“Təhsil sistemimiz sosializmlə kapitalizm arasında haça-paça qalıb”
Britaniyanın “Quacquarelli Symonds Koncalting” şirkəti öz reytinq siyahısını açıqlayıb. Siyahıya Azərbaycanın cəmi 2 universiteti daxil edilib: BDU və “Xəzər” Universiteti. Onlar da axırıncı yüzlükdədirlər.
Azərbaycan imkansız ölkələrdən sayılmır. Enerji resurslarımız, insanlarımızın intellektual səviyyəsi, dünya tarixinə verdiyimiz töhfələr xalqımızın daha üstün yerlərdə olmaq potensialının göstəricisidir. Ölkəmizdə ali təhsilin infrastrukturu da pis deyil.
10 milyon əhaliyə malik ölkəyik, amma hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul imtahanı ilə 40 minə yaxın abituriyent ali məktəblərin qapısını döyür. Təhsilin səviyyəsinin aşağı olmasına baxmayaraq, çox sayda 700 xal toplayan abituriyentlərimiz var. Bu isə onların bütün suallara doğru cavab verdiklərini və dolayısı ilə əqli güclərinin maksimum dərəcədə olduğunu göstərir. Fəqət onlar dünyada heç bir nüfuzu olmayan ali nəktəblərdə oxumalıdırlar. İntellektual zənginlik isə bir millətin ən böyük sərvəti sayılır. Bəs, görəsən, mövcud təhsil siyasətilə biz ən böyük sərvətimizi yelə vermirikmi?
Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Nazim Əkbərovla bu dəfəki söhbətimizə bu sualla başladıq. Hörmətli pedaqoqun Strateq.az-a müsahibəsini təqdim edirik:
– Heydər bəy, sualınız ağrılıdır, ağrılı olduğu üçün də düşündürücüdür: “Mövcud təhsil siyasəti ilə biz ən böyük sərvətimizi yelə vermirikmi?” Haqlısınız, bütün dünyanın tərəqqisi təhsillə bağlı olduğundan bəşəriyyət bu gün hansı maddi sərvətə malikdirsə, təhsillə bağlıdır. Bu baxımdan kim nəyi yelə verdiyini bilmək istəyirsə, nələri yelə verdiyindən narahatdırsa, dönüb təhsilə baxmalıdır.
Böyük sərvətimizi yelə verməmiz sovet dovründə başlamış, bu gün də davam edir. Əhalimiz bugünkünün yarısı qədər – 5 milyon olanda universitetlərin sayı da indikinin təqribən yarısı qədər idi. Bu gün geri dönüb bizim mövcud “əmək bazarı”na baxsaq, mənzərəni aydın görə bilərik – sovet dövrünün ali təhsilli mühəndisləri, həkimləri, iqtisadçıları, müəllimləri, omrünün böyük bir hissəsini təhsilə həsr etmiş daha neçə-neçə ali təhsil diplomlu mütəxəssislərinin nə qədəri ticarət mərkəzlərində, bazarlarda, marketlərdə, resoranlarda, taksilərin sükanı arxasında çörək pulu qazanır, sonra bu dünyadakı ümidlərini ölüm adlanan hadisə ilə köçüb axirətə gedirlər. Amma onların yeri boş qalmır. İş tapmağın çox çətin olduğu indiki zəmanədə onların yerini yeni dövrün universitet məzunları – ali təhsilli gənc mühəndislər, həkimlər, iqtisadçılar, müəllimlər tutur və həyat davam edir.
Sərvətin ən böyüyü ömürdür. Bir insan ömrünün ən az on bir ilini, ali təhsil almaq istəyənlər on beş, on yeddi ilini təhsil almağa sərf edir. İnsanın orta ömrü ilə müqayisədə bu, az qala ömrün beşdə biridir. Amma bu sərvətin başına nələr gəlir? Qəribədir, insan öz gələcəyini təminat altına almaq üçün ali təhsil müəssisəsinə gedir (yaxud, valideynləri onları göndərir), dörd il, bəzən daha çox ömrünü buralarda keçirir, bütün bu müddət ərzində həm onlar, həm də valideynləri neçə-neçə ümidlə yaşayıb məzun olacaqları günü gözləyərək xəyallar qurur və… sabun köpüyü partlayır. Təhsilə sərf olunan illəri yel gəlib süpürüb aparır, sənsə onun arxasınca baxır, baxır, köks ötürürsən. Ümid – bir az pul düzəldim, söz veriblər, yaxşı yer var, ora düzələcəyəm!.. Ümidlə yaşayan nə qədər gənclərimiz var!
Ticarət mərkəzlərinə yolu düşənlər buradakı satıcı potensialının böyük bir qisminin gənclərdən ibarət olduğunu görürlər. Yollarda hər gün “çiçək açıb” pöhrələnən “NZS” yazılı reklam lentləri və çadırları altında çay və pivə satanlarla içənlərin statistikasını aparsan, onlarından neçəsinin işsiz-gücsüz universitet məzunu olduğunun şahidi olursunuz. Hələ ümidini lotoreya biletlərinə, “Topaz”dan bir şey qazanacağına ümid edənlər…
“Dövlət dilimiz Azərbaycanca ,dövlət və özəl sektorda danışıq dili ruscadır”
– Nazim müəllim, elə bədbin notla başladınız ki, əlim-ayağım soyudu. Bir az nikbin əhval-ruhiyyəyə keçə bilərsinizmi?
– Nikbin? Olar. Nikbin mənzərə də var. Baxın, hər il xarici ölkələrin və respublikamızın ali təhsil müəssisələrindən məzun olan nə qədər gəncimiz çox yaxşı, çox “dolanışıqlı” yerlərdə işlə təmin olunurlar. Respublikamızın ali məktəblərindən məzun olanlar da iş tapa bilir, amma bunun üçün bəzi şərtlər lazımdır. Məsələn, iş yerində sənə yönəldilən “Rus dilini bilirsən?” sualına müsbət cavab verməlisən. Qəribə bir mənzərə ilə qarşı-qarşıyayıq: bu gün dövlət dilinin Azərbaycan dili olduğu bu məmləkətdə, hansı hikmətə görəsə, bütün yazışmaların Azərbaycan dilində aparıldığı dövlət və özəl sektorda danışıq dili ruscadır. Gənclik iki qrupa bölünmüşdür – birinci sırada özündən razı “entellektuallar”; onlar kabinet məmurlarıdır və rus dilini bilməyən “çuşkalar”. İkincilər ağzı ilə quş tutsa belə, onlar ikinci, hətta beşinci növ vətəndaşlardır və “qara işlərə” layiqdirlər.
Bu da azdır. Xarici ölkələrlə heç bir əlaqəsi olmayan idarə və müəssisələrdə “İngilis dilini bilirsənmi?” sualına da “Bəli!” cavabı verməlisən; ən az qaşlarını çatıb bol-bol “OK,” yaxud, təəccübünü ifadə edərkən ağzını ayırıb “WOW!..” deyə bilməlisən; bir şeydən danışarkən sözlərinin arasını ingilis terminləri ilə doldura bilməlisən və s. və i.a. Mirzə Cəlilin 110 il əvvəl qələmə aldığı kimi: Kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit!… (Tərcüməsi: Ziyalı adı daşıyan adamın azərbaycanca danışması ayıbdır axı!..).
Heydər bəy, bütün bu dediklərimdə ironiya var, bunu bilirəm, amma bütün bunların da həqiqət olmadığını deyə bilməzsiniz. İndi ki belədir, o zaman ali təhsil müəssisələrimizin hal-hazırkı vəziyyətini də düzgün, ədalətlə oxumamız lazımdır.
Mənəviyyatdan yoxsul cəmiyyətlərdə təhsilin səviyyələrinin hamısının, xüsusən də ali təhsil səviyyəsinin yalnız bir məqsədi var – mütəxəssis yetişdirmək. Kapitalist cəmiyyət də istisna deyil, ona da bu lazımdır. Ona öz ixtisasını mükəmməl bilən, üstəlik də tək özünün deyil, mümkün olsa, beş, altı, on adamın əvəzinə işləyə bilən bacarıqlı kadrlar lazımdır. Buna görə o, hər şeyindən keçməyə hazırdır. Bu kadrdan başqa ona heç kəs lazım deyildir, digər bütün kadrlar onun üçün təfərrüatdır.
Bəs dövlət, ona nə lazımdır? Dövlətə də kapitalist lazımdır. Lazımdır ki, özünün güclənməsi ilə dövlətin də iqtisadi gücünü artırsın, xəzinəsini doldursun, boşalmağa qoymasın. Bax, bura çatanda kapitalistin və kapitalist dövlətin kürkünə birə düşür. Kapitalist sistemində yetişmiş mütəxəssis bu sistem üçün əlverişli deyildir, burada savad, bacarıq rol oynamır, daha çox əli-ayağı düz, namuslu, vicdanlı, sadiq adamlar lazımdır. Bu günkü təhsil, universitet bu ikincini düşünə bilmir, ya da düşünmək istəmir. Halbuki, ikinci birincidən daha çox lazımdır. Atalar nə deyib? “Neyləyirəm o qızıl teşti ki, içinə qan qusacağam?” Kapitalist iqtisadiyyat mütəxəssis yetişdirir, belə mütəxəssis üçün yaxşı pul verir, onun tələbatını ödəyir, amma mənəvi yönünü gözdən qaçırdığı üçün min ildə topladığı bir gündə yelə verilə bilir.
Bizim təhsil sovet dövründə ideologiyaya qulluqçu hazırlayırdı, bu gün kapitalistlərə kadr hazırlamaq istəyir, amma sosializmlə kapitalizm arasında haça-paça qaldığı üçün bu da əlindən gəlmir. Təhsilin məqsədi isə mütəxəssisdən qabaq adam hazırlamaqdır. Nə sosializmin, nə də kapitalizmin adam hazırlamaq həvəsi yoxdur.
““Qafqaz” Universiteti bağlanmasaydı…”
– Dediyinizdən belə çıxır ki, əlimizi üzək? Bizim dünya çapında universitetlərimiz olmayacaq?
– Dünya çapında universitet deyərkən, məşhur universitetləri nəzərdə tutursunuzsa, bədbin olmağa dəyməz. Bizdə də o cür, hətta onlardan daha keyfiyyətlisi var və nə zamansa, daha çox sayda da ola bilər. Çünki həmin o həsrətlə baxdığımız universitetlər yaxşı mütəxəssis hazırlayırlar, amma hamısı adam hazırlaya bilmir. Bu sahədə nikbin ola bilmirəm. Universitet təhsili ali təhsildirsə (ki, doğrudan da ali təhsildir), o zaman özünü yığışdırmalıdır, təkcə mütəxəssis olaraq ali insan yetişdirməklə yanaşı, eyni zamanda adam olaraq da ali insan yetişdirməyi öz fəaliyyətinə daxil etməlidir. Nə zaman ki, təhsil sahəsinin professor-müəllim heyəti təhsilə “dolanışıq” vasitəsi kimi baxmaqdan, pul qazanmaq məqsədindən insan yetişdirməyə keçdi, bax onda dediyiniz o yelin qarşısını almaqdan danışa biləcəyik. Məni qınamağa tələsməyin, mənə görə, axşam ailəsinə qazanc gətirmək üçün səhər evdən çıxanlarla təhsil işçisi arasında dağlar qədər fərq vardır. Hamı evdən çıxarkən axşam evinə dolanışıq pulu gətirməyi düşünə bilər və düşünməlidir. Təhsil işçisinin isə belə bir haqqı yoxdur, çünki onun evdən çıxarkən qarşısına qoyduğu məqsəd çox alidir – insan yetişdirmək. Bu isə fədakarlıq, özünü, arzularını, dünya nemətlərini fəda etməyi tələb edir. Bizim bu cür neçə adamımız var? Bu olanda, biz o yelin qarşısını alacağıq. Bu sahədə bəzi təşəbbüslər var, nəticələr var, amma çox azdır, çox…
– Nazim müəllim, elə mən də bunu nəzərdə tutaraq yuxarıdakı reytin şirkətinin adını çəkdim. 54 universitet arasında cəmi iki universitetin olması, sizcə, qəribə deyilmi?
– Heydər bəy, dünyada nüfuz (reytinq) ölçümü aparan bir çox şirkətlər mövcuddur. Adını çəkdiyiniz “Quacquarelli Symonds Koncalting” şirkəti 1990-cı ildə təsis edilmiş Böyük Britaniyaya aid xaricdə təhsil alanlara məsləhəti ilə yardım göstərən təhsil şirkətidir. Qurucuları Nanzio Kvakquarlli (Nunzio Quacquarelli) və Mət Saymondzdur (Matt Symonds). Dediyim kimi, şirkətin məqsədi Böyük Britaniyanın sərhədlərindən kənarda təhsil almaq arzusunda olanlara tövsiyə etməkdir. Bunlardan başqa da çox sayda bu məqsədli şirkətlər mövcuddur və hər il ali məktəblərə qəbul ərəfəsində dünyanın müxtəlif ölkələrindəki universitetləri ölçür və dəyərləndirirlər. Bizim kimi balaca bir dövlətin iki universitetinin bu reytinq cədvəlinə daxil olması sevindiricidir və ümidvericidir.
Sualınızın məğzinə gəlsək, bunu deyə bilərəm: bəli, xalqımızın zəka potensialı çox güclüdür. Əgər təhsil sistemimiz bu potensiala uyğun qurularsa, elmi və mənəvi baxımdan güclü pedaqoji və elmi-akademik kadrlar yetişdirilərsə, mövcud zəka potensialını daha da inkişaf etdirmək, istənilən səmtə yönləndirmək mümkün olar. Lakin təəssüf ki, sovet sisteminin dağılması ilə hafizə üzərində qurulmuş təhsil sistemi özünü doğrultmadığı üçün çökdü, yerində isə müasir tələblərə cavab verən system, arzu edilən keyfiyətlərə malik sistem qurula bilmədi. Bu gün Azərbaycanda ADA kimi, “Xəzər” Universiteti kimi, Ali Neft Məktəbi kimi dünya standartlarına cavab verə bilən bir-iki ali təhsil müəssisəsi var. Əgər “Qafqaz” Universiteti bağlanmasaydı, bəlkə o da bu cədvələ daxil olacaqdı, həm də siyahıda daha yuxarılarda. Ümidvaram ki, “Qafqaz”ın bazasında təşkil olunmuş Bakı Mühəndislik Universiteti bir-iki il ərzində həmin siyahıda öz yerini tutacaqdır.
Amma qocaman universitetlərimizin də zamanın tələblərinə uyğunlaşması prosesi müşahidə olunur. Bir vaxtlar V.İ. Lenin adına Pedaqoji İnstitut kimi şöhrət tapan bu günkü Azərbaycan Pedaqoji Universiteti rəhbər kadr dəyişikliyi ilə yeniliklərə açıq hala gəlmişdir və ümidverici təsir bağışlayır. Rektor, professor Cəfər Cəfərova bələdəm, universitetin dünya standartlarına uyğun islahatlara imza atacağına inamım güclüdür. Buraya Xarici Dillər Universitetini də daxil emək istərdim. Yeni rektor, professor Kamal Abdulla sayəsində burada da əsaslı islahatların aparılacağını gözləyirik.
“Ali məktəblərimizin elmi-pedaqoji kollektivi “köhnə kadrlardır””
– Bəs bu gecikmə, inkişafın ləngliyi nə ilə əlaqədardır? Niyə lazımi sürət əldə edə bilmirik?
– Sovet dövründə çox məşhur bir şüar var idi: “Hər şeyi kadrlar həll edir.” Bu gün sovet hökuməti yoxdur, amma bu şüar yenə də öz aktuallığını qoruyub saxlayır. Çünki mütəxəssis hər zaman üçün tələb olunandır. Doğrudan da, hər şeyi kadrlar həll edir. Bu, təhsili idarəetmə orqanlarına, universitetlərə, təhsilin bütün müəssisələrinə də aiddir. Qədim yunan alimi Arximedin belə bir ifadəsi var: “Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım”. Bu gün bəlkə belə demək mümkündür: “Mənə kifayət qədər mütəxəssis kadr verin, dünyanı məhvərindən çıxarım”. Kadr məsələsinə bizim bəzi idarə, müəssisə və təşkilat rəhbərləri kimi “Palçıqdan da olsa, bizdən olsun,” məntiqi ilə yanaşma olmamalıdır. Bu bir tərəfə, bu gün təhsilə nədənsə iqtisadçı gözü ilə baxmaq, iqtisadi məntiqlə idarə etmək hakimdir. Məncə, bütün yanlışların başında bu durur. İstəyirsən, bir lətifə də danışım, söhbətimiz ağır tonda getməsin.
– Buyurun, maraqlıdır.
– Mənim doğulub boya-başa çatdığım şəhərdə Qurban adında biri var idi. Amma nəyə görsə hamı onu “Lələ Qurban” kimi tanıyırdı. İxtisasca aviator idi və şəhərimizdəki kiçik, yalnız Muxtar Respublikanın pambıq sahələrini dərmanlamaq üçün istifadə edilən aeroportun müdiri idi. Bir gün Lələ Qurbanı işdən azad edib yerinə ixtisasca yol inşaatı mühəndisi olan başqa birini təyin edirlər. Lələ Qurban gəlir Vilayət Partiya Komitəsinin birinci katibinin qəbuluna. Katib onun şikayətinin nədən ibarət olduğunu soruşanda Lələ Qurban cavab verir ki, işsizdir, şəhər mərkəzi xəstəxanasına baş həkim təyin olunmaq istəyir.
Katib də arif adam idi, hiss edir ki, işin içində başqa iş var, amma yenə də Lələ Qurbandan ehtiyatla ixtisasının nə olduğunu soruşur? Lələ cavab verir ki, aviatordur. Katib ironiya ilə Lələ Qurbana baxır, ittihamedici tərzdə: “Sən partiyanı ələ salırsan, aviator hara, baş həkim hara?”-deyir.
Lələ Qurbana da elə bu lazım imiş, o dəqiqə daşı gədiyinə qoyur: “Bəs yol mühəndisindən aeroporta müdir olar? Əgər olursa, o zaman məndən niyə şəhərin mərkəzi xəstəxanasına baş həkim olmasın?”
Bəli, Heydər bəy, kadr məsələsi ağrılı məsələdir. Mənim bir neçə il əvvəl işlədiyim təhsil komleksinə bir iqtisadçını direktor təyin etmişdilər. Adam ixtisasında mükəmməl idi. Amma onun təyin edilməsi ilə məktəbin bütün fəaliyyəti alt-üst oldu. Təsəvvür edirsiniz? Adam öz inandığından başqa heç nəyə dəyər vermirdi, bu bir tərəfə, həftənin az qala yarıdan çoxunu da “exell” proqramına iqtisadi cədvəllər tutmağa, planlar hazırlamağa, pul hesablamağa sərf edirdik. Təbii ki, tabeliyimizdəki digər bütün kollektivlər də işini-gücünü buraxıb iqtisadi hesablamalar, müqayisələr, təhlillər aparmaqla məşğul olmağa başladı və müəssisələr gözümüzün qabağında saralıb solmağa başladı. Məktəb məktəbliyindən çıxıb statistika idarəsinə çevrilirdi. Onu müqəssir bilmirəm, çünki adam öz ixtisasını, bildiyini tətbiq edirdi, amma məktəbin dərdi təkcə pul deyil axı, heç pul deyil, bir də pulla məşğul olacaq başqa məsul şəxslər də var.
Universitetlərdəki kadr probleminə gəlincə, bir akademik kadrın, həm də fəlsəfə doktoru səviyyəsində akademik kadrın yetişməsi üçün ən az, ən az otuz, normal olaraq qırx-əlli il lazımdır. Sonra bu kadrın öz sahəsində davam etməsi, daha da püxtələşməsi, təcrübəyə yiyələnməsi lazımdır. Bundan başqa, bu kadrlar arasında bir də “alaq otu”na çıxanlar da olur. Onların da təmizlənməsi bir başqa məsələdir.
Baxın, bizim ali məktəblərdəki elmi-pedaqoji kadrların əksəriyyəti necə deyərlər, “köhnə kadrlardır.” Bu ifadəmi düzgün başa düşsünlər, “köhnə” deyərkən, yaşlıları nəzərdə tutmuram, müasir dünyanı oxuya bilməyən, ona görə strategiyalar müəyyən edə bilməyən, yanlış taktikalar tətbiq edən kadrları nəzərdə tuturam. Bunlar çox yaşlı adamlar ola bildiyi kimi, gənc də ola bilərlər. Belə konservativ, tənbəl, dünyanın gedişini anlaya bilməyən kadrlardan yaxa qurtarmaq da asan deyildir.
Bu baxımdan mən dövlətin universitetləri yeniləmə kursunu təqdir edirəm. Köhnəlmiş və sırf biznes məqsədli universitetləri inzibati qaydada bağlamağa çox həvəs göstərmirlər; yeni universitetlər açır, onları daha çevik kadrlarla təmin edirlər və qısa müddətdə bu gənc universitetlər rəqibləri olan köhnələri sıxışdırıb aradan çıxarır. Baxın, Azərbaycan Diplomatiya Akademiyası, Ali Neft Məktəbi, Bakı Mühəndilər Universiteti, Milli Aviasiya Universiteti və başqaları. Sovetdən qalma universitetlərin heç biri onlarla ayaqlaşa bilmir. Bunların bir yolu var: ya özlərini yeniləyəcəklər, ya da məcburən təslim bayrağını qaldırıb bağlanacaqlar.
Bir də bunu unutmayaq: ali məktəblərin tələbələrinin bazası orta məktəblərdir. Burada təməl atılır, burada abituryent olacaq şagirdlər istiqamətləndirilir. Onlar burada vərdişlərə yiyələnirlər. Gördüyünüz kimi, təhsil işi çox mürəkkəb, çox da həssas sahədir. Hər yerdə də kadra ehtiyac var. Amma müəllimi də müəllim yetişdirər, müəllimin dərdi olanda gedib dərdini müəllimə deyər, ondan kömək istəyər. Bir həkim müəssisənin problemlərini gedib müəllimdən soruşmayacağı kimi, bir müəllimin, pedaqoji prosesin iştirakçısının və idarəçisinin də dərdini bir başqa ixtisas sahibinə izah edə bilməsi çox çətindir, çox!
“Hazırlıq kurslarının məktəbə calanması uğursuzluqla nəticələnəcək”
– Amma baxın, sualımın əvvəlində də qeyd etdim, hər il neçə məzun 700, 650-700 arası bal toplayır. Bunlar həmin o dediyiniz məktəblərdən məzun deyildirlərmi?
– Bəli, doğru deyirsiniz. Hər il bir neçə məzun çox yüksək, hətta ən yüksək bal toplaya bilir. Amma gəlin, özümüzü aldatmayaq. Bu şagirdlər arasında neçəsi məktəbdə aldığı biliklərlə bu nəticəyə nail olur? Repetitorsuz, hazırlıq kurslarısız bu nəticəni əldə etmək mümkündürmü? Repetitor və ya hazırlıq kursları hesabına toplanan ballar məktəbin deyil, ailənin, valideynlərin hesabına yazılır. Bu gün Bakı şəhərində bir şagirdin repetitor yanında hazırlığı ildə orta hesabla 4000 manata, ayda 400 manata başa gəlir. Rayonlarda bu rəqəm daha aşağıdır. Kurslarda hazırlıq isə bunun yarısı qədərdir və ailənin büdcəsi ilə müayisədə yenə də az rəqəm deyildir.
Bu gün hazırlıq kurslarını məktəbə calamaq istəyirlər. Bəri başdan deyim ki, bu uğursuzluqla nəticələnəcəkdir. Necə deyərlər, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Bir az bahaya başa gəlsə də, məktəbdə təhsilin səviyyələndirmə və differensiallaşma işi sürətlənməlidir. Təhsilin on iki ilə çıxarılması, fənlərin tədrisinin ümumi orta səviyyədə başa çatması və tam orta səviyyənin differensiallaşdırılmasında qəti addım atılmalıdır. Bilirəm, bunun üçün hər şey yenidən qurulmalıdır ki, buna da çox, lap çox vəsait lazımdır. Amma başqa çıxış yolu varmı?
– Bəs niyə radikal addımlar atılmır? Axı bu perspektivsiz universitetlər büdcədən milyonlarla pul yeyirlər və heç bir səmərə də vermirlər!
– Yenə təkrar edirəm, kadrlar lazımdır. Kadrlarımız ətalətdən qurtulmayınca bu işin düzəlməsi çox çətindir. Kadrları ətalətdən qurtarmağın yollarını axtarmaq, tapmaq lazımdır.
Digər tərəfdən, dövlət də öz vətəndaşını necə deyərlər, çölə atmamalıdır, atmır, çünki dövlət həmin o vətəndaşın hesabına dövlətdir, ona borcludur, onun qarşısında hesabat verir. Bunlar dövlətə yük olsa da, onları çiynində daşımağa məhkumdur. Eyni zamanda, bu kadrlar da dövlətin boynunda gəzməyi özlərinə sığışdırmamalı, özlərinin yenilənməsi, keçən söhbətlərimizdən birində də qeyd etdiyim kimi, özlərini “update” etmək qayğısına qalmalıdırlar. Amma bunda haqlısınız ki, dövlət büdcəsi deyəndə də vətəndaşların əməyi, haqqı nəzərdə tutulur. Vətəndaş əmək haqqının az qala beşdə birini dövlətə verir, amma büdcədən maaş alan alim, pedaqoq əvəzində heç bir səmərə vermir və ya az səmərə verir.
Heydər bəy, bir az kəskin olsa da, deyəcəyəm. Bu universitetlər özləri özlərini bağlamalıdırlar. Müəllim, tərbiyəçi, alim, pedaqoq kimi müqəddəs adları daşıyan adamlar pul qazanmaq xətrinə millətə zərbə vurmamalıdırlar. Bunlar inzibati məsələlər deyildir, bunlar əxlaq məsələsidir. Amma əgər bir universitet müəllimi ona rüşvət verməyə gücü çatmadığını deyib ağlayan valideynə “Mənə nə? Mən universitet müəllimiyəm, dossentəm, əynimə-başıma bax! Mən işə bu paltarla gəlməliyəm?”-deyə cavab verir, rüşvətxorluğuna təzə paltar ehtiyacı ilə bəraət qazandırırsa, burada bütün səbəblər sükut edir. Artıq deyəcək heç bir söz qalmır. Bir millətin alimi, pedaqoqu budursa, o millətin batması haqdır. Nə demiş Mehmet Akif?
“Sahibsiz vətənın batması haqdır,
Sən sahib çıxarsan, bu vətən batmayacaqdır!”
Həddim olmasa da, Mehmet Akifin ruhundan üzr istəyərək buna kiçik bir düzəliş etmək istəyirəm:
“Rüşvətlə gedən təhsilin batması haqdır,
Sən sahib çıxarsansa, o təhsil batmayacaqdır.”
Bəli, Heydər bəy, kadrlar, kadrlar… Hər şeyi kadrlar həll edir!
“Ali təhsildə əxlaqi biliklərin təlimi vazkeçilməz olmalıdır”
– Üstəlik, bir də ödənişli fakültələr var. Vətəndaş həm təhsilin var olması və inkişafı üçün, həm də övladını oxutmaq üçün pul ödəyir. Bu ədalətlidirmi?
– Doğru və çox sərrast təsbitdir. Ölkə özünə lazım olacaq kadrlar üçün universitetlərə sifariş verir, verdiyi sifarişə görə müəyyən həcmdə pul ayırır, verdiyi pul zay olmasın deyə, bir də hədd qoyur: mənim verdiyim pula yüksək bal toplamış abituryentlərdən qəbul edəcəksən. Buna görə “pulsuz” dediyimiz dövlət vəsaiti hesabına olan fakültələrə qəbul üçün 600-dən yuxarı, bəzən 650-670 bal toplamaq tələb olunur.
Qalan yerlər dövlətin sifarişindən kənarda olduğu üçün valideynə, yaxud abituryentə belə deyilir (sözlər mənə aiddir, anlaşılsın deyə, bu cür, bir az kobud şəkildə ifadə edirəm): – Mənə aşağı profilli kadr lazım deyil, əgər bu səviyyən ilə ali təhsil almaq istəyirsənsə, zəhmət çək, müəllimin, tədrisin pulunu ödə, gəl otur, oxu. Məzun olandan sonra da özünə iş axtaracaqsan. Mənim səni işlə təmin etmək barədə öhdəliyim yoxdur.
– O zaman necə olacaq, bu 54 universitet nə vaxtacan ticari missiyalarını bir kənara qoyub akademik missiyaya keçəcəklər?
– Bir az səbrli olmamıza ehtiyac var. Bir az da dünyaya baxmamız lazımdır. Məsələn, ABŞ-da neçə universitet var, amma onlardan yalnız Harvard, Yale, Massakisetti, Koliforniya, Çikaqo daha çox tanınır. Britaniyada yüzlərlə universitet var, amma Kembric, İmperial və Oxford tanınır. Fransada yüzlərlə universitet var, amma ən məşhurları Paris, Orlean, Strasburq universitetləridir. Rusiyada da, Almaniyada da eyni mənzərədir, bəlkə minlərlə universitet var, amma ən məşhurları bir neçədir. Asiyada Yaponiya, Filippin, Çin universitetləri Avropa və Amerikadan heç də geri qalmırlar. Bu baxımdan, dediyiniz kimi, on milyonluq əhaliyə malik Azərbaycan üçün də iki-üç universitet bu yüzlüyə daxil olubsa, bununla da kifayətlənmək yox, razılaşmaq lazımdır, amma sayı artırmaq şərti ilə.
Bu gün zaman ali təhsil tələb edir. Ali təhsili olmayan adam bir-iki addım atdıqdan sonra dizləri titrəyir, olduğu yerdə çöküb qalır. Bunu anlamamız və ali təhsilin keyfiyyətini yüksəltməmiz lazımdır. Bir zamanlar, çox qədimlərdə deyil, cəmi 70-80 il əvvəl ibtidai təhsil almaq cəmiyyəti qane edirdi, bir onillik keçdi, səkkizillik təhsil icbari oldu, daha bir on il keçdi, orta təhsil icbari oldu. Niyə? Çünki dünyanın inkişaf sürəti bunu tələb edirdi. Təhsilə fikir verməzsənsə, məhv olacağın labüddür. Bu gün ali təhsli, bakalavr səviyyəsində, magistr səviyyəsində təhsil icbaridir. “İcbari” sözümü hüquqi mənada başa düşməsinlər, bunu mənəvi olaraq, zamanın tələbi olaraq deyirəm. Bir zamanlar adamlar aspirant, doktoranta heyran-heyran, əlçatmaz bir şey kimi baxırdılar. Bu gün fəlsəfə doktoru günümüzün olmazsa olmazlarındandır. Dünya elmi-texniki tərəqqidə az qala işıq sürəti ilə inkişaf edir. Bu sürətə çata bilməmiz lazımdır. Amma bir şərtlə: insan elmdə dərinləşdikcə, mənəviyyatda da dərinləşməlidir. Yoxsa əldə etmək istədiyimiz və əldə etdiyimiz elm bizə bəla olar. Əxlaqsız elm fəzilət deyildir, faciələrin təməlidir.
Mən ali təhsildə əxlaqi biliklərin təlimini vazkeçilməz hesab edirəm. Xalqımızın yaxşı bildiyi bir atalar sözü var: “Alim olmaq asandır, adam olmaq çətin,” yaxud, “Hər oxuyan Molla Pənah olmaz.” Mən buna inanıram: təhsilin səviyyəsi yüksəldikcə, insanlar insani dəyərlərdən uzaqlaşmamalıdırlar. İnsani dəyərləri ölçən reytinq cədvəli isə yoxdur, hələlik yoxdur. Buna görə də təhsilin keyfiyyətini ölçəndə, onun əxlaq məsələsinə daha çox diqqət yetirmək lazımdır. Bu xəmir isə öz-özlüyündə çox su apardığı üçün və bir neçə cümlə ilə izah edilə bilməyəcəyindən bunu sonraya saxlayaq. Mən çox arzu edirəm ki, cəmiyyətdə məhz əxlaq barədə müzakirələr getsin, bu məsələ ətrafında danışılsın. Amma…
– Nə olar, bu barədə də danışarıq, Nazim müəllim. Doğru deyirsiniz, bu barədə ayrıca danışmamız lazımdır. İndi isə sizə təşəkkür edirəm, vaxt ayırdınız, maraqlı söhbət etdiniz…
– Siz sağ olun ki, mənə dəyər verir, təhsil kimi çox məsul məsələlər barədə fikrimə müraciət edirsiniz. Sizə və şəxsinizdə bütün redaksiya heyətinə, oxucularınıza təşəkkür edirəm.
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: