Nə gizlədim, əslində bəndənizlə Nazim müəllimin söhbəti əvvəldən yaxşı alınıb. Hələ sovet hökumət dağıldığı ərəfədə mən təhsil pramidasının ən aşağısında – orta məktəb məzunu, Nazim müəllim isə ən yuxarı nöqtəsində – nazir idi. İş elə gətirmişdi ki, Türkiyənin ali məktəblərini qazanmağımıza baxmayaraq, müxtəlif bürokratik əngəllərlə qarşılaşdığımızdan, tez-tez hörmətli nazirimizin qapısını döyməli olurduq. Sağ olsun Nazim müəllimi, bizi heç bir zaman qapısından geri qaytarmır, nə qədər çox işi olmasına baxmayaraq, dərdimizi dinləyir, əlindən gələn köməyi əsirgəmirdi.
Nəhayət, biz bir ildən sonra yenidən imtahan verərək, bir daha tələbə adını qazandıq. Naxçıvanın ozamankı rəhbəri mərhum Heydər Əliyevin də diqqəti sayəsində tələbələrin sənədini almaq üçün Türkiyəyə iki nümayəndə göndərildi – biri Naxçıvan Təhsil naziri Nazim Əkbərov idi, biri isə tələbələrin nümayəndəsi kimi mən.
Nazim müəllimlə yaxın ünsiyyətimiz Türkiyə səfərimizdə də davam etdi. Necə olsa, ikimiz də özümüzü müstəqil Azərbaycanın ilk “diplomatları” kimi hiss edirdik.
Mənim tanıdığım ilk “baş diplomat”la bu müsahibələri alanda isə ikimiz də yeni statuslarda görüşdük. İndi o, təqaüdə ayrılmış pedaqoq, bəndəniz isə jurnalistdir. Yetişməyimdə bu adamın böyük əməyi olduğundan görüşlərimizi ağacla barın qarşılaşmasına da bənzətmək olar.
Hörmətli Nazim müəllimlə belə qərara gəldik ki, təhsil problemləriylə bağlı müxtəlif mövzularda söhbətləşək və onun özünəməxsus görüşlərini Azərbaycan oxucularına çatdıraq. Söhbətlərimiz silsisləsindən ikinci mövzumuz isə ali məktəblərlə əlaqədar oldu.
Beləliklə, Naxçıvanın sabiq Təhsil naziri Nazim Əkbərovun müsahibəsini Strateq.az oxucularına təqdim edirik:
– Nazim müəllim, dərs ilinin bitməsinə az qalır. Bir müddətdən sonra abituriyentlər ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini verəcəklər. Böyük bir rəqabətin yaşandığı bu savad yarışında ağlayanlar sevinənlərdən çox olacaq. Ötən ilin nəticələrinə baxsaq, görərik ki, sevinənlərin bir çoxunun da sevinci uzun sürməyəcək. Səbəbi valideynlərinin maddi gücünün övladlarına ali təhsil verəcək səviyyədə olmamasıdır. Məlumatlara əsasən, təkcə ötən il minlərlə tələbə ödənişə görə ali təhsil almaqdan imtina edib. Dörd min tələbəni isə ali məktəblərin özləri təhsil haqqını ödəmədikləri üçün imtahana buraxmayıb. Nəzərə alsaq ki, hər il ali məktəblərə qəbul olan uşaqların sayı 37 min nəfərdirsə, universitetlərin imtina etdiyi tələbələrin sayı illik kvotanın 11%-i qədərdir. Mən hələ ali məktəbdən imtina edənləri hesaba qatmıram. Sizə elə gəlmir ki, pullu ali təhsil Azərbaycanın intellektual perspektivinə ciddi və sağalmaz zərbə vurur?
– Heydər bəy, mənə verdiyiniz fürsətdən istifadə edərək ali məktəblərə qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə çıxmış bütün abituryentləri, onların müəllimlərini və valideynlərini təbrik edirəm. Bunların arasında siz də varsınız – oğlunuz çox yüksək bal toplayıb. İndi qarşıda ikinci mərhələ durur. Bu mərhələdə bütün abituryentlərə daha yüksək nəticələr əldə etmələrini arzu edirəm.
Sualınıza gəlincə, təhsilin pullu və ya pulsuz olması məsələsi, doğrudan da, cəmiyyəti az qala dörddə bir əsrdir narahat edir. Amma bunu da nəzərdən qaçırmayaq ki, bu, sosial məsələdən daha şox hüquqi məsələdir. Yəni dövlət Konstitusiya ilə öhdəsinə belə bir vəzifə götürmüşmü, götürməmişmi?
Konstitusiyamızın 42-ci maddəsinın I bəndində dövlət üzərinə “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır” öhdəliyini götürür; ardınca, II bəndində buna aydınlıq gətirərək “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” deyir. Göründüyü kimi, dövlətin boynunda vətəndaşlarına pulsuz ali təhsil vermək kimi bir öhdəliyi və vəzifəsi yoxdur. Yoxdursa, o zaman dövlətdən belə bir imtiyaz gözləmək olmaz.
Bu baxımdan pullu təhsilin insanların intellektual səviyyəsinə mənfi təsir etdiyi barədə iradınızla qismən razıyam, amma unutmayaq ki, sovet dövrünün “SSRİ başdan-başa savadlılar ölkəsidir!” şüarı artıq özünü doğrultmur. Dövlət nəinki ali təhsili, heç tam orta təhsili belə öz öhdəsinə götürmür. Buna görə də işsiz, orta səviyyədən aşağı “intellekt” xətrinə dövlətin büdcəsini sərf etmək istəmir. Özünün gələcəyini təmin etmək məqsədi ilə yaxın gələcəkdə ona lazım olan kadr hazırlığını təminat altına almaq istəyir ki, bu da təbiidir. Buna nail olmaq üçün ona lazım olan kadr hazırlığını yerli universitetlərə sifariş verir, onlar üçün pul ödəyir. Eyni zamanda da belə bir şərt qoyur: “Mənim üçün seçiləcək şəxslər çox yüksək intellektə malik olmalıdır. Buna görə də minimum bal, deyək ki, 620-dən aşağı olmamalıdır. Mən yalnız bu səviyyənin üstündə olanlara vəsait ayırıram.” Bildiyimiz kimi, bundan əlavə, daha yüksək bal toplayanlara Prezident təqaüdü də verilir.
Əgər ölkədəki universitetlərdə tələb olunan fakültə yoxdursa, yaxud mövcud olanların səviyyəsi qənaətbəxş deyilsə, o zaman dövlət öz vəsaiti hesabına gəncləri xarici ölkələrə göndərir, orada hazırlayır.
Sizi maraqlandıran sual daha çox dövlət sifarişindən kənarda qalan tələbələrin vəziyyətidir. Abituryentlərdən bir hissəsinin imtahanda topladığı bal dövlətin sifariş etdiyi səviyyəyə çatmır, amma mütləq ali təhsil almaq istəyirsə, o zaman universitet belə deyir: “Əgər ali təhsil almaq istəyirsənsə, o zaman müəllimin, laboratoriyanın, elektrikin, suyun və s. pulunu ver, mən də sənə ali təhsil verim. Pulun yoxdur? O zaman tələsmə, bir neçə il sonra da gəlib ali təhsil ala bilərsən.”
Heydər bəy, məktəbi bitirən kimi ali məktəbə qəbul olunmaq istəyi bizə sovet dövründən qalıb. Sovet höküməti ağına, bozuna baxmadan, lazımdırmı, lazım deyilmi, universitetlərin qapısını açıb dövlət büdcəsi hesabına istəyənə ali təhsil diplomu verməyi öhdəsinə götürmüşdü. Ona görə də məktəbi qurtaran attestatını götürüb qaçırdı ali məktəbə. Beş il sonra gəlib iş istəyirdi. Bunun üçün isə illərlə, bəzən on il və daha çox növbəyə durmalı olurdu. Bakıya yazırdı, Moskvaya yazırdı, Leninin movzeleyinə yazıb şikayət edirdi, bəlkə bundan sonra birtəhər bir yerdə özünə yer eləyirdi. Sizcə, bütün bunlar normal idi? Üstəlik, bu kadrların bir hissəsinin keyfiyyəti də qaneedici deyildi axı!
– Nazim müəllim, oxuculardan, vətəndaşlardan ən çox eşitdiyimiz bir giley-güzar var. Deyirlər ki, Azərbaycan bir çox beynəlxalq idman və musiqi yarışlarına ev sahibliyi edəcək qədər özünü səxavətli aparır. Amma iş təhsilə, elmə gələndə nədənsə “hacıqaralığımız” tutur. Sizcə, biz hansı sahədə daha çox “Hacı Qara,” hansı sahədə səxavət mücəssiməsi olmalıyıq?
– “Hacı Qara” deyərkən, hər halda təhsil üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılmadığını nəzərdə tutursunuz, eləmi? Mən bayaq bu məsələyə toxundum. İndi ki bu məsələ daha geniş müzakirə tələb edir, o zaman məsələyə bir də başqa tərəfdən baxaq.
İdman və musiqi müsabiqələrinin məqsədi, əgər beynəlxalq səviyyəlilərdən danışırıqsa, bunlar həm siyasi, həm sosial, həm də iqtisadi məqsəd daşıyır – ölkəni tanıtmaq, ölkə haqqında ümumdünya rəy yaratmaq, ölkəni sevdirmək, eyni zamanda da turist cəlb etməkdir.
Heydər bəy, bu günkü gənclər Azərbaycanın 25 il əvvəlki halını görmədikləri üçün bəlkə bu məsələni onlara daha ətraflı çatdırmaq lazımdır. Sizin özünüzün də hələ iyirmi yaşınız tamam olmamış bir döyüşçü kimi fəal iştirak etdiyiniz keçən əsrin 90-cı il hadisələrini bugünkü əhalinin yarısı görməyib. Ölkə nə gündə idi? Başımıza gələn 20 yanvar, Xocalı, Şuşa kimi faciələrin səbəbini biz dünyaya deyil, heç üzvü olduğumuz SSRİ məkanında belə tanıda bilmir, insanları inandıra bilmirdik. Niyə? Çünki SSRİ adlanan ölkədə “Azərbaycan” deyəndə çox adam mat-mat baxır, tanımırdı. Bizim Qarabağı itirməmizin səbəblərindən biri də bu deyildimi? Bizi heç kəs tanımırdı, tanımadığı üçün də bizi nə görür, nə də eşidirdilər. Biz ölkəmizi, kim olduğumuzu, haradan gəldiyimizi, varlığımızın fəlsəfəsini dünyaya tanıtmağa məcburuq, çünki gələcəkdə daha böyük faciələrlə üzləşməyəcəyimizə heç kəs təminat vermir. Digər tərəfdən, Qarabağın doğrudan da Azərbaycan torpağ olduğuna dünya ictimaiyyətini inandırmağın başqa yolu da yoxdur. Bütün bunlar isə pulsuz, həm də külli miqdarda pulsuz olmur. Pul isə yağış deyil, göydən yağmır, göbələk deyil, yerdən çıxmır. Hə, yerdən neft çıxır, amma bu neftin gətirdiyi pul hər ehtiyacı ödəmir axı!
O zaman ölkəyə valyuta gəlməsini təmin edəcək təbirlər görmək lazımdır. Bunlardan ən sərfəlisi turizmdir, çünki turizm artdıqca, xidmət sahələri, iş yerləri də artır. Amma biz bəzən buna da irad tuturuq. Baxın, son vaxtlar ölkəyə gələn turistlərin sayı artmağa başlamışdır. İranlılar, ərəblər gəlməyə başlayıb. Amma biz bundan da narazıyıq. Mən də bu məntiqi anlamıram. Axı niyə ölkəyə avropalı, rusiyalı gələndə narazı olmuruq, iranlı, ərəb gələndə narazı oluruq? Turizm bir yerdən başlamalıdır, elə deyilmi? Ən yaxınımızla, İranla, türklə, ərəblə başlayır, tezliklə dünyanın başqa ölkələrini də əhatə edəcəkdir. Bunu da qəbul etmiriksə, o zaman ölkəyə turist cəlb etməyin yolu nədir? O olmasın, bu olmasın, o biri heç olmasın. Bəs nə olsun?
İndi gələk təhsilə ayrılan vəsaitin azlığı məsələsinə. Biz “təhsilə vəsait ayırımı artırılsın,” deyərkən nəyi nəzərdə tuturuq? Maaşı! Halbuki, maaş məsələsindən daha vacib olan şeylər var ki, biz bunlardan demək olar ki, heç bəhs etmirik. Məsələn, siz heç universitetin maddi-texniki bazasından şikayət edən birinə rast gəlmisinizmi? Universitet kitabxanasının fəaliyyətindən narazılıq eşitmisinizmi? Universitetin akademik səviyyəsindən narazılıq edən birinə rast gəlmisinizmi? Universitetin xarici əlaqələrinin səviyyəsindən narazılıq edən varmı?
Bunları eşitməzsiniz, çünki bizim bəzilərimiz ali təhsilin, ümumiyyətlə təhsilin səviyyəsini mədədə, onun nə qədər dolu olmasında görürük. Biz ali təhsil haqqında, ümumiyyətlə təhsil problemlərindən danışanda əsas dərdləri bir kənara qoyub yalnız həzrəti-mədənin tələblərini önə çıxara bilmərik.
Burada başqa etirazlara da rast gəlirik: müəllimi əvvəlcə təmin et, sonra ondan tələb et! Müəllimə nə verirsən ki, nə də tələb edirsən?
Mən bununla razı deyiləm. Əvvəla, sən müəllimlik peşəsini seçəndə bu peşə sahiblərinin maddi vəziyyətini bilirdin. Müəllimin sosial vəziyyəti gözlərin önündə idi, ömrünün ən az on bir ili müəllimlərlə təmasda keçibdir. İndi, sanki bu, yeni məsələdir kimi qalxıb iddia irəli sürmək ədalətsizlik olur. Müəllimlik peşəsi həmişə belə olub. Mənim anam da, atam da, babam da müəllim olub, onların maddi vəziyyəti bugünkü müəlliminkindən qat-qat aşağı olub. Bilirsiniz, Heydər bəy, bu barədə söz düşəndə, ağlıma bir fikir gəlir. Bəlkə də Allah heç müəllimlik peşəsinə çox maaş yazmayıb və bununla da bu peşənin müqəddəsliyini təminat altına alıb? Bir anlığa təsəvvür edin ki, müəllimin maaşı 2000 manatdır, 3000 manatdır. Bilirsiniz o zaman nə olar? Bu gün uşaqlarını zorla hüquq fakültəsinə, gömrük, vergi sisteminə uyğun fakültələrə yönləndirən “imkanlı” valideynlər bu dəfə onları müəllimliyə yönləndirərlər və… məktəblər bu ərköyün övladların əlində nə günə düşər, təsəvvür etmək çətin deyildir. Yox, mənə elə gəlir ki, Allah müəllimlik peşəsini cəmiyyətin varlı olmayan təbəqəsinə həvalə edib. Edib ki, müəllimlik işinə bu peşəni qəlbən sevənlər gəlsin, onlar bu peşədən möhkəm yapışsınlar. Bu bir fikirdir, fərziyyədir, doğru da ola bilər, olmaya da bilər. Həqiqəti Allah bilir.
Amma bu sözlərim heç də dövlətin mövqeyini müdafiə etmək kimi başa düşülməməlidir. Əlbəttə, müəllimə münasibətdə dövlətin də çatışmayan, nöqsan və xətaları vardır. Məsələn, həmişə tutduğum iradlardan birini dilə gətirim: ölkəmizdə inzibati orqanların, maliyyə orqanlarının yerləşdiyi binalara da baxın, təhsil orqanlarının binalarına da baxın. Onlarınkı saraylar, təhsilinki çox vaxt köhnə, uyğunlaşdırılmış binalar. Niyə? İclaslara baxın. İnzibati, maliyyə orqanları həmişə birinci, ön sırada, təhsil onların arxasında oturdulur. Niyə? Müəllimlərin iməciliklərə cəlb edilməsi, onlara küçə süpürtdürülməsi, təmizlik işləri gördürülməsi mənə həmişə alçaldıcı gəlmişdir. Siz heç əlində süpürgə küçələri təmizləyən prokurorluq, məhkəmə, polis, gömrük, vergi işçisi görmüsünüzmü? Bütün bunlar ölkədə icra başçılarının, digər rəhbərlərin müəllimə verdiyi dəyəri əks etdirir. Müəllim, hətta ən savadsız müəllim belə, bu cür rəftara layiq deyildir.
Sualınıza cavabı yekunlaşdırarkən bunu demək istəyirəm: biz insana dəyər verməkdə, xüsusən də müəllimə dəyər verməkdə səxavət mücəssəməsi olmalıyıq. “Hacı Qara”lığa gələndə, bunu bizim mənəvi qaynaqlarımız öyrədir: xeyirli işlərdə səxavətli, xeyirsiz, zərərli işlərdə xəsis olmaq lazımdır. O şey ki məktəbin, dolaysı ilə insanların gələcəyinin xeyrinədir, bunda səxavətli olmaq lazımdır.
– Təhsil haqqı məsələsi çox adamı narahat etdiyi üçün bu məsləni hələ qapatmaq istəmirəm. Çünki valideynlər də haqlıdırlar. Azərbaycan ali məktəblərində ən ucuz təhsil haqqı illik 2 min manatdan başlayır. 6 min manatdan daha yüksək təhsil haqqı tələb edən ali məktəblərimiz də var. Bu bahalı təhsil göstəricilərinə görə, bizim universitetlər hətta dünyanın ən məşhur ali məktəblərini qabaqlayır. Üstəlik, tələbələrdən tələb olunan rüşvət, “hörmət” kimi amillər də indiyədək qüvvədədir. Ali məktəblərimizin verdiyi diplom isə nəinki Biləcəridən o tərəfdə tanınmır, bizim öz ərazilərimizdə belə xarici universitetlərin diplomlarına uduzur. Qloballaşan dünya şərtlərində özümüzü dəyişməsək, bizi nə tale gözləyir?
– Çox ciddi və çox düşündürücü sualdır. Doğrudan da elədir. Universiteti tanıdan, ona hörmət qazandıran onun kadrlarıdır. Universitetdə professorların, akademiklərin sayı nə qədər çox olsa, universitet bir o qədər nüfuzlu olar. Bu dediklərim sovet dövrünə aiddir, amma bu gün də öz dəyərini saxlayır. Amma bu gün universitetdən başqa göstəricilər də tələb edirlir. Məsələn, universitet dünya elmi-praktik konfranslarında necə iştirak edir? Universitet ölkənin, ölkə azdır, onun sərhədlərindən kənarda elmi tədqiqatları ilə, elmi və təcrübi əsaslandırılmış təklifləri ilə elmi, iqtisadi, sosial, mədəni həyatda necə iştirak edir? Universitet elmi tədqiqat fəaliyyəti ilə qazanc əldə edə bilirmi? Tələbələr beynəlxalq konfranslarda, olimpiadalarda, yarışlarda, müsabiqələrdə necə iştirak edir? Universitet dünyanın neçə universiteti ilə əməkdaşlıq edir? Və sair və ilaxır.
Biz bütün bunlarda geridə qalırıq. Çünki kadrlarımız kifayət qədər yetərli deyildir. Çoxu mənim kimi yaşlı, yorğun, əvəzində gənc kadrlara inamsız, özünü əvəzedilməz sanan… Hərdən düşünürəm ki, kompyuter proqramları tez-tez “update” olunur, yəni özü özünü yeniləyir. Görəsən, bizim universitet alimləri, dosentləri, professorları özlərini “update” ediblərmi, edirlərmi?
Rüşvət məsələsinə gəldikdə, bu söz özü müəllimdən kilometrlərlə uzaq olmalıdır. Çünki müəllimin birinci vəzifəsi insana elmlərin əsaslarını öyrətməkdən daha əvvəl ADAM olmağı öyrətməkdir. Rüşvət əxlaqa zidd davranışdır. Rüşvət insanı və ən çox da müəllimi alçaldan bir davranışdır. Amma müəllimlərimiz arasında rüşvəti “hörmət” termini ilə əvəz edib özünə “hörmət” qazandırmaq istəyənlər də az deyildir. Kim nə cür qarşılayr, qarşılasın, müəllimin rüşvət tələb etməsi onun alçaqlığından da alçaqlığını nümayiş etdirir. Siz Türkiyə məzunu olduğunuz üçün, şübhəsiz, çəkəcəyim misalı eşitmisiniz. Deyir, bir gün bir nəfər Nəcib Fazil Qısakürəyə “alçaq” deyir. Nəcib Fazil ona belə cavab verir: “Mən sənə alçaq demirəm, çünki alçaqlıq da özünə görə bir səviyyədir. Sən çuxursan!” Bu baxışa, bu məntiqə görə müəllimin rüşvət alanı mənə görə çuxurdur, hətta çuxurdan da çuxurdur. Beləsinə müəllim demək, belə birinin də özünü müəllim hesab etməsi ən böyük xətadır.
– Son zamanlar müxtəlif xarici ölkələrdə təhsil almaq imkanları artır. Hər il minlərlə tələbə hətta qəbul imtahanı vermədən Ukrayna, Türkiyə, Rusiya və sair kimi ölkələrə axışırlar. Sözsüz ki, xaricdə ali təhsil almaq həm də o ölkənin “yumşaq gücü”nə və yaxud bizim başbilənlərin dili ilə desək, “5-ci kolonu”na çevrilmək üçün münbit zəmin yaradır. Bunun qarşısını isə inzibati yolla almaq mümkün deyil. Bizim ali təhsil müəssisələri rəqabətdə xarici həmkarlarını ötməlidirlər ki, gənclərimiz özümüzdə oxusun. Sizcə, hökumətimiz bu istiqamətdə hansı addımları atmalıdır?
– Bilmirəm, mən Təhsil Nazirliyində işləmirəm, çox yaxın əlaqəm də yoxdur. Amma dediklərinizdə həqiqət payı ola bilər. Bu gün Azərbaycan kənarda təhsil alanların dövlət qulluğuna qəbul edilməsində bir maneə görməsəm də, onların bəzi orqanlarda işə qəbulunda ehtiyatla davranıldığı barədə giley-güzar edənlər vardır. Bu da sizin həmin “5-ci kolon”dan ehtiyat edilməsi ilə bağlıdır. Amma dövlətin həm bunu təqib etmək, həm də qarşısını almaq üçün kifayət qədər gücü vardır.
Heydər bəy, xatırlayırsansa, siz Türkiyəyə təhsil almağa gedəndə rəhmətlik Heydər Əliyev məni bu işin başında Türkiyəyə göndərdi. O zaman Heydər Əliyev “Bu uşaqları şəxsən özün apar, onların ünvanlarını, telefon nömrələrini, harada, necə bir şəraitdə yaşadıqları ilə şəxsən məşğul ol, mənə də məlumat ver”, demişdi. O zaman sizi Türkiyəyə aparanda nazirlikdən neçə nəfər getmişdi? Hər biri bir şəhərə tələbə apardı, yerləşdirdi və biz tələbələrlə əlaqə saxlayırdıq. Bu gün buna ehtiyac yoxdur, çünki bu gün bir çox xarici ölkədə səfirliklərimiz var, onların nəzdində təhsil attaşelərimiz var. Onlar tələbələrə hər cür yardım göstərmək, onların çətinliklərini aradan qaldırmaq üçün vardırlar. Bunların olduğu şəraitdə “5-ci kolon”dan ehtiyat etməyə gərək qalmır.
– Ali məktəblərin tələbəsi olmaq üçün qəbul imtahanlarının şərt olması da, məncə, mübahisəyə açıq məsələdir. Ən azı ona görə ki, bir çox dahinin orta məktəb proqramını yaxşı mənimsəmədiyi halda ali məktəbdə aldığı təhsillə o mərtəbəyə yüksəldiyi məlumdur. Heç uzağa getməyək, ötən əsrin ən böyük dahisi Albert Eynşteyn heç orta məktəb attestatı almayacaq qədər savadsız şagird olub. Universitetə isə riyaziyyat müəlliminin yazdığı müsbət xarakteristikayla girə bilib. Nəticədə isə adını tarixin ən böyük alimlər sırasına yazdırıb. Necə bilirsiniz, Eynşteyn indiki Azərbaycan təhsil sisteminin ümidinə qalsaydı, kim olardı?
– Heydər bəy, bu qədər ciddi və ağır söhbətdən sonra doğrudan da zarafata ehtiyac var idi. “Eynşteyn indiki Azərbaycan təhsil sisteminin ümidinə qalsaydı, kim olardı?” Bu, Albert Eynşteynlik məsələ deyil. Allah ölüdən diri, diridən ölünü çıxarmağa qüdrəti çatandır. Bizim yerlərdə nə deyirlər? “Oddan kül törər, küldən od törər”. Amma Eynşteyn, Tusi, İbn Sina yetişdirmək hər bir ali məktəbin idealı olmalıdır. Bunun üçün seçim başlıca şərtdir. Seçim üçün imtahan keçirilir, daha yaxşılar müəyyən edilir. Bəziləri tam orta səviyyədə buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyi təklif edir. Çünki xaricdə belə bir təcrübə vardır. Məncə, daha yaxşısı universitetlərə tələbə seçimində sərbəstlik verilməsidir. Niyə?
Təhsilin hər bir səviyyəsinin özünə görə məqsədləri vardır. Keçən söhbətimizdə buna toxunmuşduq. Ümumilikdə isə, tam orta təhsil insanı müstəqil həyata hazırlamaq üçün vardır. Yəni tam orta təhsil almış adam həyatda müstəqil addım atmağa, qarşılaşdığı şəxsləri, hadisələri müstəqil olaraq təhlil etmək, qiymətləndirmək və nəticə çıxarmağa hazırlanır. Ali məktəb isə bu müstəqil həyatda özünə peşə, ixtisas seçmək, bu sahədə daha yüksək savad və bacarıq qazanmaq üçün vardır.
Abituryentin on beş seçim etmək haqqı vardır. Söz yox ki, abituryent ilk sırada ən ümdə arzusunu yazır, sonra əziyyəti puç olmasın deyə qalan on dörd qrafanın hamısını doldurur. İmtahan Mərkəzi də öz işini görür – ölçür, qiymətləndirir, sonra da universitetə təhvil verib deyir, “Al, bu abituryenti mühəndis et, yaxud müəllim et, rəssam et.”
Bunu niyə universitetlərə vermirlər? Çünki haqlı olan səbəbləri də var. Belə bir hüququ universitetə verəndən sonra onun “nə oyun çıxaracağını” təsəvvür etmək çətin deyildir. Xüsusən də sovet dövründən qalan kadrlarla.
Universitetlərin istənilən səviyyəyə gələ bilməsi üçün hələ bir-iki onillik də gözləməli olacağıq. Məncə, dövlətin tutduğu indiki yol doğrudur. Məsələn, Neft Akademiyası ilə yanaşı daha gənc və dinamik kadrlardan ibarət Ali Neft Məktəbi açır, bəzi nazirliklərə öz akademiyalarını açmaq ixtiyarı verir. Necə deyərlər, “Moskva bir günə tikilməyib”. Yavaş-yavaş hər şey öz yerinə oturacaqdır, amma bizim səbrimiz çatmır.
– Ali təhsil ocaqlarında tədrisin keyfiyyətini yüksəltmək üçün hansı islahatlar aparılmalıdır?
– Vallah, çox çətin sual verdiniz. Bilmirəm… Məsələn, məncə, ilk növbədə universitetlərlə eyni profilli kolleclər (texnikumlar) birləşdirilməlidir. Baxın, xaricdəki universitetlərin həm dörd illik, həm də iki illik fakültələri var. Adam savad və imkan səviyyəsinə görə ya ikiillik, ya da dördillik fakültəyə daxil olur. Bizdə isə elə deyildir, yaxud hər yerdə belə deyildir. Ali məktəblər ayrıdır, kolleclər (texnikumlar) ayrıdır.
İkincisi, universitetlərin sayı azaldımalıdır. Biz bir zamanlar az qala hər şəhərdə universitet açmaq eyforiyasına qapıldıq. Halbuki universitet demək, akademik səviyyədə kadrlar deməkdir. Kənd, şəhər məktəblərinin müəllim kadrlarını universitetə cəlb etməklə universitet təhsili vermək olmaz. Bu, eyni zamanda vətəndaşı, şagirdi, tələbəni aldatmaqdır, onun gələcəyini təhlükəyə atmaqdır.
Bu addımı atarkən, güya tələbələrin uzağa getməmələri, öz evlərində təhsil almalarını qayğı olaraq təqdim edənlər də oldu. Xeyr, belə deyildir. Ali təhsilli adam ölkənin harasında ehtiyac varsa, oraya getməyə hazır adam deməkdir. Əgər bir adam, deyək, Naxçıvandan (məkan şərtidir) Bakıya gəlməyə “tənbəlləşirsə,” sabah onu ehtiyac olan yerə göndərmək mümkün olacaqmı? Bir adam gələcəkdə neft mühəndisi, müəllim, həkim və s. olmağı seçmişdirsə, indidən evindən uzaqda yaşamağı qəbul etməlidir.
Üçüncüsu, dövlət bu qədər ali məktəbi, kollecləri maliyyələşdirməməlidir, bu qədər universitetin əməkhaqqısı, vergisi, su pulu, elektrik pulu, texniki bazası, kitabxanası, idman zalı, təmiri və başqa xərcləri üçün vəsait ödəməməlidir. Dövlət yalnız öz sifarişinə görə ödəniş etməldir.
Dördüncüsü: hər bir universitetin öz təcrübi bazası olmalıdır. Bu gün tibb universitetinin öz xəstəxanaları, klinikaları vardır və həkim olaraq hazırlanan gənclər buralarda təcrübə qazanırlar. Gömrük, ordu, polis, idman akademiyalarının belə bir bazası vardır. Amma müəllimlik, mühəndislik, iqtisadçılar haqqında bunu deyə bilmirirk. Nə üçün pedaqoji universitetin öz məktəbləri olmasın? Nə üçün mühəndis hazırlayan (Ali Neft Məktəbi bura daxil deyildir, çünki onlarda bu imkanlar vardır) universitetlərin belə bir imkanı olmasın?
Beşincisi, amma ən başlıcası: bütün universitetlərdə bizim milli-mənəvi dəyərlərimizin mənimsədilməsi ayrıca xətt təşkil etməldir. Bunun üçün ayrıca kadrlar hazırlanmalı və ayrıca strategiya işlənməlidir. Universitetlər AZƏRBAYCANLI mütəxəssislər yetişdirməyi özlərinə dərd etmədikcə, onların hazırladıqları kadrların heç bir dəyəri yoxdur. AZƏRBAYCANLI deyərkən, öz köklərinə bağlı, tarixini, ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini bilən (səviyyəni sonra müəyyən emək olar) və onları qoruya bilən mütəxəssislər nəzərdə tuturuq. Əslində, bu ən vacibidir.
Yenə sayım? Məncə kifayətdir. Onsuz da bu barədə düşünənlər vardır. Mən yalnız bəzi məqamları yada salmaq istədim, amma gördüyünüz kimi, xeyli vaxt aldım. Nə edim, müəllim işi belədir. Müəllimə sual verdinsə, səbrli olacaqsan. Müəllim danışmağa vərdiş edib, öyrətməyi özünə peşə seçib. Əgər çox başağrısı verdimsə, haqqınızı halal edin.
– Allah eləməsin, Nazim bəy. Çox xoş oldu. Bu gözəl söhbətiniz üçün Sizə özüm və təmsil etdiyim mətbu orqanlar adından minnətdarlığımı bildirirəm.
– Biz müəllimləri yad edənlər sağ olsunlar!
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: