Xəbər lenti

 

“Yerli icra strukturlarına seçkiləri YAP-ın namizədi Ülviyyə Ağayevanın xeyrinə saxtalaşdırmaq tapşırığı verilib”.

Ovqat.com xəbər verir ki, bu iddianı 106 saylı Tovuz-Qazax-Ağstafa dirəsindən namizəd kimi seçkilərə qatılan Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli irəli sürüb.

Onun sözlərinə görə, vaxtilə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin adamı olan Ülviyyə Ağayeva “köhnə qvardiya” tərəfindən zorla deputat edilmək istənilir: “Halbuki, onun bu bölgədə zərrə qədər nüfuzu yoxdur. Ötən parlament seçkilərində həmin dairədən mandat verilərək mükafatlandırılan bu xanım bir dəfə də olsun seçicilərinin görüşünə gəlməyib, problemləri ilə maraqlanmayıb, şikayətlərə belə barmaqarası baxıb, telefon zənglərinə cavab verməyib. Bunu isə “Avropanın bütün ölkələrini gəzməsi” ilə əsaslandırmışdı”.

Ülviyyə xanımın bu məntiqini anlaya bilmədiyini deyən Mütəllim Rəhimli rəqibinin deputatlıq missiyası ilə turist gəzintisini qarışdırdığını iddia edir: “Adama deyərlər ki, turistsən, buyur, get, xaricdə gəz. Sənin deputatlıq arzusuna düşməyə hansı mənəvi haqqın çatır? Hər turist deputat seçilməlidirsə, onda parlamentə nə ehtiyac var? Elə istənilən otelin dını dəyişib Milli Məclis qoyaq, da! Millət vəkili öz seçicisini təmsil etməli, onun dərdlərinə çarə tapmağa çalışmalıdır. Biz isə bu 5 ildə Milli Məclisdə Ülviyyə Ağayevanın varlığını hiss edə bilməmişik. 3 rayonun sakinlərinin təmsilçisi varlığı ilə yoxluğu arasında heç bir fərq olmayan insanlar arasından seçilə bilməzlər. Hakimiyyətin “köhnə qvardiyası” milli iradənin təcəllisinə qarşı tutduğu bu mürtəce mövqedən əl çəkməlidirlər. Əks halda bu fəaliyyətlər ölkədə aparılan islahatları sabotaj, görülən işlərə kölgə salmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Mütəllim Rəhimli onu da vurğulayıb ki, Ülviyyə Ağayeva seçicilərlə görüşlərdə dəfələrlə qovalanıb və axırda yerli hakimiyyət strukturlarının təşkil etdiyi “zəhmətkeş xalq nümayəndələri” ilə görüşlər keçirməyə məcbur olub.

Qeyd edək ki, deputatlığa namizəd seçki prosesində qarşılaşdığı qanun pozuntuları ilə bağlı MSK-ya və Prezident İlham Əliyevə müraciət ünvanlayıb.




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 7-02-2020, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma