Xəbər lenti

 

Türkiyənin 11-ci prezidenti Abdulla Gül prezident Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib.

 

APA-nın xəbərinə görə, A. Gül “Twitter”də R. T. Ərdoğanın adını çəkmədən aşağıdakıları yazıb: “Bir müddətdir mətbuat-yayım orqanları və sosial media vasitəsilə bəzi millət vəkilləri və müvafiq trollar tərəfindən şəxsimə yönələn hörmətsizlik, həqarət və əxlaq çərçivələrini aşan hücumların son açıqlamamdan sonra gedərək artdığını görürəm. Partiyamızın quruluş prinsiplərindən biri olan düşüncə və söz azadlığına inanan biri olaraq, lazım bildiyim durumlarda fikirlərimi açıqlamağa davam edəcəyəm”.  

 

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən keçmiş prezident Abdulla Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb. Səbəb onların hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid etməsidir. R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: “İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda “hə” deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!”

 

Qeyd edək ki, Türkiyədə Abdulla Gülün 2019-cu ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi barədə iddialar geniş yayılıb. Sabiq prezident bu söz-söhbəti hələ ki təkzib etməyib. Bu səbəblə, A. Gül Ədalət və İnkişaf Partiyasının bəzi millət vəkillərinin, iqtidara yaxın bir sıra köşə yazarlarının və internetdə prezident R. T. Ərdoğanın fanatik tərəfdarlarının sərt tənqidlərinə məruz qalır. 




Ana səhifəyə qayıt        Baxış: 1 197          Tarix: 31-12-2017, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma