Xəbər lenti
 
 
Dünyanın koronavirus pandemiyasının qismən səngidiyinə sevinməsi uzun sürmədi. Dünən əksər ölkələrdə həm yoluxma, həm də ölüm hallarında yenidən artım müşahidə olunub.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, ötən gün ərzində dünya üzrə 88 min 220 yoluxma, 5 min 314 ölüm hadisəsi aşkarlanıb.
 


Ümumilikdə indiyədək koronavirusa yoluxanların sayı 4 milyon 429 min 883-ə, ölənlərin sayı isə 298 min 174-ə yüksəlib.
 
Mütəxəssislər ölüm və yoluxma faktlarındakı artımları koronavirusla mübarizə çərçivəsində tətbiq olunan karantin rejimlərinin yumşaldılmasıyla əlaqələndirirlər. Necə ki, ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci də dünən mətbuata verdiyi açıqlamasında koronavirus təhlükəsinin davam etdiyini və karantin tədbirlərinin dərhal yumşaldılmasının yenidən ciddi problemlərə yol açacağını bildirmişdi. Dünənki artımlar Faucinin  haqsız olmadığını göstərir.
 
ABŞ
 
Dünyanın koronavirusdan ən çox əziyyət çəkən ölkəsi ABŞ dünən də yoluxma və ölüm hallarında hər kəsi geridə qoymağı bacarıb. Gün ərzində bu ölkədə 21 min 712 nəfər koronavirusa yoluxub, 1772 nəfər isə dünyasını dəyişib. Dünənki artımlarla ABŞ-da indiyədək ölənlərin sayı 85 min 197-yə, yoluxanların sayı isə 1 milyon 430 min 348-ə yüksəlib. 
 
ABŞ mütəxəssisləri  gələn ayın ortalarına qədər koronavirus qurbanlarının 100 mini keçəcəyini təxmin edirlər. Koronavirusa qarşı peyvəndin tapılmayacağı təqdirdə bir ildən çox davam edəcəyi düşünülən pandemiya nəticəsində ABŞ-da ölümlərin sayının milyonlarla ifadə olunan rəqəmlərə çatacağını proqnozlaşdıranlar da var.
 
İspaniya
 
Ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri tutan İspaniyada isə dünən qismi səngimə müşahidə olunub. Ölkədə 1 575 yeni yoluxma və 184 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə indiyədək koronavirus qurbanlarının sayı 27 min 104-ə, yoluxanların sayı isə 271 min 095-ə yüksəlib.
 
İtaliya
 
Ötən ay dünyada ən çox “korona”-ölümlərinin və yoluxmaların baş verdiyi İtaliyada  vəziyyət qismən nəzarət altına alınıb. Bununla belə, İtaliya gündəlik ölüm sayında dünən də İspaniyanı geridə qoyub. Dünən 195 nəfərin “korona”ya qurban getdiyi ölkədə yeni yoluxma faktı isə xeyli aşağıdır – 888. İndiyədək bu ölkədə 31 min 106 nəfər dünyasını dəyişib. Bu isə ölüm sayında dünya 3-cüsü olan İtaliyanın digər ölkələrlə müqayisədə “əsrin vəbası” qarşında daha zəif olduğunu təsdiqləyir. Təsəvvür edin ki, indiyədək 222 min 104 nəfərin koronavirusa yoluxduğu İtaliya bu sahədə Rusiyadan (242 min 271) xeyli geridədir, amma ölüm sayında müqayisəedilməz üstünlük   İtaliyanın “aktivində”dir:
İtaliya – 31 min 106 ölüm,
Rusiya – 2 min 212 ölüm.  
 
Rusiya 
 
Gündəlik yoluxma faktına görə Rusiya yenə 3 ölkədən biri olub. O, gündəlik 10 min 028 yoluxma faktı ilə sadəcə ABŞ-dan və Braziliyadan geri qalıb. Ümumi yoluxma sayında da o, dünya üçüncüsüdür – 242 min 271 nəfər. Rusiyada dünən 96 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə bu ölkədə “əsrin vəbası”na qurban gedənləri sayı isə, yuxarıda da qeyd etdiyimiz kimi, 2 min  212 nəfərdir.

Braziliya
 
Dünya üzrə gündəlik yoluxma sayında ikinci yerə Braziliya çıxıb. Dünən Braziliyada 11 min 555 yeni yoluxma faktı qeydə alınıb. Gündəlik ölüm sayına görə də bu ölkə günün 2-cisi olub – 754 ölüm. İndiyədək Braziliyada yoluxanların sayı 189 min 157-yə, ölənlərin sayı isə 13 min 158-ə yüksəlib. 
 
Ölkədə koronavirus yayılması gec başlamasına rəğmən, özünün pik nöqtəsinə çatıb. Mütəxəssislər bu artımların davam edəcəyindən narahatdırlar.
 
Böyük Britaniya
 
Ümumi ölüm sayında ikinciliyini hələ də heç kimə buraxmayan Böyük Britaniyada dünən 494 nəfər koronavirus qurbanı olub, 3 min 242 yeni yoluxma halı aşkarlanıb. Ümumilikdə ölkədə 33 min 186 insan koronavirusa qurban gedib ki, bu da ABŞ-dan sonra ikinci ən böyük göstəricidir. Böyük Britaniya ümumi yoluxma sayında isə Rusiya və İspaniyadan xeyli geridədir. İndiyədək ölkədə 229 min 705 nəfər koronavirusa yoluxub.
 
Dünən koronavirusa ən çox qurban verən ilk onluq:




Ana səhifəyə qayıt        Baxış: 3 113          Tarix: 14-05-2020, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma