Xəbər lenti

  

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda amansızcasına qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölüm sifarişinin vəliəhd Məhəmməd bin Salman tərəfindən verildiyi barədə yeni dəlillər ortaya çıxıb.

Ovqat.com xəbər verir ki, iddianı “New York Times” qəzeti irəli sürüb.

Qəzet iddia edir ki, qətlin sifarişçisi haqqında ən ciddi dəlillər vəliəhdin telefon danışıqlarıdır. ABŞ kəşfiyyat orqanlarının hesabatına istinad edilən xəbərə görə, Səudiyyənin baş vəliəhdi qətldən bir il əvvəl – 2017-ci ilin sentyabr ayında öz köməkçiləri Türki əl-Daxil və Səud əl-Qahtaniyə Qaşıqçı barədə bəzi təlimatlar verib.

ABŞ xüsusi xidmət orqanlarının dinləmələrinə “ilişən” telefon danışıqlarında Məhəmməd bin Salmanın təlimatı bu şəkildə olub: “Qaşıqçı əgər müxalifliyi buraxıb ölkəyə qayıtmasa, güllə ilə dalınca düşün”.

O da iddia olunur ki, Türki əl-Daxil Baş vəliəhdə jurnalistin aradan götürülməsinin dünyada böyük əks-səda doğura biləcəyini bildirərək, onu planından çəkindirməyə çalışıb. Məhəmməd əl-Salman isə ona belə cavab verib:

"Səudiyyə Ərəbistanı öz vətəndaşları mövzusunda beynəlxalq reaksiyalara qulaq asmaz".

Qeyd edək ki, həmin telefon danışıqlarının getdiyi 2017-ci ilin sentyabr ayında Qaşıqçı “Washington Post” qəzetində jurnalistlik fəaliyyətinə başlamış və yazdığı müxalif məqalələrlə rəsmi Riyadı çətin vəziyyətə salırdı.




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 8-02-2019, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma