Xəbər lenti


Son 24 saatda dünyada 6 min 69 nəfər koronavirusdan ölüb, 90 mindən artıq yeni yoluxma faktı aşkarlanıb.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, son “artım”larla koronavirus qurbanlarının ümumi sayı 203 min 164-ə yüksəlib, yoluxanların sayı isə 3 milyona yaxınlaşıb.
 
ABŞ
 
Dünən də dünyada koronavirusdan ən çox zərər görən ölkə ABŞ olub. ABŞ-da gün ərzində epidemiyadan ölənlərin sayı 2 mini, yeni yoluxanların sayı isə 35 min keçib. Ümumilikdə ABŞ-da koronavirusdan 54 min 256 nəfər ölüb, 960 min 651 insan bu infeksiyaya yoluxub. Hazırda ABŞ xəstəxanalarında müalicə olunan 15 min 110 xəstənin vəziyyəti isə ağırdır.
 
İngiltərə
 
Ötən gün koronavirusun ən çox “at oynatdığı” ikinci ölkə isə İngiltərə olub. Ölkədə gün ərzində koronavirusa 813 nəfər qurban gedib, 5 minə yaxın insanda isə yeni yoluxma halı aşkarlanıb. İngiltərə koronavirusdan ölüm sayında 20 mini aşan 5-ci ölkə ünvanını “qazanıb”. Dünən qeydə alınan ölüm və yoluxma faktlarıyıla ölkədə qurbanların sayı 20 min 319-a, xəstə sayı isə 148 min 377-ə yüksəlib.
 
İtaliya
 
Ölüm sayına görə ötən günün üçüncülüyünə İtaliya yüksəlib. Ölkədə gün ərzində 415 ölüm (koronavirusdan), 2 min 357 yeni yoluxma halı aşkarlanıb. Beləcə, İtaliya indiyədək 26 min 384 vətəndaşını koronavirusa qurban verib, 195 min 351 nəfərdə isə yoluxma faktı aşkarlanıb. 
 
İspaniya
 
İspaniya da koronavirusa ən çox uduzan ilk beşliyə düşüb. Dünən bu ölkədə 378 koronavirus xəstəsi dünyasını dəyişib, təxminən 4 min yeni yoluxma faktı aşkarlanıb. İndiyədək bu ölkədə 22 min 902 nəfər koronavirusdan ölüb, xəstəliyə tutulanların sayı isə 224 minə yaxınlaşıb.
 
Fransa 
 
Gün ərzində Fransada 369 nəfər koronavirusdan ölüb, 1660 yeni yoluxma halı təsbit olunub. Ümumi ölüm sayında bu ölkə İtaliyaya yaxınlaşıb  - 22 min 614.
Ümumi yoluxma sayında isə hardasa 30 min fərqlə geridədir – 161 min 488.
 
*** 
Azərbaycanda isə vəziyyət müqayisə olunmayacaq dərəcədə müsbətdir.






Ana səhifəyə qayıt        Baxış: 2 866          Tarix: 26-04-2020, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma