Xəbər lenti


 
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə indiki vəzifəsinə təyin edilib. Bu o zaman idi ki, bir neçə ay əvvəl ölkə başçısının Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan olunmuş və irili-xırdalı bütün məmurların öhdəsinə ölkə sənayesini inkişaf etdirmək vəzifəsi qoyulmuşdu. 12 mart 2014-cü ildə İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncama nəzər salsaq bu həqiqəti tam aydın görə bilərik. 
 

 
Sərəncamda deyilir: “Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında 2014-cü ildə aidiyyatı qurumlar tərəfindən görüləcək işlər müəyyən edilmişdir”.
 
Ölkə başçısı Alimpaşa Məmmədovu icra başçısı təyin edəndə, yəqin ki, ondan rayonda “Sənaye potensialının gücləndirilməsi”ni gözəyirdi. Bəs o, bu gözləntini necə doğruldub?


 
Cavaba keçməmişdən əvvəl kiçik bir haşiyə
 
Məlum olduğu kimi, Azərbaycanın ən keyfiyyətli üzümçülük rayonu olan Şəmkirin bu potensialı ötən hələ 19-cu əsrdən alman şərab sənayeçilərinin də diqqətini cəlb edib. Həmin əsrin ortalarında Şəmkirə köçən bir çox alman ailələri bu rayonda şərabçılığın əsasını qoyurlar. 200 ilə yaxındır davam edən bu ənənə sayəsində Şəmkir vaxtilə ölkənin ən iri şərabçılıq rayonlarından birinə çevrilib. Sovet hökuməti dövründə rayonun ən böyük şərabçılıq müəssisələrindən biri də Şəmkir  Şampan Zavodu olub.
 
Alimpaşa Məmmədov icra başçısı təyin olunmayanadək yerli rəhbərlik Şampan zavodunun inkişafı üçün bir sıra addımlar atıb. Əldə etdiyimiz sənədlərə əsasən, zavodun xammal ehtiyaclarını ödəmək üçün 500 hektardan çox torpaq sahəsi ayrılıb. Plana görə, həmin torpaq sahələrində becərilməsi nəzərdə tutulan üzüm Şampan zavodunda emal olunmalı, məhsullar yerli bazarla yanaşı, Rusiya kimi xarici ölkələrə ixrac olunacaqdı. Nəticədə rayonda üzüm bağlarından tutmuş Şampan Zavoduna qədər müxtəlif müəssisələrdə yüzlərlə insan işləyəcək, Şəmkirin rifah halı yüksələcək, Azərbaycana xeyli xarici valyuta gələcək, dövlət büdcəsi yeni maliyyə qaynağı ortaya çıxacaq və s. və ilaxır. Bunlar 2005-2006-cı illərdə həmin torpaq sahələrini Şampan Zavoduna verən köhnə rəhbərliyin xülyası idi. Amma atalar demişkən, sən saydığını say, gör, 2014-cü ildə rayona başçı təyin olunan Alimpaşa müəllim nə sayır?




Alimpaşanın "saydıqları"
 
Şəmkir Şampan Zovadu ASC-nin Müşahidə Şurasının sədri Hafiz İbrahimovun Ovqat.com-a verdiyi məlumata görə, Alimpaşa Məmmədov icra başçısı təyin olunandan sonra isə ilk işə həmin sahələri başqalarına satmaqla başlayıb.
 
Maraqlıdır ki, ərazilər həyətyanı torpaq sahəsi kimi satılıb. Halbuki, sənədlərdə həmin sahələrin kənd təsərrüfatının inkişafı şərtilə Şampan Zavoduna verildiyi açıq şəkildə yazılıb. 
 
İddialara inansaq, Şampan Zavoduna aid olan torpaq sahələri yerləşdikləri məkanlara görə müxtəlif qiymətə hərraca çıxarılıb. Rayon mərkəzinə yaxın ərazilərdə bir hektar ərazi 10 min manata satıldığı halda, ucqarlara getdikcə qiymətlər 30 min manata qədər enir


 
Ən təəccüblü isə odur ki, satılan ərazilər rəsmi sənədlərdə indiyədək Şampan Zavodunun balansındadır. Zavod həmin yerləri 50 illiyinə arendaya götürüb və bunun haqqını ödəyib. Hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Şəmkir Şampan zavoduna məxsus mülkiyyət kimi göstərilən torpaq sahələrinin satılarkən necə sənədləşdirildiyi isə maraq doğurur. Belə çıxır ki, eyni ərazinin iki sənədi var: biri Bakıda Əmlak Məsələri Dövlət Komitəsində, biri Şəmkirdə İcra Hakimiyyətində. (Qeyd edək ki, bir yerin iki sahibi problemi təkcə Şəmkir Şampan Zavodunun başına gətirilən “Alimpaşa oyunu” deyil. Rayonun əksər iş adamları məhz bu səbəbdən bir-birinə düşmən kəsiliblər. Bu barədə əldə etdiyimiz faktları tədricən yaylımlayacağıq).
 
İndisə həmin ərazilərin Şəmkir Şampan Zavoduna aid olduğunu göstərən və hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olan sənədləri yayılmayırıq. Ümidvarıq ki, Şəmkir İcra Hakimiyyəti də həyətyanı torpaq sahəsi kimi satdığı, hazırda üzərində evlər, villalar tikilən ərazilərin onlarda olan sənədlərini paylaşacaq və müvafiq orqanlar “iki adaxlılı qızın” əslində kimə aid  olduğuna aydınlıq gətirəcək.
 
Ovqat.com


 
 


Ana səhifəyə qayıt        Baxış: 4 423          Tarix: 30-06-2020, 10:39      


Paylaş:   

Ən çox oxunanlar