Xəbər lenti

 

Koronavirusun mənşəyi tapılıb.

Ovqat.com xəbər verir ki, dünyanı qasıb qovuran, indiyədək 800-dən çox insanın həyatına son qoyan, 10 minlərlə insanın  ölümcül xəstələnməsinə səbəb olan koronavirusun panqolin adlı heyvandan yayıldığı aşkarlanıb.

Məlumata görə, Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər.

Bəs, bu panqolin adlanan heyvan nədir, harda yaşayır, hansı xüsusiyyətlərə malikdir?

Bildirilir ki, dərisi zirehli pulçuqlardan təşəkkül tapan panqolinlər Afrika və Asiyada yaşayırlar. Dünyada yeganə pulcuqlu məməlilərdən olan panqolinlərin bilinən 8 növü var. Panqolinin zirehli pulçuqları insan dərisi və dırnaqlarının əmələ gəldiyi keratin zülalındandır. Ucu ülgüc kimi iti olduğundan onu qucaqlamaq asan deyil.

 

Qarışqa ilə qıdalanan bu heyvanların başqa özünümüdafiə silahları da var. Onlar qorxarkən arxalarından çox pis qoxulu maddə ifraz edirlər ki, bu da panqolinlərin evcilləşməsinə əngəl törədir. Bundan əlavə, panqolinlər təhlükə anında yumrulanıb itipulçuqlu, pis qoxan topa çevrilirlər ki, vəhşi heyvanlar onu ovlaya bilmirlər. Bu xüsusiyyətləri ilə onlar pulçuqlu kirpilərə bənzəyirlər.

Əslində isə panqolinlər çox zərərsiz, insanla asanlıqla dil tapa bilən heyvandır. Torpaq və ağaz üzərində yaşayan bu heyvanların ömrü də çox qısadır. Cəmi 3 və ya 5 il yaşaya bilirlər.

Özünümüdafiə silahlarına baxmayaraq, panqolinlər keratinlə zəngin olduqları üçün bir çox ölkələrdə, o cümlədən Çində müxtəlif məqsədlərlə istehlak olunur. Əsasən isə onun dərisindən müxtəlif dərmanların hazırlayırlar. Təbii ki, onun ətini yeyənlər də var.

Ümumdünya Təbiəti və Təbii Sərvətləri Qoruma Birliyi (IUCN) panqolinləri ən çox satılan və nəsli tükənməkdə olan heyvanlar siyahısına daxil edib. 2000-2016 illəri arasında təxminən 1 milyon panqolinin ovlandığı güman olunur. Halbuki nəsli kəsilməkdə olan panqolinlərin ovlanması qadağandır. Bu heyvanların qorunması CİTES - “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq Ticarət Konvensiyası” ilə tənzimlənir.

 

Ötən il qış aylarında Çinin gömrük xidmətinin əməkdaşları təkcə bir əməliyyatda  qaçaqmalçılıq yolu ilə Afrikadan gətirilən 8268 kiloqram panqolin pulcuğunu və 2070 kiloqram fil dişini müsadirə etmişdilər.

Gömrük orqanlarına daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat nəticəsində Honkonq şəhərindəki limanda Nigeriyadan gələn yük konteynerlərində ərzaq məhsullarının arasında qutularda gizlədilmiş fil dişi və panqolin pulcuqları aşkar edilərək götürülmüşdü. Nəsli kəsilməkdə olan heyvanların qiymətli orqanlarının qanunsuz ticarəti ilə məşğul olan şirkətin məsul əməkdaşları da həbs olunmuşdular.

 

Göründüyü kimi, panqolinlərin indiyədək bilinməyən digər “silahı” da var imiş. Bu da koronavirusdur. Tədqiqatçılar bu virusu öyrəndikcə panqolinlərin daha başqa xüsusiyyətlərini də aydınlaşdıracaqlar.




Ana səhifəyə qayıt        Baxış: 2 204          Tarix: 9-02-2020, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma