Xəbər lenti
Bu gün, 09:11
Dünən, 18:43
Dünən, 15:34
Dünən, 13:51
Dünən, 09:28
25-12-2024, 23:20
25-12-2024, 22:04
25-12-2024, 21:25
25-12-2024, 20:47
25-12-2024, 19:39
“Gəlin, bu gün başqa bir məsələni müzakirə edək. Söhbət dövlətin indiki böhranlı vəziyyətdə yaratmalı olduğu sivil imkanlardan gedir. Bu yerdə nümunə kimi Azərbaycanı göstərmək olar və lazımdır”.
Ovqat.com xəbər verir ki, bizə qibtə ilə yanaşan bu ölkə Ukraynadır.
Ukraynalı jurnalist Aleksandr Demçenkonun LB.ua saytında dərc olunan “Azərbaycan koronavirus təşvişindən necə yayındı – Ukrayna üçün dərs” sərlövhəli yazısının tərcüməsini təqdim edirik:
“Minlərlə ukraynalının Ukrayna-Polşa sərhəddində gözlədiyini, hansısa yollarla öz ölkəsinə keçməyə çalışdığını, xaricdən qayıtmış yüzlərlə insanın tam yoluxanadək havalimanlarında ləngidildiyini, imkanlı məmurların hələ də xaricə gedib-gəldiyini və özlərilə infeksiya gətirdiyini, həmçinin ölkəyə qayıdan insanların bötöv kəndləri yoluxdurduğunu izlədikcə, istər-istəməz adamda elə təəssürat yaranır ki, Ukraynanın idarəetmə sistemi tam laxlayıb.
Ukraynalıların bir qismi üçün isə dövlət anlayışının özü və onun əsas dəyərləri ümumiyyətlə, boş söhbətdir. Təxminən 30 il sonra məlum olub ki, sən demə, biz heç öz xalqımızı da tanımırmışıq. Səbəblər çoxdur, lakin bu gün onlardan danışmayacağıq.
Gəlin, bu gün başqa bir məsələni müzakirə edək. Söhbət dövlətin indiki böhranlı vəziyyətdə yaratmalı olduğu sivil imkanlardan gedir. Bu yerdə nümunə kimi Azərbaycanı göstərmək olarvə lazımdır.
Məsələn, mən lap əvvəldən Ukraynanın nə üçün və hansı əsasla sərhədləri, xüsusilə Qərb sərhədlərini belə uzun müddət açıq saxladığını anlaya bilmirəm. Deyək ki, Çin uzaqdadır, diqqətdən kənarda qalıb. Lap elə digər Qərb ölkələri də onu kimi. Bəs İtalya ki yaxın idi. Üstəlik, xeyli sayda ukraynalının qazanc dalınca məhz bu ölkəyə üz tutduğu məlumdur. İtalyanın Milan və digər şəhərlərindən Ukraynaya reyslər son anadək fasiləsiz həyata keçirilirdi. Vətəndaşlarımız rahatca ölkəyə qayıdır, Çindən Novıye Sancarı şəhərinə qayıdanlar kimi, məcburi observasiyaya cəlb edilmirdi. Burada dərhal üç sual yaranır: ölkəyə girişdə keyfiyyətli yoxlanışın aparılması mümkündürmü, karantinin təşkili üçün lazımi şərait varmı və ukraynalıların koronavirus infeksiyasının yayıldığı ölkələrdən qayıtması məqsədəuyğundurmu?
Məsələn, Azərbaycan nə edib?
Bakı elə bir sistem yaradıb ki, onun sayəsində koronavirusun tüğyan elədiyi ölkələrdən gələn vətəndaşlar əvvəlcə hava limanlarında tam yoxlanışdan keçir.Lakin onları orada saxlamırlar. Elə təyyarələr də hamısı birdən yox, bir-bir gəlir ki, növbə yaranmasın və infeksiya yayılmasın.
Daha sonra bütün gələnləri mütləq qaydada observasiyaya göndərirlər. Bunun üçün 4-5 uldduzlu otellər belə, ayrılıb. Vətəndaşlar buna görə heç nə ödəmir, bütün xərcləri dövlət öz üzərinə götürüb.
Orada karantinə yerləşdirilmiş insanlar daim həkim nəzarəti altında olur. Onlar ailə həkimi tərəfindən müayinə olunmaq üçün infeksiya mənbəyinə çevrilmiş xəstəxanalara getmirlər.
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qonaqlarını qəbul edən Olimpiya şəhərciyinin bütün infrastrukturu da vətənə qayıdarkən karantinə yerləşdirilmiş azərbaycanlıların və tibb işçilərinin ixtiyarına verilib. Başqa sözlə, orada insanlar evlərinə getmir, yaxınlarını yoluxdurmur və heç bir tədbirə qatılmırlar. Yeri gəlmişkən, Azərbaycanda karantin dövründə bütün tədbirlər də qadağan edilib. Üstəlik, karantin ilk bir neçə yoluxmadan dərhal sonra tətbiq edilib.
Hazırda ölkədə koronavirusla mübarizəyə dəstək fondu fəaliyyət göstərir. Onun fəaliyyət göstərməsi üçün bir milyard manat, yəni təxminən 600 milyon dollar ayrılıb. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva bir illik əməkhaqlarını bu fonda köçürüblər. Bundan başqa, koronavirusla mübarizə dövründə bütün məmurların bir günlük vəzifə maaşı fonda köçürüləcək.
Qeyd etmək lazımdır ki, bu fonda təkcə dövlət pul ödəmir. Oraya bütün iri və orta şirkətlər, banklar və başqa özəl müəssisələr 10 manatdan 2 milyon manatadək vəsait köçürüb və köçürməkdə davam edir. Bu səylərin nəticəsində fonda könüllülük əsasında 100 milyon manatdan artıq ianə toplanıb.
O ki qaldı, ölkəyə qayıtmaq istəyənlərə, məncə Azərbaycan ən doğru strategiya seçib: Bakı təkcə təyyarə ilə təcili qayıtmaq istəyən vətəndaşların dönüşü üçün pul ayırır. Məsələn, Ukraynada olan azərbaycanlılardan xahiş edilib ki, burada qalsınlar və observasiya keçsinlər. Bu məqsədlə insanlara vəsait də ayrılıb. Onların problemlərinin həlli üçün səfirliklərdə çağrı mərkəzləri yaradılıb. Lap əvvəldən Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan diasporu bu işə qoşulub. Onlar Ukraynada qalan insanlara fəal kömək edir. Burada həmçinin SOCAR şirkətinin Ukraynadakı bölməsinin rolu da qeyd olunmalıdır. Şirkət təkcə müvəqqəti olaraq Ukraynada qalmış vətəndaşlarına deyil, həm də Ukraynanın tibb müəssisələrinə kömək edir.
Bir sözlə, Azərbaycan hakimiyyəti koronavirusun nəzarətsiz yayılmasının qarşısını almaq üçün bütün mümkün riskləri dərhal aradan qaldırır. Bu yerdə ölkələrimizin öz miqyasına və əhalisinin sayına görə fərqli olduğundan çox danışmaq olar, lakin istənilən halda, Azərbaycanın yanaşması özünü doğruldub. Ölkə rəhbərliyi deyir ki, “sayımız azdır və biz bir insan həyatını belə, riskə ata bilmərik”.
Ukrayna tərəfi də problemə belə yanaşmalı idi. Axı bu gün bizim gördüklərimiz pis hazırlığın, lazımi planlaşdırmanın olmamasının nəticəsidir. İqtisadiyyatı tam zəiflətməkdənsə, ünvanlı dəstək göstərmək daha asan və ucuz başa gələrdi. Ayrıca vurğulamaq istərdim ki, Azərbaycanda bu pulları ayrı-ayrı qurumların fondları yox, dövlət ödəyir – məqsədli proqramlar çərçivəsində.
Məsələyə maliyyə xərcləri müstəvisindən deyil, vətəndaşların təhlükəsizliyi müstəvisindən yanaşmaq lazımdır. Lazımi infrastrukturun, yetərincə testin və xüsusi geyimin yoxdursa, potensial yoluxmuş insanları ölkəyə buraxmaq olmaz. Üstəlik, hər kəs bilir ki, digər dövlətlərin sərhədçiləri təyyarəyə minən insanları koronavirusa qarşı yoxlamır. Eyni şəkildə, onları sərhəddə, aeroportlarda da ləngitmək olmaz, çünki bu yoluxmaya şərait yaradır. Məhz buna görə Azərbaycan höküməti lap əvvəldən hamını təcrid edib və müvafiq infrastruktur hazırlayıb.
Bu yaxınlarda isə ölkə prezidenti İlham Əliyev və xanımı “Yeni klinika” adlı tibb müəssisəsinin açılışında olublar. Klinika 575 çarpayılıqdır və burada 1500-dən çox həkim və tibb personalı çalışacaq. Hələlik bu klinika yalnız koronavirusa yoluxmuş insanlar üçün çalışacaq.
Nəqliyyat seqmentindəki vəziyyət də maraqlıdır. Bakıda metro stansiyaları arasında xüsusi avtobuslar hərəkət edir. Metropolitenin özü isə müəyyən saatlarda çalışır: səhər 07:00-dan 09:00-a, axşam 17:00-dan 20:00-dək (martın 31-dən metropolitenin fəaliyyəti tam dayandırılıb – Ovqat.com). Ölkədə şəhərlərarası sərnişin daşımaları da qadağan edilib. Xüsusi təyinatlı avtomobillər istisna olmaqla Bakı, Sumqayıt və Abşeron ərazisinə giriş-çıxış məhdudlaşdırılıb.
Daha bir maraqlı məqam: Azərbaycanda hələ koronavirusdan əvvəl digər bölgələrdən olan avtomobillərin iri şəhərlərə girişi məhdudlaşdırılırdı. Məsələn, sənaye şəhəri olan Sumqayıtdan Bakıya xüsusi buraxılış olmadan girməyə icazə verilmirdi. Bu, çox şeydən xəbər verir. Birincisi,milli iqtisadi resurslar bölgələr üzrə səmərəli bölüşdürülür, ikincisi isə təhlükəsizliyə doğru yanaşma nümayiş etdirilir.
Bu da son deyil. Azərbaycan rəhbərliyinin ölkənin ərzaq təminatınıntəşkili istiqamətindəki fəaliyyətini də qeyd etmək lazımdır. Məsələn, bütün ərzaq mağazalarında çörək-bulka, qənnadı və un məmulatları, həmçinin qablaşdırılmamış satılan, digər termik emaldan keçirilməmiş ərzaq məhsulları şüşə vitrinlərin arxasında saxlanılır. Nəsə almaq istəyirsənsə, satıcını çağır, almaq istədiyin malı göstər. Heç kəs heç nəyə əllə toxunmur.
Bundan başqa, yaşı 60-dan yuxarı olan, yüksək risk qrupuna aid tənha insanların qeydiyyata alınması üçün xüsusi imkanlar yaradılıb. Onların hamısı xüsusi çağrı mərkəzinə zəng edərək tək olduqları haqda məlumat verə və ya onlayn şəkildə qeydiyyatdan keçə bilir. Artıq belə sosial müdafiəyə və yardıma ehtiyyacı olan 1408 insan müəyyənləşdirilib. Bu köməyi dövlət və Heydər Əliyev Fondunun dəstəklədiyi könüllülər hərəkatı göstərir. Risk qrupuna aid bu insanlar mütləq ərzaq və digər lazım olanlarla təmin edilir. Məhsullar onlara pulsuz çatdırılır. Onların haqqını dövlət ödəyir.
Hazırda bütün Azərbaycan karantindədir.İnsanlar parklarda gəzmir, kabab bişirmək üçün təbiətə çıxmır, ibadət yerlərinə getməməyə çalışır. Ən əsası isə bütün bunlar sivil şəkildə baş verir, çünki ölkədə təşviş yoxdur. Burada dövlət institutlarına etibar var. Vətəndaşlar darda buraxılmayacaqlarını, onlarla insan kimi rəftar olunacağını anlayırlar…
Aleksandr Demçenko,
Ukrayna
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar