Xəbər lenti


Donald Trampın 13 Avqust Cümə axşamı günü Twitter mesajıyla bəyan etdiyi bir xəbər qlobal epidemiyanın dağıdıcı təsirlərinə baxmayaraq, 2020-ci ildə önəmli beynəlxalq proseslərin sürətlə davam etdiyini göstərdi. Trampın açıqlamasına görə, son illərdə regional siyasətdə ön plana çıxan və əhali, coğrafiya, tarix və hərbi qüdrət kimi parametrlərin çatışmazlığını maliyyə gücü ilə kompensasiya edərək Yaxın Şərqdə ənənəvi aktyorların rollarını ələ keçirməyə  çalışan BƏƏ İsraili rəsmi olaraq tanıyacaq. İsrail də bunun əvəzində ilhaq planlarını dayandıracaq və müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.

Hadisənin Tramp tərəfindən elan edilməsi ABŞ-ın daxili siyasəti ilə əlaqədardır və noyabr ayında seçkilərə gedərkən ictimai nüfuz sarıdan rəqibi Jo Baydendən geri qalan və xarici siyasətdə uğur hekayəsinə ehtiyacı olan Trampın yaxın həftələrdə bu məsələni tez-tez qabartması təəccüb doğurmaz.

İsrail və BƏƏ arasındakı münasibətlərin və regional siyasətdəki paralel mövqelərin xüsusilə “Ərəb baharı” adlanan xalq hərəkatından sonra artdığı və beynəlxalq mətbuatda iki ölkə liderlərinin bir-birinin ölkəsinə qarşılıqlı səfərləri, gizli görüşləri barədə məlumatlar yayılırdı. İslam coğrafiyasındakı böyük kütlələrin mövcud avtoritar hökumətlərə qarşı çıxması kimi bəzi istisnalar nəzərə alınmasa, 1948-ci ildən bəri genişlənən və repressiv siyasətinə görə 1.5 milyardlıq cəmiyyətin kollektiv vicdanında dərin iz buraxan anti-İsrail anlayışı iki ölkəni yaxınlaşdıran əsas amillər arasındadır. Təsadüfi deyil ki, ərəb və İslam dünyasının ən əhəmiyyətli subyektlərindən olan Misir Ərəb Respublikasında keçirilən ilk demokratik seçkilərdə hakimiyyətə gələn qruplar İsrailə qarşı çıxdılar və bu qrupun üzvləri “Ərəb baharı”nın ilk mərhələsində monarxiya rejiminə təhdid kimi qəbul edilərək BƏƏ-də həbs olundular və bu hadisələr iki ölkənin ümumi təhdidlərinin müəyyənləşməsinə kömək etdi.

ABŞ-ın Liviyadakı səfirinin öldürülməsi, radikal terror təşkilatlarının Suriya İnqilabının dinc kursdan ayrılması ilə proseslərin ön cəbhəsinə gətirilməsi İslam dünyasında, xüsusən də ABŞ-da həlledici aktyorların demokratiya tələblərinin təxirə salınmasında və məsələnin ictimai asayişə endirilməsində mühüm rol oynadı. Məsələn, Misirdə demokratik prosesi qanlı çevrilişlə dayandıran xunta lideri Rabia qırğınından iki həftə sonra AB rəsmiləri tərəfindən ziyarət edildi və çevriliş açıq şəkildə legitimləşdirildi. Onilliklər ərzində “üçüncü dünya ölkələrinə” liberal demokratiya ideologiyası təlqin edən Qərb dairələrinin fikirlərini dəyişməsi asan deyildi, “demokratiya və insan hüquqları” ifadələri “sabitlik və terrorizmlə mübarizə” prioritetləri ilə əvəz olundu.

İsrail və BƏƏ kimi ölkələr regional demokratik tələb dalğasının qarşısını almaqda ön plana çıxdılar. Demokratiya əleyhinə qruplara və seqmentlərə ideoloji və maliyyə dəstəyi verildi və bütün azad seçki qrupları mətbuat vasitəsi ilə “siyasi İslam” etiketinin arxasına sığınılaraq hədəf alındı. Türkiyə və İran ərəb ölkələrinin daxili işlərinə qarışan və “İslamçı” qruplaşmalarına dəstək verən iki güc kimi təqdim olundu. Ancaq BƏƏ və Səudiyyə Ərəbistanı kimi monarxiyalarda islamçılardan başqa hər hansı bir millətçi, yaxud solçu partiya və təşkilatların güclənməsinə icazə verilməməsi islamçılığın günahlandırmasının sadəcə bir görüntü olduğunu, qlobal dəstək almağa hesablandığını sübut edir.

Bu gün etibarilə “Siyasi İslamçılıq” və ya “İslamçı terrorizm” anlayışlarının arxasında gizlənmiş qlobal strategiyanın çox geniş bir coğrafiyada tətbiq olunduğu şübhə doğurmur. Obamanın ikinci hakimiyyəti dövründən bəri “mötədil İslamı dəstəkləmək” siyasətindən imtina olunmasından istifadə edilərək İslami motivli bütün hərəkatlara qarşı mübarizə başlandı. Bu mövqe yalnız “liberal” Qərb tərəfindən deyil, həm də Çin və Hindistan kimi 21-ci əsrin yüksələn Şərq gücləri tərəfindən də bölüşülür. Buna görə də, Təl-Əviv-Əbu-Dabi müstəvisindəki anti-demokratiya hərəkatlarının müxtəlif dairələrdən qlobal dəstək alması təəccüblü deyil. Ancaq sözügedən düşmənləşdirici və qütbləşdirici ritorika ilə Fələstin məsələsinin İsrailin lehinə təhlükəsizləşdirilməsi siyasəti İslam dünyasındakı demokratik təcrübənin güclü tərəflərinin ən əhəmiyyətli reaksiyası Türkiyənin, Malayziya və ya Pakistan kimi ölkələrdən gəlməsi də təəccüblü görünmür. Mühüm bir təfərrüat olaraq, ərəb dünyasındakı respublika quruluşlarının Körfəzdəki monarxiyaların məsuliyyətsiz siyasətindən narahat olduqlarını, lakin fərqli səbəblərdən önə çıxmadığını vurğulamaq lazımdır. Bu nöqtədə Tunisdəki Rəşid əl-Gannuşinin başçılıq etdiyi Nahda Hərəkatının məsuliyyətli və barışdırıcı mövqeyi İslam dünyasındakı və xüsusən Şimali Afrikadakı mühafizəkar antidemokratik diskussiyaların zərərsizləşdirilməsində çox mühüm rol oynayır.

Son hadisənin praktik əhəmiyyəti İranın xarici işlər naziri Cavad Zərifin “B qrupu” adlandırdığı Bin Salman, Bin Zayid və Benjamin Netanyahu üçün nə qədər qələbə, nə qədər görsəniş olduğu mübahisəlidir. İsrailin konkret uğuru, Trampın ilk dəfə seçildiyi zaman böyük təbliğatla gündəmə gətirildiyi “Əsrin sövdələşməsi” ideyasının bütün Qərb Şəriyyənin ilhaqına və bölgədəki bir neçə dövlətciyin tanınmasına qədər geriləməsidir. Üstəlik, İsrail müvəqqəti olmasına baxmayaraq ilhaq planlarını dayandırır. BƏƏ-yə qoşulması ehtimalı olan ölkələri “ərəb ittifaqı” kimi adlandırmaq da problemlidir, çünki Əlcəzairdən İraqa qədər əksər ərəb ölkələrinin İsrailin genişlənməsinə münasibətləri aydındır. Misir “siyasi İslam” məsələsində BƏƏ və İsraillə eyni mövqeni bölüşsə də, İsrailin genişlənməsi və ya Yəmənin mühasirəsi kimi mövzularda Körfəzdəki şeyxliklərlə eyni nöqtədə deyil.

Nəhayət, Türkiyənin BƏƏ-yə təpkisinin səbəbi İsraili rəsmən tanımasından qaynaqlanmır. Əksinə, Türkiyənin özü də İsraili tanıdığı kimi, onunla yaxın əlaqələri olan bəzi müsəlman ölkələri ilə də ən yüksək səviyyədə strateji əlaqələrə sahibdir. Bu nöqtədə diqqətdən kənarda qalan məsələ sözügedən şər qrupunun (İsrail, BƏƏ və Səudiyyə Ərəbistanı nəzərdə tutulur – H.O.)  bölgəni sabitləşdirmə
fəaliyyətləri, Yunanıstandan Livana, Qarabağdan Kəşmirə qədər bütün bölgələrdə işğalçılara dəstək olmasıdır və bu qrup öz mövqeyini “İslamçılığa qarşı mübarizə” adı altında gizlətməyə çalışır. Bununla belə, yaxın gələcəkdə görəcəyik ki, İslam dünyasının əhalisinin təxminən 80% -ni təşkil edən ciddi dövlət ənənələrinə sahib qeyri-ərəb ölkələri xüsusilə Fələstin məsələsində ön plana çıxmağa başlayacaqdır. Bu tendensiyanın ərəb monarxiyaları tərəfindən idarə olunan çoxmillətli təşkilatlara da sirayət etməsi təəccüb doğurmazdı.
 
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 828          Tarix: 22-08-2020, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma