Səudiyyə Ərəbistanı da ABŞ-ın yolunu gedir. Riyad da eynilə Vaşinqton kimi bir çox şirkətlərə sanksiya tətbiq etməyə başlayıb. ABŞ-dan fərqli olaraq, Səudiyyə krallığının embarqosuna məruz qalanlar isə alman şirkətləridir.
Ovqat.com xəbər verir ki, Almaniyanın “Spiegel” jurnalının dünən yaydığı məlumatdan belə çıxır.
Məlumata görə, rəsmi Riyad Almaniyanın Yaxın Şərq siyasətinə cavab olaraq bu addımı atıb. “Spiegel” öz xəbərində Səudi sanksiyasına ilk məruz qalan şirkətlərin adlarını da sadalayıb: “Simens”, “Daimler” “Bayer”, “Boehringer” və s.
Xəbəri “Reuters” informasiya agentliyinə şərh edən “Daimler”-in sözçüsü faktı təsdiqləyə bilməyəcəyini deyib: “İşlərimiz normal axarında davam edir”.
Simens”, “Daimler” və “Boehringer” şirkətləri isə heç bir açıqlama vermək istəməyib.
“Reuters”-in xəbərlə əlaqədar Səudiyyə hökumətindən məlumat almaq cəhdi də nəticəsiz qalıb. Adı açıqlanmayan bir alman şirkətinin ər-Riyaddakı səlahiyyətlisi isə “qərarın ağır nəticələrinin hazırda səhiyyə sistemində hiss edildiyini" bildirərək xəbəri qismən təsdiqləyib.
Spiegele görə, Səudiyyə Ərəbistanının bu qərarını Vəliəhd Məhəmməd ibn Salman verib. Vəliəhdin hökumətə alman şirkətlərilə müqavilə bağlamamaq barədə xüsusi tapşırıq verdiyi qeyd olunur. Ər-riyadın sanksiyasından xüsusilə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ilə sıx ticari əlaqəsi olan “Simens”, “Bayer” və “Boehringer” kimi şirkətlərin əziyyət çəkəcəyi bildirilir.
Məlumata görə, Səudiyyə Ərəbistanda, təxminən, 800 alman firması fəaliyyət göstərir. Bu şirkətlərin ötən il Səudiyyə Ərəbistanına 6 milyard 6 milyon evro həcmində məhsul ixrac etdiyi xəbər verilir.
Səudiyyə Ərəbistanı ilə Almaniya arasında ziddiyyətlər ilk dəfə ötən ilin noyabr ayında ortaya çıxmışdı. Almaniyanın keçmiş Xarici işlər naziri Sigmar Qabriel Səudiyyə Ərəbistanını Livan siyasətinə görə tənqid etmiş, ardınca iki dövlət arasında diplomatik münasibətlər pozulmuş, rəsmi Riyad Berlindəki səfirini geri çağırmışdı.
Sigmar Qabrielin tənqidinə gəlincə, o, Səudiyyə Ərəbistanını regionda "macəra" axtarmaqda ittiham etmişdi.
Səudiyyə Ərəbistanı Almaniyanın İranla bağlanan nüvə müqaviləsinə sadiq qalmaq istəməsindən də narahatdır.
Paylaş: