Xəbər lenti


 
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətini bu ayın sonuna qədər uzatdı. Bir çoxlarımız səbrsizliklə iyunun 1-ni gözləyirik. Amma mümkündür ki, gələn ay da xəyal qırıqlığına uğrayaq. Hər halda tibb mütəxəssislərinin gəldiyi qənaət belə düşünməyə əsas verir.
 
Yəqin, bir çoxlarınız “bu da noxəbərliyindən geri qalmır” deyə, fikirlərimizə şəkk edəcək və bizi “xeyirsöyləməzlikdə” günahlandıracaqsınız. Təki siz deyən olsun. Amma qınağınızı bitirdikdən sonra səbrinizi basıb yazının davamını oxuyun. Ondan sonra yenə istəsəniz, ikinci dəfə Ovqat.com-u ağ yuyub qara sərərsiniz.
 
Hazırda dünyada 3 milyon 661 mindən çox insan koronavirusa yoluxub. 250 mindən çox insan isə bu səbəbdən ölüb. Koronavirus isə məşhur ifadə ilə desək, “yavaşımaq” bilmir. Hər gün gün onminlərlə insanın yoluxduğu,  minlərlə insanın isə öldüyü barədə məlumatlar alırıq.



 

İnsanlıq bütün ümidini korona-peyvəndin tapılmasına bağlayıb. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) son açıqlamasında bunun peşinə düşdüyünü bildirib. Təşkilatın məlumatına görə, hazırda dünyada Covid-19 əleyhinə 83 peyvənd üzərində çalışılır. ABŞ, İngiltərə, Çin və Avropada 8 potensial peyvəndin artıq təcrübədən keçirildiyi də gələn bilgilər arasındadır. Oksford Universiteti tərəfindən hazırlanan vaksinin isə iyun ayında ilkin nəticələri bəlli olacaq.
 
Amma ümidimizi bağladığımız peyvəndin baş tutub-tutmayacağına belə ümid azdır.  Dərd burasındadır ki, müxtəlif qurumlar tərəfindən hazırlanan peyvəndin nə dərəcədə işə yarayacağını müəyyənləşdirmək üçün bir il və ya ilyarım gözləməli olacağıq. Çünki onun yan təsirləri də istisna edimir. Yəni bizi koronavirusdan qoruyan  peyvəndimiz daha dəhşətli xəstəliyə də yol aça bilər


 
Üstəlik, koronavirusun mutasiya ehtimalı da var. Daha aydın desək, builki koronavirusa qarşı tapılan peyvəndin gələn il mutasiyaya uğramış koronavirusu zərərsizləşdirməyə gücü yetməyə bilər.
 
İndiyədək dünyada bir neçə dəfə kifayət qədər sınaqdan keçirilməmiş peyvəndlərin bir ildən sonra mənfi nəticələrinin ortaya çıxması da bu ehtimalı artırır. Eyni sürprizlə qarşılaşmamaq üçün koronavirus peyvəndlərinin də yekun nəticələrini gözləməyə ehtiyac var.
 
Problem bununla da bitmir. Koronavirus peyvəndinin ümumiyyətlə tapılmaması ehtimalı da var və bu ehtimal bir çox elm adamını ciddi şəkildə düşündürür. Çünki hazırda QİÇS , SARS, Lassa qızdırması və MERS kimi ölümcül xəstəliklərin də peyvəndi tapılmayıb. Covid-19 da nə onlardan artıqdır, nə də əskin. “Korona” da peyvəndsizlər siyahısına əlavə edilə bilər. 


 
Bəs bu vəziyyətdə nə etməliyik? 
 
Müxtəxəssislərin fikrincə, koronavirusla yaşamağa öyrəşməliyik. Bunun loru dilə tərcüməsi isə belədir: tədricən karantin tədbirlərini yumşaltsaq belə, özümüzü əvvəlki kimi sərbəst aparmamalı, maksimum dərəcədə sosial məsafəni qorumalı, yenidən tətbiq oluna biləcək məhdudiyyətlərə hər an hazır olmalı, bacardığımız qədər evdən çölə çıxmamalı, mənzilimizi iş ofisinə çevirməliyik.
 
Dünyanın tanınmış mütəxəssisləri də haqqında danışdığımız ən pis ehtimalı istisna etmirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səfiri və Londondakı İmperial Kollecinin qlobal sağlamlıq mütəxəssisi, professor David Nabarro da məsələyə pessimist yanaşanlardandır. Professor CNN-nə müsahibəsində deyib: "Hələ də peyvəndini tapa bilmədiyimiz viruslar var. Covid-19-un peyvəndi olacağına, yaxud effektivlik və təhlükəsizlik testlərindən keçə biləcəyinə əmin ola bilmərik. Bütün cəmiyyətlərin koronavirusdan davamlı bir təhlükə kimi qorunması və virusun içində olduğumuz müddətdə sosial həyat və iqtisadi fəaliyyətlərini davam edə biləcəyi bir mövqe tutması çox vacibdir".


David Nabarro


 
Peyvəndin hazırlanıb-hazırlanmamasına baxmayaraq, Covid-19-la yaşamağa çalışmağımızın tamamilə həyati əhəmiyyət kəsb etdiyinə inanan Nabarro hər kəsi yeni "sosial müqavilə" bağlamağa çağırır. Bu “müqaviləyə” əvvəlki kimi mehriban münasibətlərə son vermək, sosial məsafəni qorumaq, hökumətlərin gətirdiyi qadağalara əməl etmək və s. daxildir.
 
 
Ancaq elm adamları arasında peyvəndin tapılacağına əmin olanlar da var. Cünki yeni növ koronavirus QİÇS  və malyariya kimi bir çox xəstəliklərdən fərqli olaraq çox tez mutasiya etmir.
 
ABŞ Milli allergiya və yoluxucu xəstəliklər direktoru Antoni Fauci koronavirus peyvəndinin tapılacağına optimist yanaşanlardandır. Fəqət o belə, bunun 1.5 ildən tez ola biləcəyinə inanmır.
 

 

Dünyanın məşhur tibb akademiyalarından olan Baylor Tibb Kollecinə bağlı Milli Tropikal Tibb Məktəbinin dekanı Peter Hotez də həmkarının fikirlərini hardasa bölüşür. Hotezin fikrincə, indiyədək 18 aydan tez tapılmış peyvənd yoxdur və koronavirus peyvəndinin daha tez tapılması onu xeyli təəccübləndirər: “Bu, qeyri-mümkündür demirəm, sadəcə çox qeyri-adi bir uğur olar. Hər ehtimala qarşı A və B planı üzərində işləməliyik”.
 
Mütəxəssislər xatırladırlar ki, 1984-cü ildə ABŞ Sağlamlıq və Humanitar Xidmətlər naziri Marqaret Hekler Vaşinqtonda keçirdiyi mətbuat konfransında sonradan HİV adlandırılan bir virus kəşf etdiklərini, hətta onun peyvəndini də tapdıqlarını və indi təcrübədən keçirmə mərhələsində olduqlarını açıqlamışdı. O vaxtdan təxminən qırx il keçir, bu müddət ərzində QİÇS 32 milyon insanın həyatına son qoyub. Dünya isə hələ də Marqaret Heklerin vəd etdiyi peyvəndi gözləyir.


 
Bu 40 illik uğursuzluğun səbəbi isə HİV / QİÇS xəstəliyinin təbiətiylə bağlıdır. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Pol Offit onun səbəbini belə izah edir: " İnfluenza xəstəlikləri hər il öz xarakterlərini dəyişə bilər, ona görə də bu il təbii infeksiya və ya immunizasiya gələn il sizə təsir etməz. HİV də infeksiya zamanı bunu edir və mutasiya edərkən immunitet sistemimizi pozur."
 
Bəs ilk dəfə İngiltərə hökumətinin ortaya atdığı kollektiv immunitet nəzəriyyəsi necə, koronavirusla mübarizədə effketli ola bilərmi? 
 
Qeyd edək ki, bu nəzəriyyəyə görə, biz əgər infeksiyaya qarşı peyvənd tapa bilmiriksə, boş yerə onun yayılmasının qarşısını almağa çalışmamalıyıq. Əksinə, toplumun tezliklə bu virusa yoluxub immunitet qazanması ən doğru yoldur. Mülahizələrə görə əhalinin 60%-i hər hansı bir infeksiyaya yoluxduqdan sonra onun yayılma zinciri qırılır və pandemiya öz təsir gücünü itirir.


Pol Offit


 
Rota virusuna qarşı peyvəndi hazırlayanlardan olan Pol Offit kollektiv immunitetin bu səpkidə tətbiqini nəzəri olaraq mümkün saysa da, praktik olaraq məsləhət görmür. Mütəxəssis kollektiv immunitetin infeksiyanın özü ilə, peyvəndlə qazanılmasının tərəfdarıdır. Onun fikrincə, bununla belə, cəmiyyətin əksəriyyəti yoluxmayacağı təqdirdə də Covid-19-un potensial təhlükəsi aradan qalxmır: “Qızılca bunun ən gözəl nümunəsidir. Vaksinlər yayılmazdan əvvəl ildə 2 ilə 3 milyon insan bu xəstəliyə yoluxurdu. Eyni vəziyyət indi Covid-19-da yaşanır ”.


 
Bir sözlə, tibb alimləri arasında ən optimist düşünənlər belə, koronavirus peyvəndinin kəşfi üçün ən azı ilyarım gözləməli olacağımızı proqnozlaşdırırlar. Biz onun çarəsini tapanda isə koronavirus mutasiyaya uğrayaraq yeni cilddə qarşımıza çıxa bilər. Odur ki, koronavirusla mübarizənin ən yaxşı yolu onu ümumi evimiz olan dünyanın yeni sakini qəbul edib, birgə yaşamaq qaydalarına alışmalıyıq. Biz ona toxunmadıqca, onun da bizə toxunmayacağını unutmadan yeni həyat tərzinə keçməliyik. Mütəxəssislərin də fikrindən göründüyü kimi, ən azı ilyarım deyəsən belə olacaq və hökumətlər insan oğlunu yeni şərtlər altında ömür sürməyə məcbur edəcəklər.
 
Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 146          Tarix: 4-05-2020, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma