ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və yaxınlarının adı böyük qalmaqalda hallanır. Bu barədə AFN-ə bir qrup şəxs məlumat verib. Daha konkret, 11 nəfər zərərçəkən ümumilikdə 4,1 milyon manatdan çox pullarının V.Əliyev tərəfindən baldızı oğlu vasitəsilə mənimsənildiyini iddia edir. Üstəlik, şikayətçilərin sözlərinə görə, onlarla bərabər 100-dən artıq ailə zərər çəkib. Belə ki, onlar V.Əliyevin «Azfen«in Təchizat İdarəsində mühəndis işləyən qohumuna «fırlatmaq» üçün yaxınlarından topladıqları pulları veriblər. İdarə rəisinin baldızı oğlu Nicat Qarayev həmin vəsaiti şirkətdəki imkanlarından istifadə edərək dövriyyəyə buraxır, qazandığı vəsaitin müəyyən hissəsini isə borclulara verirmiş. Şikayətçilərin bəziləri ilə bu »əməkdaşlıq» bir neçə il davam edib.
«Azfen» Vaqif Əliyevin nəsil şirkətidir»
Qeyd edək ki, Sərmayələr İdarəsi xarici və yerli sərmayələrin Azərbaycan Respublikasının neft və qaz sektoruna cəlb edilməsi, xarici ölkələrdə ARDNŞ-nin sərmayələrinin qoyulmasını təmin edən tədbirlərin həyata keçirilməsi, ARDNŞ-nin fəaliyyətinə aid müvafiq saziş layihələrinin beynəlxalq standartlara cavab verən səviyyədə hazırlanması, bu sazişlər üzrə danışıqların aparılması, müəyyən edildikdə onların imzalanmasının təşkili və icrasına nəzarətin təmin edilməsi vəzifələrini icra edir. Yuxarıda qeyd edilən zərərçəkənlərin sözlərinə görə, V.Əliyevin baldızı oğlu Nicat Qarayev «Azfen» şirkətində faktiki rəhbər kimi hərəkət edib: «Azfen» BP-nin sifarişlərini reallaşdırır. Bizim bildiyimizə görə, «Azfen» də 6 şirkətlə iş görür. Başqa şirkətlər ora girə bilmir, çünki yuxarıdan əmr var ki, ancaq o şirkətlərlə işləməlisiniz. O şirkətlərin də böyük əksəriyyəti Vaqif Əliyevin əlindədir. Məsələn, «Azfen«in Gürcüstan rəhbəri onun bir baldızının oğlu Bəhruzdur (Rzayev Bəhruz Tofiq oğlu, əvvəllər Gürcüstanda layihə rəhbəri olub, hazırda rəhbər yoxdur deyə onun vəzifələrini icra edir-red.), kürəkəni Araz şirkətdə şöbə müdiridir, Nicat da dediyimiz kimi bir baldızının oğludur. Bizim əlimizdə səs yazıları var ki, bu adam bizdən pulu alır o şirkətlərin əli ilə mala verir, «Azfen» də pulu köçürür o şirkətlərə. Bu, həmin şirkətlərdən pulu nağdlaşdırır, bizim pullarımızı çıxarıb gətirib verir. Baxmayaraq ki, guya Nicatı bu işlərə görə işdən çıxarıblar, amma bu gün də bilirik ki, həmin şirkətlər var, həmin proses davam edir. Bəhruzun özü də bu işə Elgün (zərərçəkmişlərdən biri-red.) vasitəsilə pul qoyub. Məsələn, bir dəfə 100 min manat qoyub 110 min götürüb, 110 min verib 132 min alıb, yəni bu iş belə gedir».
«Bizdə Vaqif Əliyevin səs yazıları var…»
Zərərçəkənlərin Vaqif Əliyevlə də telefon danışıqları var. Danışıqlardan aydın olur ki, o özü 2018-ci ildə də oxşar halın baş verməsini, bundan rəhbərliyin xəbərinin olmasını etiraf edir: «Amma ondan sonra Nicatı işdən çıxartmayıblar, müəyyən səbəblərə görə saxlayıblar. Yəqin ki, saxlayıblar ki, daha böyük dələduzluğa yol versin. Orda Vahid adlı sürücü var, o etiraf edir ki, mən özüm şəxsən Vaqif Əliyevin yoldaşı, yəni Nicat Qarayevin xalası bir çanta pul verib mənə Nicata vermək üçün. Çantanın altı pul olub, üstü paltar. Mən də zəng etmişəm Nicata, deyib paltarları at zibil qabına, pulu gətir. Bu hallar bizlərin də yanında baş verib. Nicatın maşınında üstü paltar, altı pul dolu çantalar olub, deyib xalam verib. Yəni bu faktlar var bizim əlimizdə. Bu gün də orda Kənan adında adam işləyir, Vaqif Əliyevin kürəkəninin qardaşıdır. Orxan onu oturdub bir şirkətin başında, bütün işləri onun əlilə görürlər. Nicat həmişə ehtiyat edirdi Kənanla münasibətlərinin pozulmasından. Deyirdi onların bütün bu işlərini Kənan görür. Səs yazıları var, Nicat dəfələrlə etiraf edib ki, bu işlər Vaqif Əliyevin və oğlu Orxanın işidir. Onlar yubadırlar pulu verməyi. Bizdə Nicatın pulu alması ilə bağlı video var».
Həftədə 340 min qazanc!
N.Qarayevin zərərçəkənləri prosesə cəlb etməsi o qədər də çətin olmayıb. Şikayətçilərin sözlərinə görə, o, həftədə 340 min pul qazandığını deyib: «Biz də təklif etdik ki, ümumi pulu biz verək, həftədə 340 mindən bizə də gəlir olsun. 45 gündən bir pul götürmək şərtilə razılaşdıq, sonra başladıq buna həftədə pul verməyə. 45 gün ərzində hər həftədə pul ödədik, ondan sonra bizim pulumuz verilməli idi, amma verilmədi. Maraqlananda dedi ki, Orxan (Vaqif Əliyevin oğlu-red.) vermir pulları, o bilib ki, mən belə işlər görür qazanc götürürəm, ona görə məni sıxışdırırlar».
V.Əliyevin digər baldızının oğlu Bəhruz zərərçəkənlərlə əlaqəyə çıxıb, problemin həll ediləcəyini deyib, amma hələ nəticə yoxdur. Nicatı isə işdən çıxarıblar, zərərçəkənlərin fikrincə, qabaqdangəlmişlik üçün onunla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edilib, lakin buna qədər o, ölkədən çıxarılıb. Zərərçəkənlərə isə deyilir ki, o özü qaçıb. Məsələ burasındadır ki, N.Qarayevin özü getsə də, xanımı elementar bir problemə — adında problemli avtomobil olmasına — görə ölkədən çıxa bilmir. Zərərçəkənlər hesab edirlər ki, Nicat həqiqətən onlardan pul alıb qaçmağı planlasaydı xanımının problemini həll edib onu da özü ilə aparardı: «Biz belə düşünürük və hətta əminik ki, Vaqif Əliyevin bütün prosesdən əvvəldən xəbəri olub, indi də Nicatın ölkədən getməsi məhz onun planı üzrə baş tutub».
Nicatı xalası oğlu Bəhruz «ifşa edib»
Məsələ ondadır ki, Bəhruzla Nicatın arasında problem var. Elə Nicata qarşı əməliyyatların başında da o dayanır: «Məhz o Vaqif Əliyevin oğlu Orxana deyib ki, Nicat pul alır iş görür, qazanc götürür. Bəhruz özü bir nəfərin əlilə Nicata 100 min bir dəfə, 150 min də bir dəfə nömrəli pul verib və nəticədə Nicatın işləri dolaşıb. Bu hadisənin üstü açılanda Nicatı döyüblər, öz xalası oğlu Orxan onu ağır sözlərlə təhqir edib. Yəni belə bir insandır Orxan. Nicatı çıxılmaz vəziyyətə o saldı, aldığı pulları qaytarmadı. Nicat özü də axır vaxtlar deyirdi ki, Orxan edib hər şeyi, Vaqif əmim gəlsin ona deyəcəm həll etsin».
Zərərçəkənlər arasında «Azfen«də işləyənlər də var. Maraqlıdır ki, onlar indi şikayətlərə qoşulmurlar, geri çəkiliblər. Şikayətçilər isə güman edirlər ki, ya onların pulları gizlində verilib, ya da təzyiq altındadırlar: «Bizə dedilər işimizdən olmaq istəmirik. Sözümüzün canı odur ki, «Azfen«də işləyən adamlar Nicatın əlaqələrini, hansı ixtiyar sahibi olmasını çox yaxşı bilirdilər. Onlar onu da bilirdilər ki, Nicat kimlərlə iş görür. Ona görə də pullarını verirdilər ona. İndi də onlara yəqin ki, ciddi basqılar var. 56 min biri verib, 70 min biri, 80 min biri, 90 min də biri. Bizim bildiklərimiz budur, əslində daha çoxdur. Bu adamlar elə rahatlıqla vəsaitlərindən imtina edə bilməzlər. Ya pulları qaytarılıb, ya da ciddi təzyiqlə üz-üzədirlər. Təəssüf ki, adlarını bilmirik həmin adamların».
Nicatın ümumidən kənar iş gördüyünün üstünü də xalası oğlu Bəhruz açıb. Belə ki, Bəhruz təmir işilə də məşğul olur, Nicat isə ona Əhmədlidəki evinin təmirini əmanət edib. Bəhruz görüb ki, xalası oğlu evini çox bahalı vasitələrlə təmir etdirir. Xalasına, yəni V.Əliyevin xanımına zəng edib deyib ki, Nicat kimlərəsə qoşulub, hansısa yolla çoxlu pul qazanır. O da Nicatı çağırıb danlayıb ki, biz sənə şəraiti ona görə yaratmışıq ki, heç kimin yanında deməyəsən gördüyün işləri, sakit formada edəsən nə etsən».
TANAP-ın 88-ci layihəsində yeyilən 20 milyon manata görə heç kim cəzalanmayıb
Nicat Qarayev TANAP-la bağlı ciddi bir fakt haqda da danışıb zərərçəkənlərə. Bildirib ki, TANAP-da 88-ci layihənin rəhbəri olan Toğrul adlı şəxs 20 milyonluq yeyintiyə yol verib, amma ona heç nə etməyiblər, sadəcə işdən çıxarıblar. Toğrul isə Nicatın dediyinə görə, V.Əliyevin yaxın dostunun oğlu imiş. Hələ bu harasıdır, daha ciddi bir fakt isə V.Əliyevin oğlu Orxan Əliyevin adına İsveçrə banklarında olan 28 milyon dollar pula həbs qoyulmasıdır. Maraqlıdır ki, ötən il baş verən bu hadisə barədə ölkə mediasında demək olar məlumat getməyib. «Yəni orda pul yeyib getmək çox asandır» — deyə şikayətçilər qeyd edirlər.
N.Qarayevin atası Maarif Qarayev Şəmkir İşıq İdarəsinin rəisi olub və orada güclü yeyintiyə yol verdiyi üçün işdən çıxarılıb. Amma yenə V.Əliyevin əlilə cəzadan yayınıb, hətta bir neçə aydan sonra ya Şəmkirdə, ya da Gədəbəydə (dəqiqləşdirmək mümkün olmadı-red.) Qaz İdarəsinə rəis qoyulub: «Oğlunun son işinə görə yenə öz ərizəsilə işdən çıxdı. Şübhə yoxdur ki, bir müddətdən sonra V.Əliyev yenə onu hansısa vəzifəyə gətirəcək.
Bu proseslər baş verəndə atası əvvəlcə Gürcüstandan yola saldığını desə də, sonradan oğlunu evdən qovduğunu bildirdi Sonra isə məlum oldu ki, ata oğlunu Gəncədən öz əlilə yola salıb xaricə. Bütün bunlar isə deməyə əsas verir ki, Nicatın ölkədən çıxışı böyüklərin planı əsasında reallaşıb. İlk vaxtlar Moskvada qalsa da, hazırda onun İstanbulda olduğu bildirilir».
Bir avtomobildən ayda 500-1000 manat qazanc
V.Əliyevin daşımaçılıqla məşğul olan «Skaneks» adlı şirkəti də var. Şikayətçilər bildirirlər ki, onun xanımının da, övladlarının da idarə etdiyi avtomobillər həmin şirkətə məxsusdur. Şirkətdə işlərə O.Əliyev nəzarət edir: «Orada da maxinasiyalar həyata keçirirlər. Belə ki, avtomobilləri arendaya götürürlər. Sahibindən tutaq ki, min manata icarəyə götürülən avtomobilləri BP-yə, SOCAR-a 1500-2000 manata verirlər. Orxanın adına azı 20-30 dənə bahalı avtomobillər («Prado», «Mitsubishi») var ki, hazırda da orada işləyir. Bu iş araşdırılsa, həmin faktların hamısı açıq-aşkar ortaya çıxacaq. Ümumiyyətlə isə tək bir şirkəti yoxdur Əliyevlər ailəsinin, müxtəlif məhsullarla təminat üçün bir neçə şirkət var ki, hamısı onlara məxsusdur. Məsələn, qida təminatı ilə məşğul olan «Russel Catring» şirkəti Vaqif Əliyevindir. Özü də il tamam olan kimi ləğv edilir yenisi yaradılır. Talan vasitələridir hamısı. Bəzi mallar var ki, guya xaricdən alır gətirirlər. Nicat özü də etiraf edirdi ki, yerli malları xarici adı ilə satıblar «Azfen»ə. Məsələn, bir dəfə Gürcüstanda bir şirkət açıb Azərbaycan məhsulunu xarici adı ilə «Azfen»ə satmışdılar 5 milyona. Burada çox böyük oyunlar oynanılır, böyük vəsaitlər qazanılır. Azərbaycanda hesabdan nağdlaşdırma çətin olduğuna görə Gürcüstanda, Türkiyədə ofşor şirkətlər açıb rahat nağdlaşdırma aparırlar».
Qeyd edək ki, şikayətçilər Baş Prokurorluğa teleqram vuraraq məsələ ilə bağlı qəbul olunmalarını xahiş ediblər.
Mövzunu diqqətdə saxlayacağıq.
P. S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Paylaş: