Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 542 400barel və ya ümumilikdə 98 mln bareldən artıq, yəni 13 mln ton neft hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.
"Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (42 000), “Mərkəzi Azəri” (131 000), “Qərbi Azəri” (120 000), “Şərqi Azəri” (94 000), “Dərinsulu Günəşli” (96 000) və “Qərbi Çıraq” (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 mln bareldən artıq, yəni 13 mln ton olub", - məlumatda bildirilir.
Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.
Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.
Paylaş: