Xəbər lenti

 

Küveytin "Əl-Cəridə" qəzetinin yazdığı xəbərə görə, İran və ABŞ diplomatlarının Avropanın bir neçə ölkəsi və Omanın vasitəsilə İngiltərə paytaxtı Londondakı otellərin birində gizli görüşü baş tutub.

İddilara görə, bu görüşə Yəmən böhranı səbəb olub. İki ölkənin də narahatlığına səbəb olan böhran görüş zamanı diplomatlar tərəfindən müzakirə edilib.

"Əl-Cəridə" qəzetinə etibarlı diplomatik mənbədən verilən məlumata görə, Londona gələn diplomatlar bu görüşün mediaya sızmaması üçün diplomatik pasport əvəzinə, özlərinin ümumi pasportlarından istifadə ediblər. Mənbənin iddiasına görə, BMT-nin nail olduğu Yəmən anlaşması və bu anlaşma nəticəsində əldə edilən atəşkəs qərarında bu görüşün rolu olduqca böyükdür.

Görüşdə husilərin İsveçin paytaxtı Stokholmda keçirilən BMT müzakirələrinə qatılması və bəzi məsələlər də müzakirə edilib. Mənbə bildirir ki, ABŞ müdafiə naziri Ceyms Mattisin Yəmən müzakirələrinin başlayacağını bir ay öncədən xəbər verməsi də elə bu görüşdə əldə edilən qərarlarla bağlıdır.

Görüşdə İran tərəfinin Yəmən mövzusunda ABŞ ilə anlaşdığını bildirən mənbə sözlərinə belə davam edib: “İranın Yəmən məsələsindəki yumşaq siyasəti ABŞ-ın rəsmi Tehranla gərginləşən münasibətlərini yumşaldıb. Vaşinqton bunun nəticəsində İrana tətbiq etdiyi sanksiyaları yumşaldıb. Avropa İrandan Suriya məsələsində də eyni yanaşmanı göstərməsini və beynəlxalq qurumlarla əməkdaşlıq edəcəyini gözləyir”.

İranın Londonda olan səfiri Həmid Baidinejat iranlı və amerikalı diplomatların Londonda gizli görüşü barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Baidinejat bu kimi xəbərlərin uydurulmuş və yalandan ibarət olduğunu ozünün sosial media hesabından bəyan edib.

Toğrul İsmayıl,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 23-12-2018, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma