Uzun müddətdən bəri böyük maraqla gözlənilən Ərdoğan-Tramp görüşü baş tutub.
Ovqat.com xəbər verir ki, dünən axşam saatlarında Türkiyəli həmkarını Oval Ofisdə rəsmi təmtəraqla qarşılayan Donald Tramp onunla birlikdə görüş keçirdib.
Əsasən İŞİD-lə mübarizə, FETÖ lideri Fəthullah Gülənin təhvil verilməsi, Suriya məsələlərinin müzakirə olunduğu görüş uzun sürməyib. 22 dəqiqədən sonra jurnalistlər önünə çıxan liderlər danışıqlar barədə öz fikirlərini söyləyiblər.
Ərdoğan öz çıxışında ABŞ-la Türkiyənin bir çox beynəlxalq qurumda müttəfiq olduğunu xatırladıb və indiki zamanda bu müttəfiqliyə daha ciddi ehtiyaclarının olduğunu etiraf edib. O, ABŞ-dan gözləntilərini də gizlətməyib. Altını xüsusilə cızdığı gözləntiləri isə əsasən bunlar olub: PKK-PYD, İŞİD və sair terror təşkilatına qarşı birgə mübarizə, kürd separatçılarının silahlandırılmaması, ABŞ-a sığınan Fəthullah Gülənin təhvil verilməsi, iqtisadi əməkdaşlıq perspektivləri.
Donald Tramp isə Türkiyənin İŞİD və PKK-ya qarşı mübarizəsini dəstəklədiklərini bildirərək, digər məsələlər barədə isə heç bir fikir söyləməyərək, iki ölkə arasındakı müttəfiqlik perspektivlərinin çərçivəsini ortaya qoyub.
Bir çox analitiklər Trampın yalnız iki məsələdə Türkiyəni dəstəklədiklərini bəyan etməsini əslində Ərdoğanın digər gözləntilərinə verilmiş rədd cavabı kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ prezidentinin xüsusilə PYD-nin adını çəkməməsi Ankaranın Suriya məsələsində müttəfiqindən ən böyük arzusunun üstündən xətt çəkilməsi, incik salınması mənasına gəlir.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının görüş haqqında verdiyi mətbuat açıqlaması da Ankaranın YPD həssasiyyətinin ABŞ tərəfindən nəzərə alınmadığı ehtimalını gücləndirir. Kalın açıqlamasında deyib:
"Görüşdə iqtisadiyyat, ticarət və müdafiə sahələrində atılacaq addımlar qiymətləndirilib. PKK və İŞİD başda olmaqla terror təşkilatlarıyla mübarizə müzakirə masaya yatırılıb, FETÖ təşkilatına yönəlik atıla biləcək addımlar müzakirə olunub. Müzakirə əsnasında Suriya və İraqda yaşananlar əhatəli şəkildə ələ alınıb".
İbrahim Kalının bu etirafından da aydın olur ki, görüşdə PYD məsələsi ümumiyyətlə müzakirə edilməyib.
Mütəxəssislər iki lider arasında müzakirələrin 22 dəqiqəlik qısa müddət ərzində sürməsini də mövqələrdəki ciddi fərqlə əsaslandırırlar. Təxminlərə görə, onlar bu ciddi fikir ayrılığını daha aşağı səviyyədə davam etdirilməsinə və əldə olunan son nəticənin yenidən masaya yatırılmasına qərar veriblər. Prezidentlərin görüşdən sonra Türkiyə nümayəndə heyətinin ABŞ-lı həmkarlarıyla müzakirələrə başlaması da bu fikri təsdiqləyir.
Jurnalistlər üçün mətbuat konfransının son görüşdən əvvələ salınması da eyni məntiqlə izah olunur. Güman edilir ki, olduqca gərgin atmosferdə keçəcəyi və bəlkə də ciddi nəticələrin çıxmayacağı gözlənilən görüşlərdən sonra keçiriləcək brifinqlərdə tərəflərin əsəblərinə və hislərinə hakmi ola bilməməsi ehtimalı ən son addımın əvvəlcədən atılmasını şərtləndirib.
Mütəxəssislər AB ölkələrinə qarşı tutumunda olduqca sərt üslubla danışan Ərdoğanın ABŞ səfəri zamanı xeyli təmkinli davranmasını da təsadüfi hesab etmirlər. Onların fikrincə, Ərdoğan “strateji müttəfiqi”nin yadlarla “eşqbazlığını” artıq qəbul etmişə bənzəyir.
Paylaş: