Xəbər lenti

 

Nazirlər Kabunetinin yanında koronavirusa qarşı mübarizə məqsədilə yaradılmış Operativ Qərargah vətəndaşlarımızın təhlükəsizliyi üçün çalışır. Öz işlərini nə dərəcədə yerinə yetirə bilirlər, buna yaxın gələcəkdə qiymət vermək mümkün olacaq. Hələlik isə sadəcə onu demək olar ki, qurum səmimi şəkildə əlindən gələni ortaya qoymaq üçün çabalayır.

Fəqət Operativ Qərargahın da unutduğu bir məqam var. İstərdik bu məqamı dilə gətirək. Nəticə çıxarıb çıxarmamaq yenə də öz işləridir.

Mətləbə keçmədən əvvəl haşıyəyə çıxaraq peyğəmbərimiz barədə nəql olunan bir hadisəni hörmətli dövlət yetkililərimizin nəzərinə çatdırmaq istəyirik. Nəql edirlər ki, bir gün peyğəmbərimizin qəbuluna orta yaşlı bir kişi gəlir. Kişinin yanında da bir uşaq olur. Peyğəmbər onları qəbul edir.

 

Kişi peyğəmbərə deyir ki, “ya Rəsuli-Əkrəm, bu mənim oğlumdur.  Həddindən çox xurma yeyir. Hər şeyin ifratı pis olduğu kimi, çox xurma yeməyin də, yəqin ki, bir problemi vardır. Xahiş edirəm, bu barədə uşağa bir az öyüd verəsiniz. Sizin dilinizdən bu öyüdü eşitmək həm uşaq, həm də burda sizi dinləyən hər kəs üçün faydalı olar.

Peyğəmbər cavab verir:

-Gedin, sabah günorta gələrsiniz. 

Kişi ertəsi gün gəlir. Peyğəmbər uşağa öyüd verəndən sonra kişi ondan soruşur:

-Ya Rəsulu Əkrəm, olmazdımı ki, bu gözəl öyüdünüzü elə dünən verərdiniz? Biz də bu qədər yolu gedib qayıtmazdıq.

Peyğəmbər:

-Yox, olmazdı. Çünki dünən özüm də xurma yemişdim.

Peyğəmbərin bu hərəkətindən çıxan nəticə budur: özünüz atmayacağınız addımı başqasına məsləhət görməyin. Yaxud nəsihət etdiyiniz əməlləri özünüz də şəxsi nümunə kimi ortaya qoyun. 

 

Əziz Operativ Qərargahın üzvləri, çox dəyərli məsləhətlər verib insanları evdən eşiyə çıxmamağa çağırırsınız. Çıxmaq məcburiyyəti yarananda isə maska taxmağı, əlcək geyinməyi məsləhət görürsünüz. Sözsüz ki, bütün bunları xalqın mənafeyi üçün tələb edirsiniz. Amma ən gözəl nəsihət sözlə deyil, əməllə olur. Bunu deyərkən, biz heç də sizi “evdə qal” kampaniyasına dəvət etmirik. Əlbəttə ki, siz Operativ Qərargahın üzvləri kimi gecə-gündüz iş başında olmalısınız. Bu, ölkəmizin sağlamlığı üçün zəruridir. Bununla belə, sizin də həm bizlərə örnək göstərmək, həm də özünüzü qoruyamaq üçün atmalı olduğunuz addımlar var. Həmin addımlardan biri maska taxmaq, digəri isə keçirdiyiniz toplantılarda bacardığınız qədər bir-birinizdən aralı oturmaqdır. 

Qeyd edək ki, bizdən əvvəl koronavirusla tanış olan bir çox ölkələr bu təcrübəni yaşayıblar. Onların da adları fərqli olsa da Operativ Qərargahları olub. Bu Qərargahın üzvləri keçirdikləri toplantılarda haqqında danışdığımız qaydalara tam əməl ediblər. Sözsüz ki, təkcə nümunə göstərmək üçün yox, həm də öz sağlamlıqları üçün. Sizin də öz canınıza yazığınız gəlsin.

Heç uzağa getmədən qonşumuz İranın müvafiq qurumunun  keçirdiyi toplantılardan bəzi nümunələri paylaşırıq. Nə olar, İran olanda, onun da yaxşı işlərindən nümunə götürmək lazımdır.

 




Ana səhifəyə qayıt        Baxış: 5 144          Tarix: 27-03-2020, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma