Koronavirus, sözsüz ki, ilk növbədə səhiyyə problemidir. Onun iqtisadiyyata, sosial həyata təsiri isə birbaşa yox, dolayısıyladır. Bu məndada koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyinin ön planda olması gözləniləndir.
Di gəl ki, istər Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahda, istərsə də xalqın maarifləndirilməsində Oqtay Şirəliyevin idarəsinin (bu qurum artıq nazirlik kimi fəaliyyət göstərmir) passivliyi gözdən yayınmır. Məhz bu passivliyinə görə Səhiyyə nazirini zaman-zaman istefaya dəvət edənlər belə tapılır. ADR Hərəkatının lideri Qubad İbadoğlunun bir müddət əvvəl facebook səhifəsində paylaşdığı bir statusu da bu qəbildəndir:
“...Lakin təəssüflər qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca Səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab vermir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərbad vəziyyətə qoyan şəxsin bu sistemə rəhbərlik etməsi yolverilməzdir. Odur ki, Səhiyyə nazirini nə qədər gec deyil istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində böyük olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxa bilməyəcək”.
Qeyd edək ki, Oqtay Şirəliyevin bu passivliyi bəzən sosial şəbəkələrdə bəzi dedi-qodulara da yol açmışdı. Hətta onun koronavirusa yaxalandığını güman edənlər də vardı.
Şəkildə: Operativ Qərargah, 17 mart 2020
Görünür, barəsində dedi-qoduların və istefa tələblərinin yayılmasından sonra Səhiyyə naziri passivliyinə son qoymaq qərarına gəlmiş və Nazirlər Kabineti yanında Operativ Qərargahın 17 mart 2020-ci il tarixli iclasına qatılmışdı. Amma bu aktivliyin ömrü də uzun sürmədi. Operativ Qərargahın növbəti – 19 mart 2020-ci il tarixli iclasında gözlər toplantıdan paylaşılan şəkillərə zillənsə də Oqtay müəllimi orada tapmaq mümkün olmadı.
Şəkildə: Operativ Qərargah, 20 mart 2020
Ovqat.com-un məlumatına görə, bu, səbəbsiz deyilmiş. Sən demə, artıq neçə müddətdir ki, Oqtay müəllim Səhiyyəyə formal rəhbərlik edirmiş. Onun və rəhbərlik etdiyi nazirliyin funksiyası isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 dekabr 2007-ci il tarixində yaradıldığını nəzərə alsaq, belə çıxır ki, Oqtay müəllim 13 ildir ki, öz vəzifəsindən uzaqlaşdırılıb; yəni nazir təyin olunduqdan 2 il sonra.
Şəkildə: Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışı - 03 mart 2020-ci il
Yeri gəlmişkən, cənab Oqtay Şirəliyev 3 mart 2020-ci il tarixində gerçəkləşən Goranboy və Ağstafada mərkəzi xəstəxanaların açılışı mərasimində də iştirak etməyib. Ümumiyyətlə, hazırda bir çox dövlət tibb müəssisələrinin də Oqtay Şirəliyevin nəzrətindən çıxdığı bildirilir. “Vurulan” bir çox iri məmurlar kimi Oqtay müəllim də artıq “portfel nazir”ə çevrilib.
Şəkildə: Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı - 03 mart 2020-ci il
Bəs onun istefasını niyə rəsmiləşdirilmir?
Bildirilir ki, Oqtay müəllimin ağsaqqal olduğunu və şəxsi əlaqələrini nəzərə alıb xətrinə dəymək istəmirlər. Amma Səhiyyə Nazirliyi kimi strateji dövlət strukturunu “Allaha təvəkkül” əsaslı idarəçilik prinsipindən kənara çıxa bilməyən ağsaqqalın ixtiyarına vermək də doğru deyil. Odur ki, Oqtay müəllim üzərinə adı qoyulmayan istefaya göndərilib. Səhiyyə nazirinin yalnız bir dəfə Operativ Qərargahın iclasına qatılmasının əsas sirri də bu həqiqətdə gizlənib. Məqsəd ölkə vətəndaşlarına Oqtay müəllimin öz işinin başında olduğu mesajını çatmaq imiş. Ağsaqqal nazir 15 illik fəaliyyəti dövründə yalnız bir dəfə üzərinə düşən vəzifəni uğurla yerinə yetirdikdən - Operativ Qərargahın 17 mart 2020-ci il tarixli iclasında bu missiyasını başa vurduqdan sonra ona istirahətini davam etdirmək göstərişi verilib.
Paylaş: