“ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı bütün dünyada ərəb və müsəlman cəmiyyəti ilə ABŞ-ın münasibətlərinə ağır zərbə vuracaq”.
Publika.az xəbər verir ki, bunu İllinoys Universitetinin beynəlxalq hüquq üzrə professor Frensis Boyl ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.
“Bu yalnız atəşi yandıracaq. Düşünürəm ki, Tramp da bunu dəqiq bilir”, - Boyl bildirib.
Onun fikrincə, Trampın qərarı İsrailin işğalına son qoymaq üçün İordan çayının qərb sahilində və Qəzzada üsyana gətirib çıxaracaq: “Mən qorxuram ki, Trampın indi burada etdiklərinə görə xeyli sayda insan öləcək. Bu, yeni intifadaya (fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı, daha əvvəl 2 intifada olub –red.) gətirib çıxara bilər. 2000-ci ildə başlanan son intifada zamanı təxminən 3 min fələstinli və min israilli həlak olub. Tramp bunla da sivilizasiyaların toqquşmasına rəvac verəcək”.
Frensis Boyl hesab edir ki, ABŞ tərəfindən dəstəklənən ərəb və müsəlman dünyasının liderləri ölkələrində qeyri-sabitlik, zorakılığın artması və vətəndaşların etirazı ilə qarşılaşacaq.
Amerika hüquqşünası, Ohayo Universitetinin beynəlxalq hüquq üzrə professorunu Con Kiqlinin fikrincə, Trampın qərarından Yaxın Şərqdə stabilliyi pozmağa çalışan İŞİD kimi terror təşkilatları öz mövqelərini möhkəmləndirmək üçün istifadə edə bilərlər. Onun sözlərinə görə, Trampın qərarı Fələstinlə sülh danışıqlarını pozacaq.
Con Kiqli hesab edir ki, terror təşkilatının Yaxın Şərqə terrorçuları cəlb etmək üçün Trampın qərarından istifadə etməsinin böyük risk mövcuddur.
O həmçinin düşünür ki, ABŞ İsrail-Fələstin sülh danışıqlarında vasitəçilik rolunu itirəcək.
Qeyd edək ki, Tramp dekabrın 6-da verdiyi bəyanatında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını ifadə edib.
ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan və Amerika səfirliyinin bu şəhərə daşınmasını nəzərdə tutan qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib.
Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib. Ancaq şəhərin mübahisəli statusuna görə hər ABŞ prezidenti bu qərarın yarım il təxirə salınmasını nəzərdə tutan sənədi imzalayıb.
1949-cu ildən İsrail Qüdsü paytaxt elan edib. 1967-ci ildən İsrail bütün şəhər ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrailin suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Bütün xarici səfirliklər Təl-Əvivdə yerləşir.
1980-ci ildə BMT Təhlükəsizlik Şurası 478 nömrəli qətnamə qəbul edib. Bu qətnamədə Knessetin (İsrail parlamenti) Qüdsü İsrail paytaxtı adlandırması haqqında qərarı qanunsuz adlandırılılıb.
Paylaş: