Xəbər lenti

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Yaqub Abdulla oğlu Eyyubov Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Baş nazirin müavinləri, Ramil İdris oğlu Usubov daxili işlər naziri, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov fövqəladə hallar naziri, Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri, Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri, Samir Rauf oğlu Şərifov maliyyə naziri, Zakir Əsgər oğlu Həsənov müdafiə naziri, Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Mikayıl Çingiz oğlu Cabbarov vergilər naziri təyin olunublar.

Prezident, həmçinin Samir Rafiq oğlu Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Elçin İsağa oğlu Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mədət Qəzənfər oğlu Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.

Azərbaycan Respublikasının Baş naziri postuna isə Novruz Məmmədov təyin edilib.

Yeni Baş nazir yeni postundakı perspektiv fəaliyyəti ilə bağlı deyib:

"Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirək. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini icra edib".

Novruz Məmmədov həmçinin bildirib ki, Azərbaycan geosiyasi proseslərin mərkəzində yerləşir: "Belə bir vəziyyətdə sabitliyin, inkişafın davam etdirilməsi hər birimizin qarşısında böyük vəzifələr qoyur. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalaraq bu yolu davam etdirəcəyik".




Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 21-04-2018, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma