr ayı üzrə yenilənmiş nəticəsi ilə müqayisədə yanvar ayında 109.5 bənd səviyyəsindən 104.1 bənd səviyyəsinədək zəifləyib.

İnvestorlar yaxın vaxtlarda ABŞ-də FED-in faiz dərəcəsi ilə bağlı qərarını maraqla gözləyirlər. Analitiklərin proqnozlarına əsasən, tənzimləyici qurum göstəricini 4.5% səviyyəsində saxlamaq niyyətindədir. Eləcə də, Kanada Bankının (BoC) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq.

Yeri gəlmişkən, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,43 % azalaraq 79,14 ABŞ dolları təşkil edib. Neft bazarındakı mənbələrin verdiyi məlumata görə, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, yanvar ayının 17-də neftin qiyməti son aylarda rekord həddə bahalaşmışdı. Brent markalı neftin bir barelinin qiyməti 81 dollardan yuxarı qalxmışdı. Buna səbəb isə Rusiyanın Çin və Hindistana neft ixracına mənfi təsir edəcəyi gözlənilən ABŞ-ın daha geniş sanksiyaları səbəb olmuşdu. O zaman ekspertlər bu artımın müvəqqəti olduğunu bildirmişdilər.

Ümumiyyətlə isə Tramp öz seçkiqabağı vədlərində də cəmi bir il içərisində neftin qiymətini ikiqat ucuzlaşdıracağını, qiymətləri təqribən 40 dollara endirəcəyini bildirmişdi. Bir sıra təşkilatlar da neft qiymətlərinin 40 dollaradək enəcəyi haqda proqnozlar verirdilər.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Trampın hakimiyyətə gəlməsindən sonra neft qiymətlərində ucuzlaşmaların baş verməsi gözlənilən idi: ”Çünki ABŞ-də neft hasilat həcmlərinin artırılması və ələlxüsus Alyaskada bu istiqamətdə ciddi addımların atılması, bazara daha çox neftin təklif ediıməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin enməsinə səbəb olacaq. Hazırda 2,86 milyon barel həcmində əlavə neftin təklif olunması ümumi olaraq gündəlik tələbatdan 2-3% artıq həcm təklifi deməkdir. Bu da qiymətlərə öz mənfi təsir göstərir. Lakin mən hesab edirəm ki, bu mənfi dinamika uzunmüddətli dövrü əhatə etməyəcək, yaxın perspektivdə qiymətlərə mənfi təsir edəcək.

Ümumiyyətlə, qlobal səviyyədə tələbin qismən yüksəlməməsi bu istiqaməti bir qədər aktivləşdirir, yəni neft qiymətlərinin enişini sürətləndirir. Amma nəzərə alsaq ki, qlobal tələbin özünün də daim zəif qalacağı gözlənilmir. Əlavə olaraq, OPEK-in OPEK + formatında növbəti toplantısının keçirilməsi, OPEK-ə üzv və tərəfdaş ölkələrin neft hasilat həcmlərinin ABŞ qədər azaltması neft qiymətlərinin tənzimlənməsində rol oynayacaq. Yəni kəskin enişlərə imkan verməyəcək. Bir sözlə, neft qiymətlərinin əvvəlki illərdə müşahidə edildiyi kimi 30-40, hətta 50 dollara qədər enəcəyini gözləmirəm.

Qızılın qiymətinə gəldikdə isə, müəyyən dövrlərdə qısa müddətli enişlər olsa da, ümumilikdə uzunmüddətli artım dinamikası hər zaman mövcud olacaq. Sadəcə, artımın sürətində fərqli dinamika müşahidə ediləcək. Lakin qızılın qiymətlərində gələcəkdə ciddi enişlərin baş verəcəyini düşünmürəm".

Yada salaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




Ana səhifəyə qayıt        Baxış: 2 735          Tarix: Bu gün, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma