Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad Mərkəzi Xəstəxasında saxlanılan İranda təhsil alan tələbələr etiraz aksiyası keçirmişdilər.
Ovqat.com-un məlumatına görə, onlar saxlanma şəraitinin yaxşılaşdırılmasını və ya evə buraxılmalarını tələb edirdilər.
Etirazlarının heç bir nəticə vermədiyini görən tələbələr günün sonunda aclıq aksiyası keçirməyi qərarlaşdırmışlar.
Saytımızın bu etiraz aksiyasını ictimailəşdirməsindən sonra Nazirlər Kabineti yanında operativ qərargahı etiraz aksiyasına rəsmi münasibətini bildirmişdi. Rəsmi açıqlamada deyilirdi:
“İran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.
Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş vermişdir.
Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.
Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər”.
Tələbələrdən bu gün aldığımız məlumata görə, xəstəxanada tələbə üsyanı artıq səngiyib. Onlar üçün nəzərdə tutulan 14 günlük karantin müddətini məcburən qəbul etdiklərini bildirən tələbələr dövlət qurumlarından heç olmasa saxlanma yerlərinin yaxşılaşdırılmasını istəyirlər.
Saxlanıldıqları xəstəxananın sanitariya vəziyyətini əks etdirən video çəkərək saytımıza göndərən tələbələr Nazirlər Kabineti yanında operativ qərargahdan soruşurlar: Siz buna normal şəraitdə həyata keçirilən karantin deyirsiniz? Sizi bizə rəva gördüyünüz bu “normal şəraitdə” saxlasalar, doğrudanmı etiraz etməzsiniz?
Tələbələrin bizə göndərdiyi video və sualları oxucularımızın və Nazirlər Kabineti yanında operativ qərargahın müzakirəsinə buraxırıq:
Paylaş: