Xəbər lenti

  

ADR Hərəkatının sədri Qubad İbadoğlu bağça, məktəb və universitetlərdə təhsil gələn həftədən Novruz bayramına qədər dayandırılması təklifilə çıxış edib.

Ovqat.com xəbər verir ki, Qubad bəy bu təklifi bir neçə saat əvvəl facebook səhifəsində paylaşdığı statusunda irəli sürüb.

O, öz fikrini belə əsaslandırıb:

“Koronavirusun coğrafiyası genişlənir, hələ ki, hətta güclü tibbə malik olan ölkələr belə onu dayandıra bilmir. Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə virusun mənşə ölkəsi olan Çindən sonra ikinci yeri bölüşür. İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır. Rəsmi məlumatlarda İranda 15 nəfərin bu virusdan vəfat etməsi göstərilsə də, raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf edən İran rəsmilərinin məlumatına nəinki xaricdə, hətta daxildə özləri də şübhə edirlər. Böyük ehtimalla İranda virusun həm daşıyıcılarının, həm də virusdan ölənlərin sayı saxtalaşdırılır. 

İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən, İrandan Azərbaycana daha çox turist 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar. Nə etməli? Təklif edirəm:

  1. İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın.
  2. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və transit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamardan keçirilsin.
  3. Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılsın.
  4. Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.
  5. Bu həftə ərzndə bağçalarda, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılsın.
  6. Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflərnidmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın.
  7. Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, ordan idxal olunan ərzaq mallarının alışına məhdudiyyətlər qoyulsun.
  8. Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin.
  9. Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın.

  

Təkliflər arasında bağçalar, məktəblər, kolleclər, texnikumlar və universitetlərdə təhsilin Novruz bayramına qədər dayandırılmasının ən çox müzakirəyə səbəb olacağını nəzərə alaraq, firkrimi aşağıdakılarla arqumentləşdirmək istərdim.

- Hazırda valideynlər uşaqlarını şəhərlərdə bağça və məkltəblərə göndərməkdə tərədüd edirlər, onların bir çoxları artıq uşaqlarını bağça və məktəblərə buraxmır.

- Mart ayı qeyri-iş günlərinin sayı ən çox olan aydır. Bu ay ərzində şənbə-bazar günləri ilə birlikdə qeyri-iş günlərinin sayı 15 gündür. Bu o deməkdir ki, onsuz da ay ərzində 15 gün dərs olmayacaq, yerdə qalan 16 günün dərsləri isə, təklif edirəm ki, yaz semestrinin sonuna əlavə edilsin.

- Milli səhiyyə bərbad haldadır, əgər Azərbaycana virus gəlsə, daha sürətlə yayıladaha çox can ala bilər.

- Havaların qızması vurusun neqativ təsilərini azaltdığından martdan çıxsaq, hesab edirəm ki, bu dərddən də çıxa bilərik.

Mətbuat nümayəndələrindən, izləyici və üzv dostlardan xahiş edirəm ki, bu təklifləri paylaşsınlar ki, onun qəbul edilməsinə və nəzərə alınmasına ictimai təsir imkanları formalaşsın.

Hörmətlə,

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri”




Ana səhifəyə qayıt        Baxış: 1 363          Tarix: 26-02-2020, 04:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma